Mələklər qanad açdılar...

Mələklər qanad açdılar...
Mələklər qanad açdılar...

Dünyaca məşhur brend “Victoria’s Secret”in ənənəvi moda şousu 18 oktyabr 2026-cı ildə ABŞ-ın Los-Anceles şəhərində baş tutub.

OLAY yazır ki, bu il Nyu-Yorkdan Kaliforniyaya köçürülən dəfilə məşhur modelləri, musiqi ulduzlarını və brendin ikonik mələk obrazlarını bir araya gətirib.

Şounun yaradıcı konsepsiyası brendin baş kreativ direktoru Adam Selman tərəfindən hazırlanıb.

Mövsümlərdən ilhamlanan podiumda yaz, yay, payız və qış mövzuları ön plana çıxıb. Çiçək ləçəklərini, qar dənələrini və parlaq metal detalları xatırladan geyimlər nümayişin əsas vizual elementləri arasında yer alıb. Brendin gənclərə yönəlmiş PINK xətti üçün də ayrıca bölüm təqdim olunub.

Dəfilənin musiqi proqramı da diqqət çəkib. Səhnədə KATSEYE, Megan Moroney, Megan Thee Stallion və Tate McRae çıxış ediblər. Tamamilə qadın ifaçılardan ibarət heyət son illərdə şounun musiqi proqramında formalaşan ənənəni davam etdirib.

Podiumda Gigi Hadid, Ashley Graham, Alex Consani, Paloma Elsesser, Imaan Hammam, Anok Yai və Candice Swanepoel kimi tanınmış modellər yer alıblar. Kylie Jenner isə bu il şouda ilk dəfə iştirak edib və təxminən 50 milyon dollar dəyərində olduğu bildirilən “Fantasy Bra” ilə diqqət mərkəzinə düşüb.

2026-cı il nümayişinin diqqətçəkən yeniliklərindən biri də yeni “Victoria’s Secret Angel”ın seçilməsi olub. Brendin “Angels Among Us” adlı sənədli layihəsi çərçivəsində keçirilən kastinqin qalibi 21 yaşlı, Kamerun əsilli Solange Omon elan edilib. ABŞ-nin Men ştatında yaşayan Omon minlərlə namizəd arasından seçilərək model karyerasında yeni mərhələyə qədəm qoyub. Mükafatlar arasında IMG Models ilə müqavilə də var.

“Victoria’s Secret Fashion Show 2026” dünya üzrə YouTube və brendin sosial media platformalarında canlı yayımlanıb. Los-Ancelesdə keçirilən builki nümayiş dəfiləni moda və musiqinin birləşdiyi böyük əyləncə tədbiri kimi təqdim edib.

Mənbə: olay.az