“Qaynana” filminin Afəti illər sonra: "Pərəstişkarlarım məni...”- FOTO

“Qaynana” filminin Afəti illər sonra: "Pərəstişkarlarım məni...”- FOTO

Milli.Az bildirir ki, "Qaynana" filminin Afəti, Rusiyanın məşhur kino və teatr aktrisası İnarə Quliyeva özəl olaraq Moderator.az saytının suallarını cavablandırıb.
 
-İnarə xanım hər vaxtınız xeyir. Necəsiniz? Sizi Azərbaycandan salamlayırıq.
 
-Təşəkkür edirəm. Yada saldığınız üçün minnətdaram. Yay fəslidir, bağda dincəlirəm.
 
- Bir müddət əvvəl də sizə zəng etmişdim.

- Bəli, elədir. Azərbaycandan mənə başqa zəng edən olmadığı üçün sizin zənginizi əlbəttə ki, xatırlayıram (gülür).

- Azərbaycanda bir neçə filmdə baş rolda çəkilmisiniz. Bu barədə xatirələrinizi bizlə bölüşə bilərsinizmi?
 
- Bilirəm ki, bütün bunları mənim dilimdən eşitmək sizin üçün çox maraqlıdır. Nə deyə bilərəm ki? Hər şey gözəl idi, nağıl kimi, qəşəng idi. Xatirələr dəyişmir ki.. Olduğu kimi qalır. Xüsusilə Nəsibə xanımı gözəl xatırlayıram. Çox mülayim, qayğıkeş bir insan idi.
 
- O illər sizə daha çox nəyi xatırladır?
 
-O illər gəncliyimizinin qaynar, eləcə də film kariyeramızın məhsuldar çağı idi! Təəssüfləndirən odur ki, artıq hər şey geridə qalıb, bir göz qırpımında yaşanıb elə bil.
 
-Çəkilişlər zamanı ən yaddaqalan epizodlardan danışa bilərsinizmi?
 
-Hər kəs filmin mükəmməl ərsəyə gəlməsi üçün vahid bir komanda kimi işləyirdi, kollektivin hər bir üzvü bir-birinə dostcasına yanaşırdı, rəğbət bəsləyirdi. Deyirdik, gülürdük, danışırdıq. Rejissor bəzən hansısa aktyor oyununa əsəbləşirdi. Bəzən o da bizə qoşulub gülüş doğuran situatsiyalara gülürdü (gülür).
 
-Yenə də filmdə çəkilmək istərdinizmi?
 
-Mən artıq Rusiyada yaşayıram. Əlbəttə ki, çəkilmək istərdim. Niyə də yox? Mən aktrisayam, bu mənim işimdir.
 
-Azərbaycan barədə nə deyə bilərsiniz?
 
-Azərbaycan çəkildiyim ölkədən əlavə, həm də əcdadlarımın vətənidir. İnsan öz vətəni haqda yalnız xoş anları xatırlayır. Mənimlə razılaşarsınız ki, vətəni haqda pis düşünən insan özü də birmənalı olaraq yaxşı vətəndaş ola bilməz. Ölkənizə firavanlıq və çiçəklənmə arzulayıram.
 
-Yəqin ki çoxdandır Azərbaycanda olmamısınız? Gəlmək istərdinizmi?
 
-Qəribə səslənir, çəkildiyim bütün ölkələrdə olmaq istərdim sözsüz ki..
 
-Yenidən hansısa filmə dəvət almaq, çəkilmək istərdinizmi?
 
-Bilirsinizmi yaş öz sözünü deyir.  Açığı desəm,  xeyr. Hər bir aktrisa öz pərəstişkarlarının gözündə o zirvədəki kimi gözəl, möhtəşəm xatırlanmaq istəyir. İndi daha çox teatrda gənc aktyor və aktrisalara öz bildiklərimi aşılamağa çalışıram. Çox rəy-çox insan deməkdir. Bakı şəhəri və Azərbaycan barədə parlaq xatirələrim var. 
 
- "Alma almaya bənzər" filmindəki "şagirdiniz" Kərimov-Cəmil Quliyev barədə nələri xatırlayırsınız?
 
-Ən yaxşı, ən qayğısız anları. Müəllimə öz şagirdi barədə necə düşünə bilərsə elə.. (gülür)
 
-Azərbaycanda sizi çox sevirlər, illər keçsə də o şux və tələbkar "müəllim" kino tariximizdə ən koloritli obrazlardandır.
 
-Təşəkkür edirəm. Bayaq qeyd etdiyim kimi, Azərbaycanı birmənalı olaraq, təkcə filmdə çəkildiyim üçün deyil, əcdadlarımın vətəni, qonaqpərvər bir ölkə olaraq sevirəm.
 
-Sizi sevənlərə çatdırmaq istədiyiniz ürək sözləriniz varmı?
 
-Hədsiz təşəkkür edirəm, yada salmısınız və müsahibə alırsınız. Bu çox qürurvericidir. Pərəstişkarlarıma və ölkənizə qucaq dolusu salamlar göndərirəm..

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun