Aparıcı Jalə Həsənli sosial şəbəkələrdə müzakirə yaradıb.
OLAY yazır ki, buna səbəb onun feysbuk statusu olub.
Belə ki, J. Həsənli avtobus dayanacağında ayaqlarını oturacağa qoyan yeniyetmənin fotosunu çəkərək tənqid edib:
“17-18 yaşında hələ böyüməkdə olan bir gənc. Sabah bir körpəyə həyat və tərbiyə verəcək potensial ana. Yaxşı bir oğulun həyat yoldaşı, ömrünü oğluna həsr edən ana-atanın gəlini olacaq qəşəng bir qız…
Əvvəl ayağının birini yuxarı qaldırmışdı, diqqətlə ona baxdığımı görəndə (müəyyənləşdirmək istəyirdim ki, sadəcə keyfi belə istədiyi üçün oturub, yoxsa nəsə problemi var?) mənə etiraz əlaməti olaraq kinayəli gülümsündü və hər iki ayağını da insanların oturduğu oturacağa qaldırdı.
İstədim yaxınlaşam, deyəm ki, gözəlim, sənin yaşında olan gənclər universiteti qazandıqları balla, oxuduqları kitablarla, öyrəndikləri dil bilgiləri ilə fəxr edirlər. İctimai yerdə belə oturuşla fəxr etmək səni ucaltmaz, əksinə ancaq alçalda bilər. Sonra belə başa düşdüm ki, yanında əyləşən xanım anasıdır, onda dərk etdim ki, quyuya su tökməklə quyu dolmayacaq. Bu yaşa qədər belə böyüyən, öz böyüyünə hörmət qoymayan biri başqasına necə hörmət qoysun?
Allah övladlarımızın, subaylarımızın qarşısına ocaqları yandıracaq insanlar çıxarsın, məhv edəcək yox! Gənclərin əksəriyyəti niyə belə oldu ki?
“Azad gənc” anlayışı niyə deqredasiyaya uğradı ki? Dəyərlərimiz niyə xərcləndi ki?”.
J. Həsənli ilə eyni fikirdə olanlarla yanaşı, ona qarşı çıxanlar da olub. Əksəriyyət icazəsiz qızın fotosunu çəkib, paylaşdığı üçün onu sərt şəkildə qınayıb. Çoxluq isə yeniyetmənin hərəkətində böyüdüləcək nəsə olmadığını, onun rahatlıq üçün belə etdiyini yazıb.