1-5 iyul tarixlərində Portuqaliyanın Braqa şəhərində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin “Gəncləri masaya dəvət edirik” mövzusunda illik konfransı keçirilib.
OLAY yazır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq bəndinə uyğun olaraq, mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə ixrac imkanlarının genişlənməsinə yönələn təşviq mexanizmlərinin yaradılması məqsədilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti də konfransda iştirak edib.
Üzv şəhərlərə öz təcrübələrini bölüşmək, şəbəkə daxilində yeni əlaqələr yaratmaq və şəbəkə katibliyi və digər maraqlı tərəflərlə informasiya mübadiləsi aparmaq imkanı yaratmaq baxımından konfrans əhəmiyyətli platformadır.
Beş gün davam edən konfransda tematik sessiyalar, altşəbəkə görüşləri, şəhər merlərinin forumu, müxtəlif mədəni tədbirlər təşkil olunub. Tədbir gedişində həmçinin iştirakçılara bir sıra ölkələrin mədəniyyət müəssisələri və digər dövlət qurumlarının fəaliyyəti ilə tanış olmaq imkanı yaradılıb, şəbəkə çərçivəsində atılacaq növbəti addımlarla bağlı fikirlər səsləndirilib.
Nazirliyin nümayəndələrinin MYS sahəsində beynəlxalq səviyyəli ekspertlər və şəbəkəyə üzv olan bir sıra şəhərlərin sənaye nümayəndələri ilə görüşləri keçirilib. MYS üzrə məhsul və xidmətlərin ixracının təşviqi istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Eyni zamanda görüş iştirakçılarına UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə ölkəmizdən üzv olan Bakı, Şəki və Lənkəran şəhərlərində gedən inkişaf prosesləri barədə məlumat verilib.