Dizayner Aynur Xəlilovanın “Hərşeyşünas” adlı podkastının növbəti qonağı yazıçı Aysel Aydın Əlizadə olub.
OLAY yazır ki, kişi-qadın münasibətindən söz açan qonaq qarşı cinsin xanımlarda hansı xüsusiyyətlərə önəm verməsindən danışıb:
“Deyirlər ki, kişilər ağıllı qadını sevmir. Mən həyatım boyu tanıdığım bütün ağıllı kişilərin ağıllı qadın axtardığını gördüm. Heç bir ağıllı kişi axmaq qadın istəmir. O, onun yarı deyil. Hətta o qadının gözəl olmağı bir önəm kəsb etmir. Qadınlar elə düşünür ki, çox bəzənəndə kişilərin diqqətini daha çox çəkir. Amma bu heç də belə deyil. Kişilər həmin qadında bir şarm axtarırlar”.
Ailə-məişət mövzusuna toxunan Aysel cütlüklər arasında olan soyuq münasibətlərin nədən qaynaqlanmasına da toxunub:
“İnsanlar ayıbdır deyə, ər və arvad heç bir zaman qucaqlaşmayıb. Uşaqlar bir-birini sevən ata-ana görmür, amma dalaşan görürlər, çünki sevgi onlar üçün ayıb sayılıb. Kişilər xanımlarının adını çəkəndə “uşaqlar” deyirlər. “Uşaqları aparıram” cümləsində əslində bir qadın da var. Hansı ki o, gözəgörünməz, adının çəkilməsi ayıb olan bir insandır, çünki tarixən evliliklərimiz sevgi üzərində qurulmayıb. Kiminsə vasitəçiliyi ilə evləndiklərinə görə o qadına qarşı o hissi yaşamayıb. Hələ 21-ci əsrə çıxdığımız nəticə belədir. Sevdiyi qadın haqda heç bir zaman “uşaqlar” deyə müraciət etmirsən. Amma qadınlar bir az başqa cür böyüdülürlər. Onlar üzr istəmədən “yoldaşım” deyirlər. Kişilərdə isə əksinə. Bax, niyə görə üzr istəyirsən? Çünki beynindəki sevdiyi qadın deyil. Onun seksual partnyorudur.
Yüzlərlə qadınla söhbət etmişəm. Onlar cinsəl həzz yaşamayan qadınlardır. Çünki onun bu barədə heç bir məlumatı yoxdur. Ailə o adam sayılır ki, onların ortaq bir münasibəti var. Bunu yaşamayan qadın özünü nə qədər ailəli, sahibli hiss edə bilər? Gör o nə qədər həyat dayaqlarından qopmuş vəziyyətdədir. Ona görə də 30-dan sonra bədənlərində olmayan xəstəlik qalmır. Bunun hamısı nədəndir ? Normal seksual həyatın olmamamısıdır. Ən cahil qadın belə bunu bilir. Çünki o, sevgi görmür. Qızları tanımadığı adama ərə verirlər. Bunlar hamısı qeyrət, namus adı altında baş verir”.