Bir zamanlar səsi böyük səhnələrdən, radio və televiziya efirindən gələn bu sənətkar Azərbaycan muğamının tanınmış simalarından biri olub. Uzun illər ifaları ilə yadda qalıb, müəllim kimi də yeni nəsil xanəndələrin yetişməsində iştirak edib.
Milli.Az lent.az-a istinadən ömrünü muğama həsr edən, zəngin yaradıcılıq yolu keçən Xalq artisti Canəli Əkbərovun həyat və sənət yolunu təqdim edir.
Lənkəranda başlayan həyat yolu
Canəli Xanəli oğlu Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində dünyaya gəlib.
Canəli Əkbərov hələ gənc yaşlarından atası ilə toylara gedib və ilk muğam dərslərini də ondan alıb. Atası Xanəli Əkbərov xanəndə olub, babası Kərbəlayi Ağaməhəmməd də muğam ifaçısı kimi tanınıb. Bununla belə, onun ilk seçdiyi peşə musiqi ilə bağlı olmayıb. Orta məktəbdən sonra o, 1956-1958-ci illərdə Lənkəran Tibb Texnikumunda təhsil alıb. Lakin musiqiyə olan marağı sonradan həyat yolunun tamamilə dəyişməsinə səbəb olub.
1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin xanəndəlik şöbəsinə daxil olan Canəli Əkbərov burada muğam sənətinin peşəkar əsaslarını öyrənib. Daha sonra, 1976-1982-ci illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil alıb.
Böyük səhnəyə gedən yol
Böyük səhnəyə gedən yolunu müsabiqə dəyişib. Respublika Gənc ifaçılar müsabiqəsində muğam nominasiyası üzrə iştirak edən Canəli Əkbərov finalda "Zərb muğam" ifa edib və qızıl medal qazanıb. Münsiflər arasında Seyid Şuşinski, Xan Şuşinski, Qurban Primov və Bəhram Mansurov kimi sənətkarlar olub.
Canəli Əkbərovun peşəkar səhnə fəaliyyəti Azərbaycan Dövlət Filarmoniyası ilə bağlı olub. O, 1960-cı illərdən burada xanəndə kimi fəaliyyət göstərərək geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib.
1976-cı ildən isə sənətkarın yaradıcılığında yeni mərhələ başlayıb. Canəli Əkbərov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayaraq milli muğam operalarında bir sıra mürəkkəb obrazlar yaradıb.
Onun ən yaddaqalan rolları sırasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Məcnun və İbn Səlam, Müslüm Maqomayevin "Şah İsmayıl" operasında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində Qərib, Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Camal, Fikrət Əmirovun "Sevil" operasında Azançı və Cahangir Cahangirovun "Xanəndənin taleyi" əsərində Mir Seyid obrazları yer alıb. Canəli Əkbərov "Leyli və Məcnun"dakı Məcnun obrazı ilə xüsusilə yadda qalıb.
Yaradıcılığında klassik musiqinin rolu
Canəli Əkbərov öz yaradıcılığında klassik muğam ifaçılığı ənənələrinə sadiq qalmağa çalışıb. Onun repertuarında "Orta mahur", "Çahargah", "Arazbarı", "Heyratı" və digər muğam və zərbi-muğamlar, eləcə də təsnif və xalq mahnıları mühüm yer tutub.
Sənətkar yalnız Azərbaycanda deyil, xarici ölkələrdə də çıxış edib. Rusiya, Ukrayna, Gürcüstan, Almaniya, Türkiyə, Polşa, Mərakeş, ABŞ, Fransa və Böyük Britaniya da daxil olmaqla müxtəlif ölkələrdə Azərbaycan muğamını təqdim edib.
Səhnədən auditoriyaya
Canəli Əkbərov həyatının mühüm hissəsini pedaqoji fəaliyyətə də həsr edib. O, 1992-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışıb və muğam ifaçılığının incəliklərini gənc xanəndələrə öyrədib.
2011-2018-ci illərdə universitetin Muğam sənəti kafedrasına rəhbərlik edib. Bu kafedranın əsas fəaliyyət istiqamətlərindən biri klassik muğam ənənələrinin yeni nəsil ifaçılara ötürülməsi olub. Onun pedaqoji fəaliyyəti də məhz bu ənənənin davam etdirilməsinə xidmət edib.
