Aktyor Ziya Ağanın OLAY-a müsahibəsi:
- Ziya bəy, ötən aylarda AzDrama-dan ayrıldınız. Səbəbi nə idi?
- İşdən çıxmağımın səbəbi yeni rəhbərliklə bağlı idi, onların öz qayda-qanunları var, hansı ki, mən də dəstəkləyirəm. İki yeməyi yemək olar, amma bir əllə. İki əllə iki yeməyi yemək bir az düzgün deyil. Adamın beyni də qarışır. O heç vaxt uğurlu, ləzzətli yemək süfrəsinə çevrilə bilməz. Mən də serial çəkilişlərində idim, maneə olmamaq üçün teatrdan getdim. Çıxanda heç vaxt düşünmürdüm ki, nə isə düzgün eləmirəm. Məncə, çox düzgün addım atmışam. AzTV-dən çıxanda da söyləmişdim ki, azadlıq imtina etdiyin andan başlayır. Yəni, bəli, AzDrama-da işləyirsən - daha yüksək maaş, böyük səhnə, böyük rollar. Amma mən, ən az özüm özümə sübut etdim ki, heç nəyin, heç kimin əsiri deyiləm. Mənim üçün ən vacib məsələ bu idi.
- Yenidən təklif nə vaxt gəldi?
- Aprelin 1-i çağırdılar, rəhbərlik dedi ki, yeni işlərimiz olacaq. Əgər sən də istəsən, işləmək istəyərik. Böyük məmuniyyətlə dedim ki, canla-başla. Aprelin 2-dən sonra işə başladım. AzDrama-dan çıxmışdım, “YUĞ” dövlət teatrında işləyirdim. AzDrama-dan çıxmamışdan qabaq, birinci iş yerim AzDrama idi, ikinci iş yerim “YUĞ” idi. Yenidən qayıdandan sonra “YUĞ” ikincidərəcəli iş yeri kimi qalır, hətta “M.Teatr”da da işləyirəm. Hazırda rəsmi olaraq, aktyor kimi iki dövlət teatrında, bir özəl teatrda çalışıram.
- Səhv etmirəmsə, AzDrama-dan ayrılmamışdan öncə “Sənsiz” tamaşasında idiniz. Sonradan siz çıxdınız deyə, obraz başqasına həvalə edildi...
- “Sənsiz” tamaşasının əmri verilmişdi, bir neçə gün sonra “Əsrə bərabər gün” tamaşasının əmri veriləcəkdi, “Dantenin yubileyi” tamaşasının da əmri veriləcəkdi. Orada qalıb insanlara mane olmaqdansa, çıxıb onların işlərinin daha önə çıxmasına şərait yaratmaq lazım idi. Məsələn: Nihad (Nihad Qulamzadə - red.) istedadlı rejissordur, həmçinin bədii rəhbərimiz Mehriban xanım da (Mehriban Ələkbərzadə - red.). Artıq onun haqqında rejissor kimi bir şey deməyi mənasız hesab edirəm. Çünki özünü təsdiqləmiş bir rejissordur. Həmçinin “Dantenin yubileyi”nə quruluş verən Əfşar bəy də. Orada qalıb onlara mane olmaqdansa, mehribanlıqla, qucaqlaşaraq, sevinərək, müsbət enerjilərlə oradan getmək daha müstəhəbdir. Bu faciə deyil, dünya dağılmır ki? Əgər mən bir insan olaraq, hansısa bir nəsnədən asılıyamsa, bu artıq uduzmaqdır. Fərq etməz, o nədir. O şeydən asılısansa, bu artıq uduzmaqdır. Bir tədbirdə idim, orada çox yaxşı bir cümlə işləndi. Adətən, belə bir viral olmuş sual var axı. “Adaya tək düşsəydin, özünlə nə aparardın?”. Hərə bir şey deyir. Həmin o oxuduğu kitabdakı bir qəhrəman isə deyir ki, yalnız özünə güvəni, inamı aparmaq lazımdır. Özünə güvəni aparmasan, nəsnələri, başqa şeyi aparsan, sonra nə olacaq? Amma özünə güvəni aparsan, sən orada yeni bir yaşadığın şəhər, rayon, kənd, qəsəbə, ev yaradacaqsan.
- Belə başa düşdüm ki, AzDrama-dan, ölkənin əsas səhnəsindən ayrı qalmaq sizin öz güvəninizi daha da artırıb.
- Özümü bir daha daha tərbiyələndirdim ki, nədənsə imtina etmək mümkündür. Əgər bu gün yenə oradayamsa, deməli, az da olsa, lazımlı aktyoram. Demirəm ki, yaxşı aktyoram. Sadəcə, getmək olar. Get bir dincəl, qayıdarsan. Niyə oradan yapışmaq lazımdır ki? Bu varsa əlimdə, qoy bunu itirməyim. Nəyisə bacara bildiyini düşünürsən, ancaq getmirsən, imtina etmirsən, ancaq “hə” deyirsən. Niyə? Çünki qorxursan. Ürəyin bu rolu oynamaq istəmir, amma işdən çıxmamaq üçün onu etməyə razılaşırsan. Niyə ki? Qorxursan, işdən çıxararlar? Əgər sən yaxşısansa, kiməsə lazımsansa, səni niyə işdən çıxarsınlar ki? Özünü niyə aldadırsan ki bu qədər? Özünü o vəziyyətə sal ki, sübut edəsən ki, sən nə qədər lazımlısan. Sən bu dünyada ümumiyyətlə nə qədər sevilirsən? Bilirsiniz, nəyə oxşayır bu? İki nəfər bir yerdə yaşayan insan görürsən. Artıq hər şey bitib. Və içlərində yalnız bir şübhələr var- “Bu yüz faiz məni sevmir”. O birisi də düşünür ki, bu məni sevmir, aldadır. Bunu niyə düşünürsən ki? Bu sənə nə verir? Nədən qorxursan ki? Uzaqlaş, həqiqətən ortada bir sevgi varsa, yenidən birləşəcəksiniz. Siz kimsiniz ki? Amma biz bəzən nə edirik? Zorlayırıq, saxlayırıq, özümüzü aldadırıq, üzləşməyə qorxuruq. Halbuki həyat belədir, bundan qaçmaq lazım deyil, hətta bunun üzərinə iki dəfə də artıq sürətlə getmək lazımdır.
- Bir dəfə müsahibələrinizin birində demişdiniz ki, kinodan çox, özünüzü teatrda daha yaxşı hiss edirsiniz. Bu fikriniz dəyişib, yoxsa hələ də eyni düşüncədəsiniz?
- Hələ ki bu fikirdəyəm. Sabah elə bir rejissorla, ssenariylə, elə bir meydançada ola bilərəm ki, deyərəm, kinoda özümü daha yaxşı, xoşbəxt hiss edirəm. İndi belə bir şey yoxdur. Dəqiqə-dəqiqə oynamaqla insan rolundan zövq ala bilməz. Kino daha çox riyaziyyat üzərində qurulub. Mənə görə, kinonu rejissor sevməli, zövq almalıdır. Çünki bir şey yaradır, nəticədə o öz yaratdığına baxır. Həm də nə yaratdığını bilir, onun ləzzətini tutur. Aktyor isə icra ilə məşğuldur. Heç vaxt öz problemini ora qoya bilmir. Amma teatrda fərqlidir.
Biz indi də oynayırıq. Mən də oynayıram, siz də. Bizim hazırkı təsvir rejissorumuz da oynayır. Amma necə? Beynimizdə davamlı fikirləşirik, qururuq. Həyatdan qorxmadan oynayırıq. Özümüzü maskalayırıq. Kinoda, teatrda bir dialoqa girəndə belə ssenariyə uyğunlaşmalıyıq. Ssenaridə heç bir şey sənin həyatınla, evindəki problemlərlə bağlı deyil. Üç dəqiqəlik bir kino səhnəsində qopursan. Peşəkarsansa, mümkün deyil öz problemlərini fikirləşəsən. Çox çətin bir şeydir, insanlar bunun üçün meditasiya edir. Bizim peşəmiz elədir ki, ona ehtiyac yoxdur. Ona görə “YUĞ”un rəhbəri Vaqif İbrahimoğlu bu teatrı yaradıb. Bu, meditasiyadır, ruhsal sağalmadır. Bunu mən kinoda üç dəqiqə yaşadım. Teatrda peşəkar adam bir saat oynayır, mümkün deyil ki, başqa nəsə düşünsün. Bu o qədər gözəl bir şeydir ki... Bir saat sonra qayıdanda bütün problemlərini sevməyə başlayırsan.
- Adi tamaşada aktyorlar baxır, amma görmür. Mən bir neçə dəfə sizin tamaşanızda elə bilmişəm ki, mənə baxırsınız. Əslində, orada obrazdasınız...
- Bu, tamaşanın quruluşundan asılıdır. Məsələn, “Nəsimi”, “Mənəm mən” tamaşasında bizdə dördüncü divar yoxdur. Mən orada sizə baxanda, görmüşəm ki, buradadır. Pərviz bəy oturub, mən də onu görürəm, baxıram, o da mənə baxır. Hətta mən müəyyən hisslərimi bölüşmək istəyirəm. Heç vaxt bunu bada vermirik. AzDrama-da “İsgəndərə yeni namə”də kiçik bir monoloq var idi. Mehriban Ələkbərzadə dedi ki, tamaşaçılara o söhbəti ünvanla, dördüncü divarı götür. Birbaşa onlarla söhbət et. Digər hissədə dördüncü divar var. Bu, daha çox quruluşdan asılır. Amma hər iki halda da Nəsimini oynayanda tamaşaçını tamaşaçı kimi qəbul etmirəm. Onlara dərd ortağım, məni dinləyən kimi baxıram. Onlara bu hadisəni danışıram. Çünki bunu tamaşaçıya göstərirəm. Biri var, 4-cü divarla sadəcə qapanıb bura fokuslanım. B iri də var, deyirəm, gör, nə etmişəm? Bunu etməsəydim, necə olardı? Onu etsəydim, necə yaxşı olardı. 4-cü divar varsa, var, yoxdursa, yoxdur.
- “Alatava” serialı ilə bağlı müzakirələr getdi. Xalq artistləri Rasim Balayev və Əli Nur ekran işini tənqid etdi. Siz serialı izləmisiniz? Deyilənlərlə bağlı nə düşünürsünüz?
- Baxdım, çox da maraqlı işdir. Kino da bir nəsnədir, onun da xətrinə dəyməyim. Bizim kinomuz o qədər xəstə haldadır... Müəyyən problemləri olan, əqli inkişafdan geri qalan bir sahədir. Yutubda “Cibgirin xatirə dəftəri” var. Orada heç bir peşədən söhbət gedə bilməz. Peşə adında heç nə yoxdur. İnanın, mənim üçün o qədər xoşdur ki. Sumqayıtda yaşayan 5-6 nəfər yığışır, kino çəkirlər. Sonra onu Rəfin (Kinozavr) müzakirə edir. Bunun özü artıq kinoya xidmətdir. İstər bilərəkdən, istər bilməyərəkdən. Ola bilər ki, kimsə peşə qayda-qanunlarına riayət edə bilmir. Biri etmək istəmir. Ümumiyyətlə, bu həyatda mütləq həqiqət deyilən şey yoxdur. Biz bilə bilmərik ki, əsl sənət nədir? Əgər bir şeylər görülürsə, çəkilirsə... O yeyilən filmlərdən, bizim kinomuzu güllələyən, əqli inkişafdan saxlayan, xəstəliklər, bakteriyalar ötürən adamların gördüyü işlərdən danışmıram. Amma şirin və müsbət mənada yeyinti olar. Məsələn, bir prodüser daha çox pul qazanmaq istəyər. Haqqıdır, pis şey istəmir ki. Burada insan nə qədər çox pul qazana bilər ki? Bu sferada nə qədər böyük pul var ki? Amma kimsə gedib bir işdən sonra özünə böyük bir məbləğdə nəsə alırsa, orada başqa şey var. Deməli, tək oradan qazanmayıb.
Lakin insanlar iş görürlər. İstər Emilgil (red. – rejissor Emil Quliyev), istər Əlixangil (red. – aktyor Əlixan Rəcəbov), istər Talehgil (red. – aktyor Taleh Yüzbəyov) olsun, istər Orxangil (red. – rejissor Orxan Mərdan). Kiməsə desən ki, get, bu termos işində yaxşı pul var, deyəcək, necə yəni? Axı, Azərbaycanda heç kim termos işlətmir. Zorla da desən, deyəcək ki, dəlisən, mən o pulu ora buraxa bilmərəm, həyatımı niyə məhv edim? Qazanc, gəlir yoxdur. Və dəqiq bilirsən ki, ona baxan yoxdur. İstəyirsən, materialı qızıldan olsun, alan yoxdur. Termosu niyə qızıldan alsınlar ki? Azərbaycanda yetərincə imkanlı adamlar var. Niyə termosu qızıldan etmirlər? Satışa buraxsınlar, pullu adamlar var, alacaq. İstəmirlər axı. Çünki lazımsız bir şeydir. Amma hansısa bir xüsusi adam, 10 dəqiqədən bir su içməlidir. Gedib, pulu varsa, qızıldan alacaq ki, mənim üçün çox dəyərlidir. Kino da, teatr da belə bir şeydir. Heç bir gəliri olmayan bir sahədəyik. İnsanlar bir iş görür, kənardan cəmiyyətin dediyi hər bir şeyə qatılıram. Cəmiyyət nə deyirsə, düz deyir. Dünyanın ən pis işini görün. Əgər həqiqətən müsbət sidq ürəklə bu işi görürsünüzsə, insanlar sizi çox istəyəcəklər. Heç vaxt nifrət etməyəcəklər, haqqınızda pis şeylər danışmayacaqlar. Qaldı ki, hələ bu sferada eyni xəstəxanada olan, eyni palatada yatan adamlar bir-biriləriylə dalaşırlar ki, sən pis iş görürsən. O, deyir, sən məndən də pis iş görürsən. Bu deyir, sən lap pis iş görürsən. Mənə kənardan baxanda belə şeylər gülməli gəlir. Bu suala cavab verməyimə görə peşman deyiləm, amma həm də o qədər vaxt itkisi hesab edirəm, belə şeylər mənə mahiyyətsiz gəlir. Orada pis nəsə var. Niyə? Sənə kimin nə pisliyi dəyir ki? Mən heç vaxt demərəm ki, bu adam yaxşı aktyor deyil. Bu yaxşı aktyor deyil, nə deməkdir? Haradadı ona sübut?
50 il qabaq “Xaç atası”nda Marlon Brando yeni dövrün kinosuna uyğun stildə oynayırdı. Müəyyən baxışları var idi. Həmin Marlon Bando ondan 20 il qabaq Hollivudun ən məşhur filmlərində dünyanın ən məşhur aktyorlarından biri kimi musiqi ilə kameraya tərəf gedib, ulduz olub, “Oskar” da alıb. Üstündən 15-20 keçir, gəlir “Xaç atası”nda da eyni mükafatı alır. Amma başqa bir oyun tərzi ilə. Həmin dövrdə soruşsaydın, bəlkə, deyərdi ki, o nədir, elə aktyor oynayar? 20 il sonra ondan soruşsan, deyərdi ki, biz nə ilə məşğul olmuşuq? Heç nə mütləq həqiqət deyil. İnsan belə istəyir, qoy, əcəb eləyir. Ona ləzzət eləyir. Əgər sən artıq buna görə narahatsansa, onda mənim o qədər suallarım yaranır ki, o adamlara qarşı. Əsas odur hamı kinoya xidmət etməlidir ki, xəstə kinomuzu sağaldaq.
“Yeşilçam”ın o gülməli filmləri olmasaydı, bu gün türklər bu qədər irəliləməzdi. Onlar bir-biriləriylə məzələnmirdilər, bir-birilərinə hörmət edirdilər. Tarık Akan “Yeşilçam”dan imtina edəndə, Cüneyt Arkın hələ də orada idi. Cüneyt Arkın ona görə çəkildi ki, onlar dost idilər. Belə götürək ki, biri “Komedixana”da idi, biri AzDrama-da. Bir-birilərinə kömək edirdilər. Bizdə kimsə AzDrama-da işləyirsə... Məsələn, demirəm belə bir şey eşitmişəm. Düşünürəm ki, bu, mütləq ki, var. “Gənc tamaşaçılar”da, və ya “Yuğ”da, fərqi yoxdu deyəcək, o, “Komedixana”da pis işlə məşğuldur, hər ikisi gözəl işlə məşğuldur. Əsas odur bir-birimizə pislik etməyək. Narazı olduğum bir məqam ola bilər. Hansısa işdə baxaram ki, mənə və ya başqa bir adama pislik eləyirlər. Pis niyyət var, o başqa məsələ... Yoxsa insandır da, işləyir, əcəb edir. O, onu seçib, halal xoşu olsun. Nə zaman ki, insan heç kimə nifrət etməməyə başlayır, onda işdə hər şey yaxşı gedir. Allah da səninlə məşğul olur, həyat da sənə doğru gəlməyə başlayır, sən də irəliləyirsən. Yoxsa ki, ancaq nifrət, o pisdir, bu pisdir, bu nədi çəkmisiniz? Bu nədir oynayırsınız? Bizim nə böyük sferamız var ki? Dünya haradadır, biz burada oturmuşuq, bir-birimizi pisləməklə məşğuluq. Bu sfera bizdən 1001 əsr qabaqdadır, sağlam kinoları var, hətta onların kinosu idmançıdır. Biz burada oturmuşuq, kinomuzun başını sığallamaq əvəzinə, şapalaq, təpik vururuq, dərmanını veririk, vaxtı vaxtında yeməyini vermirik.
- Bizdə niyə belədir? Niyə insanlara bir don biçilir. Məsələn, sən aktyorsansa, eyni zamanda müğənni ola bilməzsən. Yaxud, dediyiniz kimi, sən “Komedixana”dasansa, dramatik bir obrazda, layihədə rol ala bilməzsən.
- Çünki ölkəmizdə insanlarımızın, xüsusən də bu sferada olan tayfanın natamamlıq, özünütəsdiq kompleksi var. Məsələn, ən böyük arzularımdan biri də vokalla məşğul olmaq, pianoda ifa etməkdir. Mən bunu hobbi kimi yanaşmıram, peşəsini elmi dərəcədə öyrənmək istəyirəm. Niyə də etməyim? Vidadi müəllimin bir sözü var. Həmişə deyir ki, istedadlı Allah bəndəsi əlini hara atsa, hara getsə, orada istedadlı olacaq. Çox düşünmüşəm bu barədə. Olmazlar haradan çıxıb, kim yaradıb? Cek Nikolson desə ki, bala, sən düzgün işləmirsən, ona belə şübhə ilə yanaşacaq. Çünki yaş fərqimiz var. Onun düşündüyü kimi oynasam, onu düşündüyü kimi çəksəm, bu, öz yaşıma, öz düşüncəmə hörmətsizlik olar. Mən ondan məsləhət ala bilərəm. Amma heç vaxt düşünmərəm ki, o, mənə mütləq həqiqəti deyir. Çox sevdiyim aktyorlar var. Amma başqa yaşdayıq. Biz başqa mühitdə, düşüncədəyik. Nə edə bilərəm ki, məndən 10 il öncə olmusan? Lap mən dünyanın ən pis aktyoram, bu peşə ilə məşğul olmaq istəyirəm. Sevirəm.
- Bəlkə kimlərsə düşünürlər ki, onların yollarını kəsirsiniz?
- Hər bir uğursuz insan öz uğursuzluğunu hansısa uğurlu adamın boynuna atır. Sanki buna mane olan uğurlu adamdır. Niyə ki? Vallah, heç bir rejissor öz işinin pis olmağını istəmir. Məsələn, 70 yaşı var, zəif aktyordur. Bütün günü onu pisləyir. Niyə? Adamın 70 yaşı var, deyiblər ki, yaxşı aktyorsan inanıb. Allahdan çox bilirik? Biz bu həyatdan çox bilirik? Bu həyat milyonlarla milyardlarla bizim kimisini yola salır, bilmir kim harada necə, olmalıdır? Sevinmək əvəzinə pis oluruq.
- Bayaq təhsil, vokal təhsili, filan dediniz. Deyəsən, xaricdə təhsil almaq istəyirdiniz. Bir də ki, Ağdamda aktyorluq məktəbi kimi bir istəyiniz var. Bu istəyiniz hələ də qüvvədədir, yoxsa fikrinizi dəyişmisiniz?
- Xaricdə təhsil almaqla bağlı əvvəl düşünürdüm ki, buna mənim öz imkanım çatmaz. Mən o fikrə düşəndən aşağı-yuxarı, beş ilə yaxın vaxt keçib. Düşünürdüm ki, bu başqa cür baş verməlidir. Amma elə alındı ki, magistraturaya daxil olanda hətta Rusiya Federasiyasından pulsuz magistr təhsil təklifi gəldi. Sadəcə pandemiya düşdü və sonra müharibə dövrü başladı. Bu yaşda gedim mən bir də təhsil alım? Aktyorluqla bağlı artıq o düşüncədə deyiləm. Çünki hər şey vaxtında gözəldir. Digər məsələ isə Ağdamda, ümumiyyətlə Qarabağda aktyor məktəbi yaratmaq. Bəli, elə bir niyyətim var. Sadəcə son zamanlar kino sahəsini yaralayanlar... Hansı ki, bu daha çox məmurlara aiddir. Onların elədiklərini görəndə baxıram ki, ya onlarla müharibəyə girməlisən, bu, heç vaxt arzu olunan bir şey deyil. Ya da ki, ümumiyyətlə, onlardan ümidini kəsməlisən. Özümə inanıram. Hətta heç kimin inamına ehtiyacım yoxdur. Fərd olaraq düşünürəm ki, bütün insanlar da belə düşünməlidir ki, ki, mən səhər orada bir uşağı yetişdirəndə cəmiyyətə bəxş edəndə, o uşaq da mənim düşüncəmdən yaranacaq.
- Bəs özgüvəninizin sizə problem yaratdığı vaxtlar olur?
- Heç vaxt olmayıb. Özgüvən heç vaxt heç kimə ziyan verməz, insanı önə aparan bir şeydir. 3 yaşında uşaqdan tutmuş, 103 yaşındakı bir ahıl insana qədər... Amma bəzən özgüvənlə yekəbaşlıq, əyribaşlıq eyni tutulur. Tənqidlə təhqir bir deyil. Bəzən olur, problem yaranır. Amma insan özündən razı olmalıdır.
- Özündən razılığın altı doludursa, olar...
- O mənada razılıq yox. Mənim 10 dənə barmağım var. Yaxud da biri yoxdur, doqquzu var, mən bundan razı olmalıyam. Bu şükranlıqdır. Mən bu razılıqdan danışıram. Ayaqlarımı aralayım, danışım, bu özündən razılıq deyil, tərbiyəsizlikdir, əxlaqsızlıqdır. Məsələ bədənin insanın ruhuna verdiyi enerjidən gedir. Mən niyə oturum sizinlə belə danışım ki? Xoşunuza gələr belə otursam? Heç tamaşaçıların da xoşuna gəlməz. Bu tərbiyəsizlikdir, şəxsiyyətsizlikdir. Qarşındakının şəxsiyyətinə hörmət etməyən heç kimin şəxsiyyəti ola bilməz. Özündən razılıq başqa şeydir. İnsan özündən razı olmalıdır. Sən özündən razı, əmin olmalısan, inanmalısan. Hətta insanlar var, bədəninin demək olar yarısı yoxdur. Amma nələrə qadirdirlər. Nələr edə bilirlər.
- Deməli, elə adamlar var ki, tamaşa oynayırlar, pərdə bağlanır, amma amma yenə də obrazdan çıxmırlar. Bəs, Ziya Ağa öz rolunu oynayır, yoxsa o da özü üçün bir obraz yaradıb?
- Ziya olaraq səhnədə daha çox özüm ola bilirəm. Bütün çılpaqlığımla. Bu adama rahatlıq verir. Mən də ara əsəbiləşirəm axı. Arada məndə nifrət dərəcəsinə çata biləcək hisslər yaranır. Əslində, hamımız potensial qatilik. Sadəcə o şərait yaranmayıb. Bilmək olmaz kim necə qatildir. Mən çıxıram səhnəyə və şükür edirəm ki, həmişə elə rollar oynamışam ki, orada emosiyalarımın çox növlərini istifadə edə bilmişəm. Çıxıb hansısa bir tamaşada nifrət qusandan sonra, təbii ki, o bir tamaşadır, mən onu oynayıram. Tamaşa bitəndən sonra adam daha çox rahatlaşmalıdır. Əgər tamaşadan sonra rahatlaşa, təmizlənə bilmirsənsə, yəni o mənim üçün oynamaq deyil. Bizim peşəmiz o qədər alidir ki... Məsələn, evdə qardaşıma əsəbiləşmişəm. Axşam tamaşada bir səhnə var, dostumu elədiyi bir səhvə görə danlayıram, hətta bir şillə də vururam. Əlimdə görün nə qədər böyük bir şərait var ki, qardaşımı incitmədən, o hirsi canımdan çıxarıram. Çünki dünya əbədi deyil. Burada heç nəyə görə bir-birini incitməyə dəyməz. Amma tamaşa vaxtı mən onu edəndə, həm tamaşada, həm tamaşaçıda həqiqi hisslər yaranır, həm də ki, rahatlaşırsan, hər şey keçib, gedir. Səhnədə olmaq məni sağaldır. Düşüncəmi də, ruhumu da, ürəyimi də. Səhnə mənim üçün şəfa yeridir. Orada kimsə oynamağa başlayanda, onda əsəbiləşirəm. Həmin adamdan bir az baxa bilmirəm. Oynamağa başlayıram. O bilirsiniz, məni necə vuran bir şeydir? Aktyor başlayır səhnədə oynamağa. Bilirəm ki, yalandan edir, oynayır...
- Mənə elə gəlir ki, siz həmişə obrazdasınız. Amma bu obraz mənə mənfi heç nə vermir. Mən hər iki halda da Ziyanı çox istəyirəm. Bilirəm ki, Ziyanın öz sərhədləri var, bu sərhədlər daxilində özü üçün bir obraz qurub, mənə mənfi heç nə vermir. Dediniz ki, onu aktyorluğu məni vurur. Məni vurmur deyə, sizə heç bir reaksiya vermirəm.
- Mən niyə mənfi verməliyəm ki? Bunu özüm deyirəm. Hamımız mütləq ki, oynayırıq. Tam sərbəst olduğumuz məqamlar olur. Biz heç vaxt hamamda olduğumuz qədər hansısa bir iş yerinin koridorunda ola bilmərik. Ola bilən insanlar var. Amma hansı cəmiyyətdə, hansı iş yerində, hansı ölkədə? Bu çox vacib məsələdir. Mən də istəyərdim ki, Entoni Hopkins kimi TikTok-da gic-gic videolar çəkim, paylaşım. Dünyanın ən yaxşı aktyoru hesab edirəm mən o adamı. Bu cəmiyyətdə onu etsəniz, yolda biri gəlib başınızdan vurar ki, bir elə, görüm onu. Baxım sənə.
- Amma bu cəmiyyətdə onları çox sevirlər. O da var.
- Sevirlər, amma o sevgi telefondadır. Üzbəüz gələndə, çox rahatlıqla sənin kefini poza bilərlər. Sənin ruh halını, sənin həyatını dəyişdirəcək addımlar ata bilərlər. Azərbaycanda adamlar görmüşəm, çox istedadlı aktyordur. O cür istedadlı insanın, başqa bir cəmiyyətin nümayəndəsinin onunla məzələnməyini görmüşəm və onunla sonra söhbət etmişəm, demişəm, sən çox məşhursan. Mən məşhur deyiləm. Bu ölkədə səni tanımayan yoxdur. Bu yaşadığın nədir? Deyir, mən bunu çox yaşamışam. Çox da ciddiyə almadı. Amma gördüm, kefi pozuldu.
Təbii ki, hamı istəyər daha çox hörmətə layiq olsun. Amma burada çox incə məqam gəlir. İzzət, şəxsiyyət, xarakter, yoxsa pul, şan-şöhrət? Yaxşı bilirsiniz ki, mən ildə dörd dəfə layihəyə çağırırlar. İstər film, istər serial. Hamısına gedərəm. Həm daha çox pulum olar, daha tanınmış adam olaram, Azərbaycanın bütün verilişlərinə çıxa bilərəm. Telekanal rəhbərləri də dostumuzdur, tanışımızdır. Amma niyə, kimə, nəyə görə? Nə üçün? Əgər mən belə xoşbəxtəmsə, bu otaqda kamerayla, işıqla fikrimi rahat ifadə edə bilirəmsə… Sabah bilsəm ki, 10 milyonun hamısı üçün yox, bir milyon üçün həqiqətən bu sənət maraqlıdır, inanın mənə, mən o bildiyimi, Azərbaycanın ən ucuz düşüncəsi olan işində də iştirak eləyəcəyəm ki, eybi yox, qoy inkişaf eləsin. Amma elə deyil, özümüzü aldatmayaq. Heç olmasa, bir az xoşbəxt olaq, bir az nə isə qoruyub saxlayaq ki, inkişaf edəndən sonra, bir gün elə bir sistem yaranacaq ki, bu işlər inkişaf edəcək. Sadəcə bir yerə kimi. Bu ölkə necə ki, Şotlandiya var, Norveç var, heç birinin kinosu “wow” deyil. Ona görə ki balaca ölkələrdirlər. 10 milyon əhalisi olanın 10 faiz kino izləyici kütləsi olan ölkədə kino heç vaxt inkişaf edə bilməz. Bu bizim nə dövlətin, nə millətin problemi deyil. Bu coğrafiyadır. Balaca ölkəyik. İnsan sayımız azdır. Biz ancaq uğuru onunla qazana bilərik ki, xaricə çıxmalıyıq. Heç kim ingilis dilini öyrənmir… Mən bu gün Avropada aktyor kimi çalışmaq istəsəm, bunu edəcəyəm. Özümə də çox güvənirəm. Orada o qədər də yaxşı aktyor olmağına ehtiyac yoxdur. Onlar sadəcə peşəni yaxşı bilirlər. Texnikasını bilirlər. Heç kim ingilis dilini öyrənmir, bir illik prosesdir, sonra da narazıyıq, burada oturmuşuq ki, bizdə kino yoxdur. Aktyorlarımız deyinir ki, maaş azdır. “Tarqovı”da kimə baxırsan, qabağında 9-10 manatlıq kofeylə oturub, günə 30-40 manat xərcləyir, aylıq maaş isə başqa məbləğə gəlib çıxır. Bunu edən, buna pul xərcləyən adam, heç kim gedib özünə pul xərcləmir. Bizim aktyorların işi-gücü restoran, kafelərə pul qazandırmaqdır. Vəssəlam. Heç kim də gedib özüylə məşğul olmur, yatırım eləmir.
Hamımız layiq olduğumuz həyatı yaşayırıq. Mənim başıma bir şey gəlirsə, mütləq bir günah etmişəm. Sadəcə koram. Özümdən tərbiyəsiz dərəcədə razıyam ki, günah axtarmıram. Əgər məni bu gün bir ola çağırmırlarsa, deməli, zəifəm. Üzərimdə işləməliyəm. Bayaq dediyim həmin o adam isə o cür rəftar olunan adam anlıq pis olur, sonra həyatına davam edir. Onun seçimi odur. Amma inanın mənə, o, istəyər ki, həm nə qədər pul qazansın, həm də mənim kimi yaşasın. Bu da bir yerdə bu ölkədə alınmır. Əsas odur ki, oynamaqdan qaçış yoxdur, hələ bu ölkədə. Amma yaxşı oynayaq, pis oynamayaq.
- AzDrama-ya hansı tamaşayla qayıdacaqsan?
- Akademik Milli Dram Teatrına isə “İblis və ...”, yəni Hüseyn Cavidin “İblis” əsərinin motivləri əsasında - bədii rəhbərimiz Mehriban Ələkbərzadənin rekonstruksiyasıdır. Həmin rolla məni dəvət elədilər. Arif personajıdır. Çox çətin roldur. Hətta deyərdim ki, bu günə kimi oynadığım bütün rolların içində ən çətin roldur. Çünki dili əski türkcədir. Nəzmlə yazılıb. Poetikdir. AzDrama-nın səhnəsində Mehdi Məmmədov, Həsənağa Turabov, Hamlet Xanızadə, Ramiz Məlik, Rasim Balayev. Həsənağa Turabovla Hamlet Xanızadə İblisin dublyoru olublar, Ramiz Məliklə Rasim Balayev Arifin dublyoru olublar.
- “İsgəndərə yeni namə”nin davamı olacaq?
O tamaşanın dayanmağı dizimlə əlaqədar idi. Bir ilə yaxın müalicə aldım. İndi isə hələ ki belə bir informasiyam yoxdur. Çox istəyərəm, olsun. Mənim üçün dəyərli işdir. Düşünürəm ki, bəlkə də, olar. Niyə olmasın?
Pərviz Hüseyn
Yazdı: Samirə Ərəblinskaya
Foto/Video: Soltan İbrahimov