Xalq artisti: "Azərbaycan teatrı xəstədir, onu mənə versəniz..."

Xalq artisti: "Azərbaycan teatrı xəstədir, onu mənə versəniz..."

"1949-50-ci illərdən sonra, 1990-cı ilə qədər, mən üzr istəyirəm, bizim milli teatrımız Biləcəridən o yana keçməmişdi, amma Şəki Teatrı 1979-u ildə, Hüseynağa Atakişiyevin vaxtında, Kuba və bir çox başqa şəhərlərə getmişdi.

Mən ancaq öz zamanımı söyləyim: 1984-cü ildən etibarən 1990-cı ilə qədər orada işlədim. Kazan, Daşkənd, Səmərqənd, Moskva, Çexoslovakiya, Praqa... Hansı teatr Azərbaycanda 1990-cı ilə qədər öz gücü ilə, öz məharəti ilə xaricə qastrol səfəri edib? Bunu mənə deyin, mən "partbiletimi çıxardım qoyum ortalığa".

Milli.Az bildirir ki, bunu Oxu.Az-a videomüsahibəsində Xalq artisti Cahangir Novruzov deyib.

Videomüsahibədən bəzi hissələri yazılı şəkildə təqdim edirik:

- Cahangir müəllim, vətənə xoş gəlmisiniz.

- Xoş gününüz olsun, amma bir-iki gündən sonra gedirəm. (gülür)

- Necə hiss edirsiniz özünüzü vətəndə?

- Yaxşı, yaxşı.

- Darıxmırsınız ki vətən üçün?

- Həmişə darıxıram. Azərbaycan elə bir yer deyil ki, onsuz darıxmayasan.

- Vətəndən getmək çətindir? Vətəni hər yaşda tərk etmək olurmu?

- Vəziyyətə baxır. Səni əhatə edən şərtlərə bağlıdır. Vətəndən getmək hər zaman ağırdır. Mən, misal üçün, buradan gedəndə uzun müddət götür-qoy elədim. Heç getməzdim mən. Nəsibə xanım xəstə olmasa idi, getməzdim. Mənim də bir xasiyyətim var - kimsəyə heç bir şeyə görə ağız açmaram.

Hə, ağız açaram, hətta mübahisə edə bilərəm, amma sizin üçün. Siz haqlı olsanız, vəziyyətiniz mənim sizin haqqınızda bir şey deməyimi lazımlı edərsə, mən mütləq sizin üçün mübarizə apararam.

- Başqası üçün yəni...

- Hə. Hər zaman da elə olub.

- Cahangir müəllim, qeyd etdiniz ki, əgər Nəsibə xanım xəstə olmasa idi və vəziyyət o olmasaydı, bəlkə də, getməzdiniz...

- Getməzdim heç.

- Yəni imkansızlıq...

- Necə yəni imkansızlıq?

- Yəni pul üçün getdiniz. Pul lazım idi.

- Təbii... təbii... başqa şey üçün deyil. Bilirsiniz, Azərbaycanın vəziyyəti necə idi? Mən bunu bir dəfə də demişəm, bir də yada salmaq istərdim - incəsənət və mədəniyyət bir millətin həm köküdür, həm də vitrinidir. Bilirsiniz, ağacın kökü dərin gedir, çiçəyi açır, meyvəsi olur. Mədəniyyət həm onun köküdür, həm də onun meyvəsidir, onun çiçəkləridir. Ağacı silkələyərsən, birinci çiçəkləri tökülər, meyvələri tökülər. Elə deyilmi? Amma kökü möhkəmdirsə, ağac qopmaz.

Hər bir iqtisadi, siyasi və yaxud sosial çalxalanmada ölkənin mədəniyyəti, bayaq dediyim kimi, evin vitrini, mütləq bir zərər görür. Çünki atılan bombalar da, atılan daşlar da hər zaman o vitrinə dəyir, qırılır, tökülür. Ən maraqlısı da odur ki, o binanı yenidən qururlar, tikirlər, təmir edirlər, ən axırda da vitrinin şüşələrini taxırlar və vitrini düzəldirlər. Yəni ən birinci dağılan, sökülən də vitrindir, ən sonuncu düzələn də. Hər yerdə, o cümlədən Azərbaycanda da elə bir problem oldu o zaman. Burada heç kimi təqsirləndirmək olmaz, heç kimi...

- Bəs o dediyiniz vitrini qurmaq üçün sizcə, ev sahibi evdə olmalı deyildi?

- Doğrudur. Amma mən bir başqa vitrin qurmuşdum orada. Mən getmişdim oraya üç il, beş il müddətinə. Yəni bir az qazanım, Bakı düzələr, filan. Amma düzəlməsi bir az gec çəkdi. Beş ilə düzəlmədi. Mən 1995-də getdim, 2000-ci illərin əvvəlində də elə deyildi vəziyyət. Hələ də siyasi mübarizələr gedirdi, başağrısı olurdu, hələ də iqtisadi vəziyyət düzəlməmişdi.

- Cahangir müəllim, Azərbaycanın Əməkdar incəsənət xadimi və sonra da Xalq artisti 1995-ci ildə arxasını çevirdi və getdi. Sizcə, Azərbaycan teatrına, Azərbaycan kinosuna, Azərbaycan mədəniyyətinə arxa çevirmiş olmadınızmı?

- Yox. Mən "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" adını Azərbaycanda almadım. "Xalq artisti" adını da Azərbaycanda işləyəndə almadım. Halbuki, mən bunu birinci dəfə deyim - bunu bilən insanlar var, bunun üçün mənə mübarizə aparmaqda kömək edən və köksünü önə atan insanlar var yanımda. Onlardan biri Ramiz Mirzəyevdir-Ramiz Həsənoğlu...

- Cahangir müəllim, sizin Moskvada qalmaq imkanınız var idi. Siz o vaxt...

- Var idi. Mən Almaniyaya da gedə bilərdim. Mənim yaxşı tanıdığım alman rejissor da var idi, çağırırdı məni. Deyirdi, gəl burada tamaşa qoy, dərs de və s. Bir az da alman dilim var idi zamanında, indi unutmuşam. Amma mən Türkiyəni, öz millətimi tərcih etdim.

- Soruşmaq istəyirdim ki, sizin Moskvada qalmaq imkanınız var idi, amma siz geriyə, Şəkiyə döndünüz. Niyə məhz Şəkiyə?

- Bilirsiniz, bunu da birinci dəfə deyəcəyəm. Azərbaycan aydınları, ziyalıları - rəssamlarımızın çəkdiyi və ya televiziyanın göstərdiyi o portretlər var ha, o böyüklük-filan - onlar çox normal insanlar idi. Bütün bizim böyük ziyalılarımızın hamısı məktəblərdə dərs deyib.

Bakıda xeyli ziyalı vardı. Amma Şəki Teatrında mənim sinfim var idi, dörd-beş il bərabər oxuduğum uşaqlar var idi. Bizim ideallarımız var idi Hüseynağa ilə, İbrahimlə və digər dostlarımızla. O ideyaları ancaq Şəkidə həyata keçirmək olardı.

1949-50-ci illərdən sonra, 1990-cı ilə qədər, mən üzr istəyirəm, bizim milli teatrımız Biləcəridən o yana keçməmişdi, amma Şəki Teatrı 1979-u ildə, Hüseynağa Atakişiyevin vaxtında, Kuba və bir çox başqa şəhərlərə getmişdi.

Mən ancaq öz zamanımı söyləyim: 1984-cü ildən etibarən 1990-cı ilə qədər orada işlədim. Kazan, Daşkənd, Səmərqənd, Moskva, Çexoslovakiya, Praqa... Hansı teatr Azərbaycanda 1990-cı ilə qədər öz gücü ilə, öz məharəti ilə xaricə qastrol səfəri edib? Bunu mənə deyin, mən "partbiletimi çıxardım qoyum ortalığa". (gülür)

Bilirsiniz, nədənsə bu gün də o tendensiyanı hiss edirəm, görürəm deyə bilmirəm, amma hiss edirəm. Çünki münasibətdə hiss edirəm. Bəlkə də, haqlıdırlar bu gün - çünki zamanında qida verilmiş olsaydı, bu gün əyalət teatrları başqa gücdə, başqa etik-estetik səviyyədə olardı.

- Cahangir müəllim, Nəsibə xanım Zeynalova kimi böyük sənətkarımızın ailəsində böyümüsünüz. Sizin əyalətə, Şəkiyə getmək istəmənizdə bunun da bir rolu olubmu? Yəni istəmisiniz ki, sizi ananıza görə yox, özünüzə görə tanısınlar?

- Təbii ki. Tanınmış insanların övladları məni başa düşərlər. Hə, bəziləri bunu həzm ediblər, bəziləri həzm etməyiblər, amma mən hesab edirəm ki, mən böyüklərimin altında əzilmədim və onları da ayağımın altına almadım. Yəni onların postamentləri üzərinə çıxıb özümü göstərmək istəmədim və etməzdim də.

Mən öz postamentimi özüm qurmağı, onun üzərinə çıxmağı, amma tamamilə başqa bir teatr, başqa bir oxunuş, başqa bir yaxınlaşma olmasını düşünürdüm və bunu mən etdim. Bunu gördülərmi, görmədilərmi? Mən onu deyə bilərəm ki, Azərbaycan klassik dramaturgiyasının səhnələşdirilməsində, M.F.Axundovun altı əsərinin oxunuşu "Müsyö Jordan" tamaşası qoyulana qədər çox klassik, çox yeknəsəq, çox sıxıcı idi...

- Nəsibə xanımla eyni səhnədə olmaq sizə hansı məsuliyyəti yükləyirdi? Çətin idi, ya asan?

- Mən səhnədə olanda anamla deyildim, böyük sənətkarla idim. Təbii ki, Nəsibə xanım elə bir insandı ki, necə deyim sizə?.. Sözün əsl mənasında, böyük sənətkar səhnədə partnyoru oynadır, ona can verir, ruh verir. Sadəcə, sizə, yaxud mənə yönəlik deyil. Yəni təklif olunan vəziyyət deyə bir şey var. Həmin o təklif olunmuş vəziyyətin içərisində orqanik yaşama prinsipləri var teatr, aktyor sənətində.

O prinsiplərin əsası istedadlı adamlardan doğur. Onlar etdiklərini mənim kimi anlada bilməzlər. Onlar edirlər, mən isə bunu öyrənməyə çalışdım. Stanislavskinin sistemi də belədir.

Aktyor sənətində belə bir şey var - evdə düşünüb, gəlib səhnədə etmək olmaz. Evdə hazırlayıb, qurub, gəlib səhnədə düşünərək etmək lazımdır. Düşünərək etdiyin zaman bir şeyi öyrənirsən. Nəsibə xanım səni düşündürərək onu sənə etdirirdi. Sən o xəmirin içərisində yoğrularaq öyrənirdin. Kitab oxumaqla aktyor sənətini öyrənmək mümkün deyil, ancaq onu icra edərək öyrənmək lazımdır.

- Məşhurların övladları hansısa bir kompleks yaşayırlar...

- Mən qoymadım o kompleks məndə olsun.

- Cahangir müəllim, artıq neçə illərdir Türkiyədəsiniz. Sizcə, bu, sizi Azərbaycanda yeni obrazlarda, teatr səhnəsində, yeni tamaşalarda görmək istəyən tamaşaçılarınıza qarşı haqsızlıq deyilmi?

- Siz elə düşünürsünüz ki, mən haqsızam. Məni dəvət etdilər, mən gəlmədim? Siz bunu eşitmək istəyirsiniz? Bunların hamısını gözəl bilirsiniz də... (gülür)

- Sizi dəvət edən Ramiz Həsənoğlu olub, bildiyim qədərilə.

- Ramiz Həsənoğlu nə vaxt dəvət edib, gəlmişəm, çəkilmişəm, getmişəm. Amma təəssüf ki, sonuncu iki tamaşa...

Azərbaycanda Ramizdən başqa rejissor qalmadı. Ramizlə mən çox ciddi danışdım. Dedim, Ramiz, sən nə vaxt tamaşa qoyarsan, mən gələrəm, çoluq-çocuğa vermə. Onların rejissorluğun "re"sindən xəbərləri yoxdur. Əgər bir rejissor çəkiliş meydançasında aktyorları kompozisiya çərçivəsində görmürsə, bir rejissor öz qarşısına qoyduğu məqsədə görə onu seçdiyi aktyorlar arasında paylaşdıra bilmirsə, dialoqun içərisində aktyoru inandırıb onu dedizdirə bilmirsə...

İndi rejissor deyir: "Hə, eləyin də, baxım görüm nə edəcəksiniz?" Mən palçıqdan heykəl düzəldirəm məgər? İşi bilmirlər, başa düşürsünüz? Maraqlısı odur ki, bəziləri də dərs deyirlər. İki vur ikinin dörd olduğunu bilməyən insan uşaqlara nə öyrədəcək?

- Bilirsiniz ki, sizi burada nə qədər sevirlər?

- Mən bilirəm, çox sevirlər. Nəsibə xanıma "Əməkdar artist" adını çox gec verdilər. Haradasa 45 yaşında-filan... Nəsibə xanım küçədə gedəndə ona "aaa, Züleyxa", "aaa, Əsmət" deyirdilər, onda hələ "Qayınana" yox idi. Xalq sizin kimi məni tanıyırdı, amma Nəsibə xanıma ad verilmirdi. Çox bəsit bir şey söyləyim sizə, amma ad çəkməyəcəyəm.

Evdə oturmuşuq Nəsibə xanımla, qabaq Sovet İttifaqı vaxtında, tək-tük adama ad verilərdi, "SSRİ Xalq artisti" adı Nəsibə xanımın adına gəldi. Mərkəzi Komitədə onu verdilər başqasına, o başqası da Nəsibə xanıma axşam zəng elədi ki, Nəsibə xanım, vallah, mənim xəbərim yoxdur. (qaşlarını çatır)

- Amma məsələ bu deyil. Nəsibə xanıma ad verilsə də, verilməsə də, bizim üçün, xalq üçün, tamaşaçı üçün bunun bir önəmi yox idi ki.

- Söhbət ondan getmir. Siz məsələyə tamamilə başqa nöqtədən baxırsınız.

- Axı Nəsibə xanıma "Azərbaycan Respublikasının Xalq artisti" deməyə ehtiyac yoxdur. Nəsibə xanım elə Nəsibə xanımdır. Ona hətta o ad verilməsəydi belə, o, xalqın artisti idi.

- Doğrudur, kaş ki verilməsin. Bu adları yığışdırsınlar... Mənə "Azərbaycanın Əməkdar incəsənət xadimi" adını Azərbaycan diasporu Azərbaycan sənətini xaricdə tanıtdığıma görə verib. Çünki mən xaricdə teatr binası tikdirdim, teatr açdırdım. Tələbələrim, siz bilmirsiniz kimlərdir - ulduzlardır, filmlərə çəkilirlər, tamaşalar oynayırlar.

- Bakıya nə vaxt qayıtmaq istəyirsiniz?

(qaşlarını çatır)

- Həmişəlik.

- Həmişəlik?.. Pensiyaya çıxım, bəlkə, qayıtdım. Bəlkə... 70 yaşından sonra mən burada nə edəcəyəm?

Yeni nazirlə də görüşmüşəm. Çox gözəl təəssürat yaradıb məndə. Soruşdu ki, nə istəyərdiniz? Dedim ki, açıq deyim, Azərbaycan teatrı xəstədir. Hər hansı teatrı mənə versəniz, nə qədər gücüm var - düşünürəm ki, Allah izin verər, bir 80 yaşına qədər, mən o teatrı sağaldaram. Mənə 200 kvadratmetr yer verin, orada sizin üçün yeni nəsil - Türkiyədə yaratdığımı, etdiyimi burada da edim. O söhbətin üstündən bir ildən çox vaxt keçir... (gülür)

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun