“Lüt qaçan yaxşı idi, bizim oğlanlar pis?”

“Lüt qaçan yaxşı idi, bizim oğlanlar pis?”

Avroviziya təmsilçimiz Dilarə Kazımova layihələrindən, stilindən və builki çıxışımızla bağlı OLAY-a danışıb. 

- Yeni mahnınızı təqdim etməyə hazırlaşırsınız...

- Hələ ki, mahnı yayımlanmayıb, Qısa video paylaşıb, test etmişik. “Aramızda cazibə” çox gözəl mahnıdır. Fərqli üslubdadır. Klip çəkilişi də olacaq. Maraqlı libaslar seçmişik. Saç düzümünü fərqli etdik. Çalışırıq ki, eyni etməyək. Bu da çox maraqlıdır. Gözəl qarşılanır. Mahnı mənim çox xoşuma gəldi. Sevgidən bəhs edir. İndi kim sevirsə, onların mahnısı olmalıdır.

- Bir ara qısa sarı parikdən istifadə edirdiniz. Kimisi bəyəndi, kimisi yox. Yenidən o tərzə qayıdacaqsınız?

- Əslində sarı saç qalır, çünki o xoşuma gəldi. Hərdən yenə o rəngi istəyirəm. Sadəcə köməkçilər deyirlər ki, etməyin, biz öz saçlarınız üçün darıxmışıq. Amma parikləri taxmaq xoşuma gəldi. Ola bilsin ki, fərqli-fərqli rənglərdən istifadə edərik. Sadəcə hansı rəng daha çox yaraşır, bilmədim. Əvvəlcə çəhrayı sifariş etmək istədim, sonra başqa... Birdən məni yaşıl saçda görsəniz, təəccüblənməyin. Fərqli rənglər seçə bilərəm...

- Xalq artisti Brilliant Dadaşovanın “Züleyxa” mahnısını oxudunuz. Brilliant xanım bu haqda sizə yazdı?

- Yox, Brilliant xanım mənə yazmadı. Pis rəylər də olmadı, əslində bu da yaxşıdır. Çünki mən bu mahnını oxuyanda çox həyəcanlı idim, minus köhnə idi. Mən ona köhnə çərçivələrdə yeni nəfəs verməli idim. Biz axı bu mahnını Brilliant xanımın ifasında sevərək böyümüşük. Ona görə də adam təəccüblənir ki, pismi olacaq, yaxşımı? Məncə, pis rəy gəlmədisə, bu da gözəldir. Brilliant xanım çox sağ olsun ki, mahnının sözlərini verdi, xəbəri var idi və çox gözəl qarşıladı. Çox şadam ki, bu proyekt baş tutdu. Çünki biz bu mahnılarla böyümüşük. Yadımdadır, maqnitofon var idi, Yusif müəllimin (Yusif Ağayev-red.) verilişində hər dəfə o mahnılar səsləndikcə, biz onu kasetə yazırdıq. Təsəvvür et ki, neçə il keçir və sən bu mahnını oxuyursan. Çox təsirlidir, bir az həyəcanlandım.

- Son iki ildir Avroviziyada finala keçə bilmirik. Builki nəticədə bizi məyus etdi. Siz nə düşünürsünüz?

- Artıq illərdir ki, nəticələr ürəyimizcə olmur. Öz nəticəmi də bura əlavə edirəm. Bu il Avroviziyadakılar elə bil zəncirdən qaçmışdılar. Avroviziyada nə istədilər, etdilər. Bir təmsilçi alt paltarında idi, düzdü tam çılpaq deyildi, nəsə bağlamışdılar. 

- Finlandiya təmsilçisi...

- Hə. Amma birinci yeri tutan təmsilçi layiqli idi. Çünki ifası çox gözəl idi. O qədər insan ora-bura qaçdı, amma onun fırlanan rekvizitinin üstündə performansı çox çətin idi. Avroviziya bir az fərqli “level”ə qalxıb. Loreen onu bir səviyyədə saxlamışdı, çünki o, çox gözəl ifaçıdır. Düşünürdüm ki, ondan sonra bunu kim edə bilər və o oğlan (Nemo - red.) etdi. Onun geyimini qəbul etməsək də, ifası çox gözəl idi, haqqını yemək olmaz. 

- Bu il sizi nələr təəccübləndirdi?

- Avroviziyada anlamıram nə olmuşdu. Çox böyük azadlıq var idi. Mən dayanmışdım ki, necə? Bu, müsabiqəni bir az fərqli tərəfə də dartır. Bilmirsən şouya, mahnıya səs verəsən, yoxsa... Bu il Avroviziya çətin idi. Bilirsiniz, nə düşünürəm? Hər il biz nədənsə narazı qalırıq. Məsələn, “ifası düzgün olmamışdı”, “geyimi düzgün deyildi”, “mahnı düzgün deyildi” deyilir. Məncə, biz dəstək olmalıyıq. Çünki görürəm ki, bəzi ifaçılar nəsə olanda öz ölkələrinə qayıtmağa belə qorxurlar. Mən istəməzdim bizdə belə olsun. İstəyərdim ki, bir-birimizə dəstək olaq. Biz Azərbaycanı dəstəkləyirik. Biz pis təmsil olunmamışıq, dostlar. Çünki bir çoxunun səhnəsi bizə oxşar idi, amma onlar finala keçdilər. 

- Ən çox tənqid olunan səhnə şousunun zəif olması idi...

- Deyirlər, Fəxri nəyisə düzgün oxumadı. Amma haqqını yemək istəmirəm, Fəxrinin o qədər səsi batmamışdı ki, eşidilməsin. Hər şey eşidilirdi. Yenə də deyirəm, finala keçən bəzi ölkələr bizdən yaxşı deyildi. Dostlar, gəlin bir-birimizə dəstək olaq, çünki hər il yenə də çıxış edirik.

- Müsabiqədən sonra Eldar Qasımovla bağlı istefa kampaniyası başladıldı. Sizcə, düzgün idimi?

- Azərbaycan komandası iki ildir ki, bu işlə məşğuldur. Vaxt lazımdır, təcrübə yığmalıyıq. Gözəl nəticə olacaq. Bizə nə lazımdır? Gözəl çıxış etmək. Məncə, uşaqlar (Fəxri İsmayılov və İlkin Dövlətov-red.) çox gözəl ifa etdilər və biz istədiyimizə çatdıq. Yenə də deyirəm, birinci yerə layiqik, bunu istəyirik. Ən birinci gözəl ifa və gözəl çıxış etməkdir. Sonrası bizdən asılı deyil. Məsəl üçün, mən getdiyim il birinci dəfə idi ki, bütün nəticələr dəyişirdi. Axırda olan ölkələr birdən ikinci yerə qalxırdılar. Ona görə də, orada bizdən asılı olmayan çox şey var. Gəlin, bir-birimizə dəstək olaq, dostlar, bir-birimizi çox üzməyək. Mən o səhnəni bilirəm. Fəxri ilə danışanda da demişdim ki, ürəyini buz kimi saxla, o səhnəyə çıxmaq çox məsuliyyətlidir. O qədər həyəcanlı olursan ki... Onun üçün, çox üstlərinə getməyək. Onlar əllərindən gələni ediblər, gözəl çıxış ediblər. Orada muğam səslənəndə tüklərim biz-biz olmuşdu. O an İlkin çox gözəl ifa etdi. Səbr edək və dəstək olaq. İmkan verin ki, uşaqlar özlərini göstərsinlər. Hər şeyi ifaçının və komandanın üstünə atmaq düzgün deyil. Birinci yeri tutsaydıq, kim nə isə deyəcəkdi? Heç kim. Amma tutmayanda narazı qalırlar. Nə qədər bir-birimizi tənqid edəcəyik? Mehriban olaq. Biz bərbad çıxış etməmişik. Performans zamanı məndə sual yaranmışdı, arxada əllər var idi, sonra qəfildən əllər Fəxrinin yanında peyda oldu. Mən bunu Fəxridən soruşdum ki, o əllər orada var idi?

Fəxri dedi ki, yox, bir an İlkini çəkəndə gətirdilər. Maraqlıdır axı, əvvəlcə əllər arxada, sonra Fəxri dayanır əllərin içində. Məncə, orada bizdən asılı olmayan nə isə var idi. Yaxşı, o lüt qaçan oğlan yaxşı idi, amma bizim oğlanlar pis idi? O biri finala keçmişdi axı. Bizimkilər musiqi göstəriblər, digərləri heç nə göstərməyiblər. Mən də sevirəm belə şeyləri, əhvali-ruhiyyə, şou... Amma onları bir tərəziyə qoyanda görürük ki, onlar şounu göstərib keçib, bizim uşaqlar axı o şounu göstərə bilməzdilər. 

- Açıqlama verdiniz ki, aparıcı Elgiz Əkbər siz müsabiqədə olanda sizinlə bağlı tənqidi fikir səsləndirib. Amma özü dedi ki, belə bir şey olmayıb. Həmin verilişi tapdınız?

- Mən yarışmada olan zaman dedilər ki, Elgiz Əkbər haqqımda nələrsə deyib. Elgiz bəyi sevirəm, amma dürüstlüyü də sevirəm. Hətta həmin zaman Faiq Sücəddinov mənim tərəfimi tutub, demişdi ki, o xanımın çox gözəl səsi var. Faiq müəllim məni konservatoriyadan tanıyırdı. Ondan sonra Faiq müəllimə də zəng edib demişdim ki, çox sağ olun. Amma o verilişi tapmadım. Elgizlə həqiqətən küsülü deyiləm, bəzən emosiyaya qapılıb mən də nə isə deyə bilərəm. Ən vacib nədir? İllər sonra mən artıq Dilarə Kazımovayam, bunu təsdiqlədim ki, səsim var. Çox insan bilmirdi ki, mənim belə gözəl səsim var, amma “Maska”dan sonra bunu təsdiq etdim və birinci yer oldum. Ona görə də, həyatınızda nə baş versə, heç vaxt baş qoşmayın. Uğur hər bir şeyi yerbəyer edəcək. Elgiz bəyi də, nə olur olsun, çox sevirəm.

Video: Soltan İbrahimov