Türkiyə televiziya tarixinin ən məşhur seriallarından olan "Kurtlar Vadisi"ndə "Ömer Baba" obrazını canlandıran aktyor Emin Olcay illər sonra çəkiliş meydançasında baş verənlərlə bağlı diqqətçəkən iddialar səsləndirib.
Milli.Az xəbər verir ki, Emin Olcay müsahibəsində serialın çəkilişləri zamanı yaşanan gərginliklərdən, prodüser Osman Sınavın təhlükəsizlik tədbirlərindən və layihənin başqa komandaya təhvil verilməsi prosesindən danışıb.
Aktyor bildirib ki, serialın ilk illərində qeyri-adi hadisələrin şahidi olub. O, Osman Sınavın layihəni qəfil Raci Şaşmaza təhvil verməsini təəccüblə qarşıladığını deyib.
Olcayın sözlərinə görə, bir dəfə səsləndirmə üçün Osman Sınavın ofisinə gedərkən ətrafda çoxsaylı cip görüb. O, həmçinin çəkilişlərdən birində Sınavın üzərində silah gördüyünü iddia edib və bunu həmin dövrdə təhlükəsizlik məqsədilə atılan addım kimi izah edib.
Emin Olcay daha sonra Necati Şaşmaz və Raci Şaşmaz haqqında sərt fikirlər səsləndirib. Aktyor onların ona və həyat yoldaşına qarşı ədalətsiz davrandıqlarını iddia edib.
"Mən 12 il serialda çəkildim, amma bazar qiymətlərindən çox aşağı qonorar alırdım. Teatrdan olan tələbələrim belə məndən daha çox qazanırdı. Raci ilə pul məsələsini hər dəfə danışanda "vəziyyətimiz çox pisdir", deyirdi", - Olcay bildirib.
Aktyor çəkiliş meydançasında psixoloji təzyiqlə üzləşdiyini də irəli sürüb. Onun sözlərinə görə, Necati Şaşmaz bəzən ona necə oynamağı izah etməyə çalışıb:
"Mən həyatımı aktyorluğa həsr etmişəm. Necati isə aktyorluğa məhz bu serialla başlayıb. Buna baxmayaraq, mənə "belə oyna" deyə rol izah edirdi".
Olcay serialdan ayrılmaq istədiyi zaman ona dörd bölüm sonra layihədən çıxarılacağının deyildiyini və həmin müddətdə maaşına artım edildiyini də qeyd edib.
Emin Olcay "Kurtlar Vadisi" ilə bağlı vaxtilə aparılmış FETÖ istintaqına da münasibət bildirib. O, həqiqətlərin ortaya çıxmasının vacib olduğunu deyərək, qanunsuz hərəkət edənlərin cəzalandırılmalı, günahsız olanların isə bəraət almalı olduğunu vurğulayıb. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

















