Azərbaycanlı idmançılar həbs olundular

Azərbaycanlı idmançılar həbs olundular

MMA və Qrapplinq Federasiyasının həbsdə olan qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun məhkəməsi yekunlaşır.

OLAY “Qafqazinfo”ya istinadən yazır ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Müslüm Şahmarov idmançıların ayrı-ayrılıqda xuliqanlıqda təqsirli bilinmələrini - R.Əfəndiyev, T.Musayev, V. Kərimov, X.Rüstəmov və R. Əsədovun 1 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

İttiham çıxışında sərbəst mühakimə olunan T.Musayevin məhkəmə zalından həbsi tələb olunub. 

***

Bütün vəkillər müdafiə çıxışlarında müvəkkilərinə əsassız ittiham verildiyini deyiblər.

Müdafiəçilər hesab edirlər ki, iddia olunanın əksinə ortada hər hansı cinayət yoxdur. Bu əsasla məhkəmədən bəraət hökmü çıxarılmasını istəyiblər.

Daha sonra təqsirləndirilən şəxslər son söz deyiblər. İdmançılar özlərini təqsirli bilmədiklərini bildirərək, ədalətli qərar çıxarılmasını xahiş ediblər.

Hakim müşavirəyə gedib. Hökm 14:15-də elan ediləcək.

***

Hökmə əsasən, Tofiq Musayevdən başqa idmançıların hər biri 6 ay azadlıqdan məhrum edilib. T.Musayev isə 1500 manat cərimə cəzasına məhkum edilib. 

İdmançılar 28 gün sonra azadlığa buraxılacaqlar.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.