22 oktyabr 2026-cı il tarixində Parisdə, Azərbaycan Mədəniyyət Mərkəzində Little Artists Rəssamlıq Məktəbinin təşkilatçılığı ilə “Azərbaycan uşaqlarının gözüylə” adlı rəsm sərgisi keçiriib.
OLAY yazır ki, sərgidə məktəbin 53 balaca rəssamının əl işləri nümayiş olundu. Uşaqların vətənə sevgisini, milli-mədəni dəyərləri, təbiəti və zəngin təxəyyülünü əks etdirən rəsm əsərləri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva iştirak etdi. Sərginin açılışı səfir Leyla Abdullayeva və Little Artists Rəssamlıq Məktəbinin rəhbəri Nigar Seyid tərəfindən həyata keçirildi. Onlar balaca rəssamlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayaraq iştirakçılara sertifikatlar təqdim etdilər.
2019-cu ildən fəaliyyət göstərən Little Artists Rəssamlıq Məktəbi uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, onların incəsənətə marağının artırılması və beynəlxalq platformalarda təmsil olunması istiqamətində ardıcıl fəaliyyət göstərir. Məktəb hər il müxtəlif beynəlxalq sərgi və layihələrdə uğurla iştirak edir.
Tədbir çərçivəsində Barefoot Club by Jahan tərəfindən təşkil olunan uşaqlar üçün drama proqramı da iştirakçılar tərəfindən böyük maraqla qarşılandı. Balacalar dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasından hazırlanmış səhnəcik nümayiş etdirdilər. Tamaşa Azərbaycan, ingilis və fransız dillərində təqdim olunaraq uşaqların həm yaradıcılıq, həm də xarici dil bacarıqlarını nümayiş etdirdi və izləyicilər tərəfindən alqışlarla qarşılandı.
Sərgi valideynləri, incəsənət nümayəndələrini və qonaqları bir araya gətirərək uşaqların yaradıcılıq potensialını nümayiş etdirən, onların uğurlarını qeyd edən əlamətdar mədəniyyət tədbirinə çevrildi.
Tədbirin tərəfdaşı Parisdə fəaliyyət göstərən Dialogue Azerbaïdjan Association oldu. Assosiasiyanın dəstəyi ilə həyata keçirilən tədbir Azərbaycan mədəniyyətinin və istedadlı uşaqların yaradıcılığının beynəlxalq müstəvidə tanıdılmasına töhfə verdi.
23 oktyabr 2026-cı il tarixində isə Little Artists Rəssamlıq Məktəbi növbəti dəfə Parisdə, Luvr Karuselində keçirilən Art Shopping Paris beynəlxalq incəsənət sərgisində iştirak edərək öz stendində Azərbaycanı uğurla təmsil etdi. Balaca rəssamların əsərləri beynəlxalq ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Xarici qonaqlar Azərbaycan haqqında xoş təəssüratlarını bölüşərək, uşaqların yüksək istedadını, yaradıcılıq bacarıqlarını və nümayiş olunan əsərlərin peşəkarlığını xüsusi vurğuladılar. Little Artists-in stendi sərgi iştirakçılarının diqqət mərkəzində oldu və Azərbaycan incəsənətinin beynəlxalq auditoriyaya tanıdılmasına növbəti töhfəni verdi.
Qeyd edək ki, Art Shopping Paris beynəlxalq incəsənət sərgisi daha iki gün davam edəcək.
Little Artists Rəssamlıq Məktəbi gələcəkdə də uşaqların yaradıcılıq imkanlarının inkişaf etdirilməsi, onların beynəlxalq layihələrdə iştirakının təşviqi və Azərbaycan incəsənətinin dünyada tanıdılması istiqamətində fəaliyyətini davam etdirəcək.





























