İstanbulun Ümraniyə bölgəsində martın 19-da silahlı hücum nəticəsində öldürülən futbolçu Kubilay Kaan Kundakçının qətli ilə bağlı məhkəmə işinin yekun iclası Anadolu 27-ci Ağır Cinayətlər Məhkəməsində keçirilib.
OLAY yazır ki, məhkəmə Aleyna Kalaycıoğlunun bəraətinə qərar verib. Alaattin Kadayıfçıoğlu isə qəsdən adam öldürmə cinayətinə görə ömürlük həbs cəzasına məhkum edilib.
Aleyna Kalaycıoğlunun azadlığa buraxılmasından sonra vəkilindən açıqlama gəlib:
“Müvəkkilim Aleyna Tutuş (ictimaiyyət arasında Aleyna Kalaycıoğlu adı ilə tanınır) 210 günlük həbsdə saxlanıldıqdan sonra ona qarşı irəli sürülən qəsdən adam öldürməyə təhrik etmə ittihamından bəraət alaraq azadlığa buraxılıb.
İlk gündən etibarən hadisənin əsl mahiyyətinin ictimaiyyətdə formalaşdırılan təsəvvürdən fərqli olduğunu bildirmişik. Qiymətləndirmələrin fərziyyələrə və niyyət oxumağa deyil, konkret faktlara, sübutlara və hüquq normalarına əsaslanmalı olduğunu müdafiə etmişik.”

