Yaradıcılığındakı böyük qalmaqallar
Canəli Əkbərovun adı zaman-zaman həmkarları ilə yaşadığı qalmaqallarla da gündəmə gəlib. Ən böyük qalmaqallardan biri 2017-ci ildə Muğam Televiziya müsabiqəsinin münsif heyəti ətrafında yaranıb. Xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba Məmmədov və bəstəkar Sərdar Fərəcov onun münsiflər heyətinə qatılmasına qarşı çıxıblar.
Mənsum İbrahimov Canəli Əkbərovu qərəzli olmaqda ittiham edib və onun heyətə daxil ediləcəyi halda müsabiqədə iştirak etməyəcəyini bildirib. Səkinə İsmayılova isə onun mövcud münsif heyəti ilə işləyə bilməyəcəyini düşündüyünü deyib. Arif Babayev də əvvəlki müsabiqələrdə onunla fikir ayrılıqları yaşandığını söyləyərək qalmaqalın yenidən təkrarlanmasını istəmədiklərini vurğulayıb. Əlibaba Məmmədov isə Canəli Əkbərov münsif olsa, özü heyətdən çıxacağını açıq şəkildə bildirib.
Həmkarlarının bu açıqlamaları Canəli Əkbərovun sərt reaksiyasına səbəb olub. O, Mənsum İbrahimovun vaxtilə Məcnun roluna hazırlanmasında özünün böyük rolu olduğunu deyib, Arif Babayev və digər sənətçilər haqqında da kəskin ifadələr işlədib. Mənsum İbrahimov isə bu iddiaları qəbul etməyərək Canəli Əkbərovun onu teatra gətirmədiyini bildirib.
Canəli Əkbərovla Əlibaba Məmmədov arasında gərginlik isə bundan xeyli əvvəl başlayıb. 2007-ci ildə Canəli Əkbərovun hazırladığı "Muğam sənəti yeni proqramda" adlı tədris proqramı mübahisəyə səbəb olub. Əlibaba Məmmədov proqramın digər muğam ustaları ilə kifayət qədər müzakirə edilmədiyini deyərək ona sərt etiraz edib və hətta məhkəməyə müraciət edə biləcəyini bildirib. Canəli Əkbərov isə proqramın universitetin elmi heyətinin rəyi əsasında hazırlandığını deyib və Əlibaba Məmmədovla bu məsələ üzündən küsülü olduqlarını gizlətməyib.
Onun keçmiş mədəniyyət naziri Zakir Bağırovla bağlı da qalmaqallı xatirəsi var. Canəli Əkbərov iddia edirdi ki, 1980-ci illərdə UNESCO xətti ilə beş ölkəyə konsert səfərinə getməli imiş, lakin sonradan onun yerinə Arif Babayev göndərilib. Onun sözlərinə görə, məsələ böyüyəndə nazirin qəbuluna gedib və nazir ona səfərə məhz özünün gedəcəyini deyib. Daha sonra isə Moskvada onun xəstə olduğu barədə məktub gördüyünü və bu əsasla dəyişdirildiyini iddia edib.
Qiymətləndirilən sənət yolu
Canəli Əkbərovun Azərbaycan musiqisinin inkişafındakı fəaliyyəti müxtəlif illərdə dövlət səviyyəsində qiymətləndirilib.
O, 1989-cu ildə Əməkdar artist, 1992-ci ildə isə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. 2000-ci ildə "Şöhrət", 2010-cu ildə "Şərəf" ordeni ilə təltif olunub. 2020-ci il martın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Canəli Əkbərov Azərbaycan mədəniyyətinin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb. Sənətkar həmçinin pezidentin fərdi təqaüdçüsü olub.
Ömrünün son illəri
Canəli Əkbərov ömrünün son illərində artıq səhnədə əvvəlki intensivliklə çıxış etməyib. 2020-ci ilin yazında Canəli Əkbərovun qardaşı Rusiyada avtomobil qəzasında həlak olub. Həmin ilin iyulunda isə oğlu Asəf Əkbərov vəfat edib. Səhhətindəki problemlərə görə xanəndə oğlunun dəfnində iştirak edə bilməyib və bu itkini çox ağır keçirdiyini bildirib.
Sənətkar vəfatından bir müddət əvvəl beyin insultu keçirib və son günlərdə səhhəti ağırlaşıb. Xalq artisti 2021-ci il oktyabrın 22-də 81 yaşında vəfat edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
















