“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO

“Yaşadığıma görə xəcalət çəkirəm” - Barat Şəkinskayanın 93 yaşlı qızı - FOTO

"Bu gün anamın 110 yaşı tamam olur. O səhnəmizdə ən gözəl obrazları yaratmışdı. Teatrda Cülyetta, kinomuzda isə hər kəs onu "O olmasın, bu olsun" filmindən qulluqçu Sənəm kimi tanıyırdı. Anam filmlərə gec çəkilməyə başladı. Çünki onun Azərbaycan qadını görkəmi yox idi. Hərhalda rejissorlar belə deyirdi. "O olmasın, bu olsun" filminə çəkiləndə anama yemək aparırdım. Bazar səhnəsi kinostudiyanın həyətində lentə alınırdı. Mən anamın ilk övladıyam. Hər zaman onun yanında olmuşam. 9 yaşım tamam olanda müharibə başlayıb. Anam qastrol səfərlərində olanda nənəmin yanında qalırdım. Ya da Fatma Qədri, Nəcibə Məlikovagilə məni qoyurdu. Uşaqlıqdan böyük idim sanki. Anamla 17 yaş fərqimiz var idi. Bir az da böyüyəndən sonra anam bütün ailə rəhbərliyini mənim ixtiyarıma buraxdı. Hər şeyi mən idarə edirdim. Anamın qətiyyən boş vaxtı yox idi, amma uşaqcanlı idi, bizə yüksək qayğı və diqqət göstərirdi. Elə yeməklə hazırlayırdı ki, heç 50 ilin evdar qadını onları hazırlaya bilməzdi".

Milli.Az bildirir ki, bunları Moderator.az-a açıqlamasında xalq artisti, görkəmli aktrisa Barat Şəkinskayanın qızı Solmaz Həmzəyeva deyib. O daha sonra əlavə edib.

"Bütün aktyor, aktrisalar bizim evimizdə idi. Sanki teatr idi evimiz. O vaxt teatr bir ailə idi. Biri-birinin köməyinə çatırdılar. O qədər doğma idik ki. Gəncə teatrında anamla birlikdə səhnəyə çıxırdım. Mehdi Məmmədov məni 7-8 tamaşada oynadıb. Hələ üstəlik mənə maaş da verib. Adım teatr aktyorlarının siyahısında idim. Universitetə girməyə gecikdim. Aktrisa olmaq istəyirdim, amma anam dedi ki, mən sənin bu yaşında xalq artisti idim, gecikmisən. Qoymadı məni teatra getməyə. Ona görə də 1963-cü ildə televiziyaya getdim. Arif Babayev mənim rejissorum idi, mən də onun asistenti. Neçə illər orada işləmişəm. AZTV mənim doğma evimdir. O qədər darıxıram ki" deyə aktrisanın qızı bildirib.

Solmaz Həmzəyeva anasının son günündən də danışıb.

"Anamın ölümü çox gözlənilməz oldu. Biz diktor Roza Tağıyeva ilə Şərqiyyə xanımgildə idik. Əlimi süfrəyə yeni uzatmışdım ki, zəng gəldi.. Gördüm ki, Şərqiyyə telefonu götürdü, üz mimikası dəyişdi.. Zəng edən mənim qızım Afət idi. Dedim ki, Şərqiyyə, mama?! Başı ilə dedi ki, hə.. Nəsə ürəyimə damdı ki, anama nəsə olub. Ölümündən bir gün öncə anam mənə şüyüdlü plov hazırlamışdı.. Anam rəhmətə gedəndə 85 yaşı var idi. Mənim isə 93 yaşım olacaq.. Anam üçün o qədər darıxmışam ki... Yaşadığıma görə xəcalət çəkirəm", - deyə Solmaz Həmzəyeva deyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun