Altı gündür “DreamFest”də aparıcılıq edən Kostya Bravo jurnalistlərlə həmsöhbət olub.
OLAY-ın məlumatına görə, o, festivalla balı təəssüratlarını bölüşərkən maraqlı açıqlamalar verib. Kostya əvvəlcə qırmızı xalıda çalışan müxbirlərə təşəkkür edib:
“Əsl təşəkkür sizə düşür. Bu altı gün boyunca mən də sizinlə birlikdə oldum. Hər an diqqətim sizdə idi. Xüsusilə də müğənnilər gecikəndə, fasilələrdə yalnız sizə diqqət edirdim. Biz sizinlə artıq bir ailə kimiyik. Məncə, bu qırmızı xalı deyil, narıncıdır. Artıq sosial şəbəkələrdə də bizi narıncı xalının aparıcıları kimi təqdim edirlər. Bu ilin narıncı xalı ilə qarşısınıza çıxdıq, güman edirik ki, bu, ənənə halına çevriləcək. Bir çox dünya ulduzu festivalda iştirak etdi. Nədənsə bəziləri qırmızı xalıya çıxmaqdan çəkindilər. Hətta fikirləşirdilər ki, biz niyə oradan keçməliyik? Siz nə danışırsınız? O nə sözdür? Bu, sizin işinizdir, biz sizi burada gözləyirdik, mütləq keçməliydiniz.
Digərləri bizi xoş qarşıladılar və təəccübləndirdilər. Bir şeyə fikir verin ki, ən böyük ulduzlar bu qırmızı xalıdan keçdilər. Bu da o deməkdir ki, onlar bizə hörmətlə yanaşdılar və necə böyük ulduz olduqlarını sübut etdilər. Qərbin ulduzları xüsusi enerjiləri ilə seçildilər. Bütün müğənnilərin çıxışları və açıqlamaları maraqla qarşılandı. Amam Qərb ulduzları xüsusilə fərqləndi”.
Kostya deyib ki, festival bitdiyi üçün kədərlidir:
“İndidən kədərliyəm ki, festival bitir. Əgər ağlasam, düşünməyin ki, zəif kişiyəm, sadəcə hüznlüyəm. Bu günlər ərzində yalnız “SeaBreeze”də və hava limanında idim. Sabahdan şəhəri gəzə biləcəm. İçərişəhərə gedəcəyəm. Altı gün həm sevincli, həm çətin idi, bu gün isə hüznlüdür. Amma çox xoşbəxtəm”.
Hər gün fərqli rəngdə kamera qarşısına keçən aparıcı bildirib ki, paltar seçimini son ana saxlayıb:
“Geyim məsələsini ən sona saxlamışdım. Bir həftə qalmış paltar seçimi etdim. Bakı bizə öz istedadımızı göstərmək üçün xüsusi şərait yaratdı. Bu altı gün ərzində geyindiyim libaslar bir müddət sonra xüsusi kolleksiya kimi nümayiş olunacaq. İlk gün bura çəkələk geyindiyim üçün təşkilatçılar məni danlandılar. Amma mənə belə rahat idi. Mənim üçün əsas komfortdur”.