Türkiyədə keçmiş kəşfiyyat zabiti Kaşif Kozinoğlunun Silivri həbsxanasında ölümündən 15 il sonra "Kurtlar Vadisi" serialının ssenaristləri aparılan istintaqda ifadə veriblər.
Milli.Az APA-ya istinadən bildirir ki, 2011-ci ildə Ergenekon istintaqı çərçivəsində Silivri həbsxanasında vəfat edən Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir.
Bu gün Silivri Məhkəməsində üç ssenarist - Raci Şaşmaz, Bahadır Özdener və Cüneyt Aysan şahid qismində təxminən 2,5 saat ifadə veriblər.
Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaqdan sonra "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı təfərrüatlar ortaya çıxıb. Belə ki, serialın 123-cü bölümündə "Kazım Kaşifoğlu" adı ilə təqdim edilən Milli Kəşfiyyat Təşkilatı (MİT) zabiti obrazının əslində Kaşif Kozinoğlunun prototipi olduğu iddia edilib.
Qeyd edək ki, Kaşif Kozinoğlunun şübhəli ölümü ilə bağlı ilk əməliyyat 7 sentyabrda həyata keçirilib və həbsxanada çalışan 11 nəfər haqqında həbs qərarı verilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















