Mərhum xalq artisti Nuriyyə Əhmədovanın nəvəsi Faiq İbadzadə "O üz" verilişində qonaq olub.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Faiq İbadzadə nənəsi haqqında danışıb: "O mənim nənəm olsa da valideyndən artıq qayğı göstərirdi. Heç bir çətinlik çəkməyə qoymurdu. Allah ona rəhmət eləsin. Son zamanlar sanki dünyasını dəyişəcəyini hiss edirdi. Deyirdi ki, yaxınlarda öləcək, ona görə mənə məsləhətlər verirdi. Yaxud bacılarını çağırıb, göstərişlər verirdi, məni onlara tapşırırdı. Hər gün gecədən səhərə oturub söhbət edirdik.
2014-cü ildə oğlu rəhmətə getdi. Həmin il deyirdi ki, daha yaşaya bilməyəcək. Bir il sonra həmin dərdlə bu dünyadan köçdü. Bəlkə həkimlərin də məsuliyyətsizliyi var idi. Çünki bizə əməliyyata ehtiyac olduğunu bildirmədilər. Mən də o zaman uşaq idim, 15 yaşım vardı. Bizə Allaha dua etmək qalırdı. Günorta xəstəxanaya apardıq, axşam saatlarında vəziyyəti pisləşdi. Nənəmi son nəfəsində görə bildim, əlindən tutdum. Elə də dünyasını dəyişdi.
Deyiləsi çox sözüm var. Mən Nuriyyə Əhmədova ilə fəxr edirəm. O həyatımda ana yerini doldurub. Sadəcə olaraq dünyasını tez dəyişdi. Ondan doymadım. Həmişə deyirdi ki, mənim toyumu gördükdən sonra rahat olacaq. Artıq nişanlıyam, ailə həyatı qurmağa hazırlaşıram. Çox istərdim ki, nənəm yanımda olsun və bu günü görsün".
Faiq İbadzadə onu da deyib ki, nənəsinin yas mərasiminə bəzi sənət adamları gəlməyiblər: "Onların nənəmin yas mərasiminə gəlməmələrinin səbəbini hələ də bilmirəm".
Qeyd edək ki, Nuriyyə Əhmədova 2015-ci ildə kəskin ürək tutmasından vəfat edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun