Sevgilim, seyrə çıxaq burda gəl ilk baharı.
Dil açır qəlbimizin ən şirin arzuları.
Anadır arzulara hər zaman Qarabağ,
Danışan dil-dodağım, tar-kaman Qarabağ.
Qarabağ, can Qarabağ, ana yurdum!
Hə, bu sətrlər hər birinizin dilindən əzbər, axar su kimi süzülüb getdi. Qalib xalqın şüarına çevrildi. 44 günlük müharibə dövründə uşaqdan-böyüyə hamının dilində şüar oldu.
Bəli, ilk dəfə 1972-ci ildə Arif Babayevin ifasında eşidilən bu mahnı bir zamanlar torpaqlarımızı mənimsəmək istəyən, lakin bacarmayan erməni separatçıları tərəfindən özəlləşdirilməyə başlanılıb.
Belə ki, "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilməsi və "Youtube"da yayılması müəyyən edilib. Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurovun təhlilən əsasən müəyyən edilib ki, "Qarabağ" əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi "Sirun jan" adlı mahnı "Qarabağ" əsəri ilə tam üst üstə düşür. Ekspertlər bir daha təsdiq edirlər ki, "Qarabağ" əsərinin adı ermənilər tərəfindən "Sirun jan" adı ilə dəyişdirilərək təhrif edilib. "Qarabağ" mahnısı 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqisi kimi tanınıb.
Milli.Az lent.az-a istinadən bu gün sizə müasir dövrdə qalib xalqın himninə çevrilən "Qarabağ" əsərinin yaranma tarixindən danışacaq.
Demək olar ki, hər birimiz bu mahnını ilk dəfə 1972-ci ildə Arif Babayevin ifasında eşitmişik. Ondan sonra çox müğənnilər bu mahnını oxusa da, "Qarabağ" deyiləndə Arif Babayev, Arif Babayev deyiləndə isə "Qarabağ" əsəri ağıla gəlir.
Amma burda diqqət çəkən bir məqam var. "Qarabağ" əsərini ilk dəfə Arif Babayev yox başqası ifa edib. Mahnının sözləri Rəfiq Zəka Xəndana aiddir. Bəstəsi isə Bəhram Nəsibova. O, bu mahnını ilk dəfə yaşadığı yataqxananın dəhlizində ifa edib. Ali təhsillə bağlı diplomu olmadığına görə haqsız hücumlara məruz qalmış Bəhram Nəsibov bu gün haqqında bəhs edəcəyimiz "Qarabağ" mahnısının müəllifidir. "Qarabağ" mahnısı 1968-ci ildə yazılıb. Yataqxananın dəhlizində onu dinləyənlərdən biri də binanın erməni əsilli komendantı olub. Komendant Bəhram Nəsibova yaxınlaşıb, mahnının sözlərinə erməni deputatlarının adını yazmasını deyib. Bəhram razılaşmır və buna görə də komendant onu yataqxanadan qovur.
Evsiz qalan Bəhram təsadüfən Arif Babayevlə birlikdə kirayə mənzil tutub, yaşamağa başlayır. Qeyd etməyə dəyər ki, Bəhram Nəsibov musiqi dünyasına tarla gəlib, ancaq sonra gitaraya keçib. O, toylarda gitarayla çıxış edib və bununla xalq içində məşhurlaşıb.
Nə isə, yazımızın məğzindən kənara çıxmayaq. Arif Babayevlə birgə yaşayan Bəhram Nəsibov "Qarabağ" əsərini onun oxumasını təklif edib. Mahnı Arif Babayevin zövqüncə olmayıb, o, bu mahnının uğur qazanacağına inanmayıb.
Ancaq, bir neçə il sonra Arif Babayev qastrol səfərində Bəhram Nəsibova mahnını ifa etmək istədiyini deyib. Özü bu mahnını ona xatırladıb.
Bunun da səbəbi var idi: "Qarabağ" ifa olunarkən, Bəhram Nəsibovu artıq bir neçə mahnının müəllifi kimi tanıyırdılar. Görünür, elə məhz bu fakt Arif Babayevi "Qarabağ" mahnısını xatırlamağa məcbur edib. Mahnı efirdə səslənən kimi, o, dərhal məşhurlaşıb. O qədər sevilib ki, heç bir tədbiri Arif Babayevin bu mahnısı olmadan təsəvvür etmək qeyri-mümkün olub.
Təəssüfedici məqam isə efirdə Bəhram Nəsibovun mahnılarının səslənməsinə və bu mahnıların böyük şöhrət əldə etməsinə baxmayaraq, heç yerdə onun adının qeyd edilməməsidir. Zəmanə belə idi. Diplomsuz bəstəkar haqqında yazmaq olmazmış. Sonra "Qarabağ" mahnısının yeni ifaçıları meydana çıxmağa başlayır - Yaqut Abdullayeva, Aygün Bəylər, Təyyar Bayramov, Səbuhi İbayev, Elnur Zeynalov, Qoçaq Əsgərov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova. Və hətta estrada müğənniləri: Brilliant Dadaşova və Aygün Kazımova. "Qarabağ" mahnısı Könül Xasıyevanın ifasında bir başqa obraz kimi ortaya çıxıb. Könül Xasıyevanın səs tembri ondan əvvəlki ifaçıların səsindən çox fərqlənib.
Dildən-dilə dolaşaraq gələn, "Qarabağ" mahnısı ifa edən hər bir müğənninin tək arzusu var idi. Bu mahnını doğma Qarabağ torpağında, Cıdır düzündə ifa etmək.
Elə də oldu. 44 günlük Zəfər müharibəsindən sonra "Qarabağ" mahnısı qalibiyyət sədalarıyla doğma Qarabağ torpaqlarında zəfər marşı kimi hər gün səslənir.
Bu da belə... Şair mahnıda necə deyir?
"Qarabağ, can Qarabağ, ana yurdum!"
Heç birimiz xalq mahnımızın özgələşdirilməsinə icazə verməyək, "Can Qarabağ" deyək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun