Xalq artisti: "Rasim Balayev məndən qisas alır"

Xalq artisti: "Rasim Balayev məndən qisas alır"

Bu gün Azərbaycanda kino işçiləri peşə bayramını qeyd edir. Hər il Azərbaycan Kinosu Günü müxtəlif tədbirlərlə yadda qalır. Bu il də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək. 

Milli.Az bildirir ki, qaynarinfo-ya daxil olan məlumata görə, kino sahəsində xidməti olan aktyorların arasında ayrıseçkilik edilib, bəzi aktyorları tədbirdən kənarda saxlayıblar. Onlardan biri Xalq artisti Tariyel Qasımovdur.

Aktyor Qaynarinfo-ya açıqlamasında buna görə, Xalq artisti Rasim Balayevi ittiham edib:

"Bunu Rasim Balayevlə Şəfiqə Məmmədovadan soruşmaq lazımdır. Qoy cavab versinlər ki, məni tədbirə niyə dəvət etməyiblər? Mən sovet   dövründən xarici ölkələrdə filmə çəkilən bir aktyoram. Niyə kənarda qalmalıyam? Onlar həmişə  mənə qarşı olublar. Amma müsahibəmdə də hər  ikisinin ünvanına möhkəm döşəmişəm. Kinomotoqrafçılar İttifaqından mənə zəng gəldi, soruşdular ki, hansının sədr olmasını istəyirsiniz? Dedim ki, ikisini də sədrlikdən qovmaq lazımdır. İndi onun qisasını alırlar. Başqa heç nə olmayıb. Rasim bir dəfə ünvamına xoşagəlməyən ifadə işlətmidi. Tədbirlərin birində gördüm, soruşdum ki, Rasim, sən yaxşı aktyorsan, yoxsa mən? Dedi ikimiz də. Dedim ki, bəs niyə demisən ki, Tariyel Qasımov aktyor deyil. Çox heyif ki, kino günündə zəhməti olan adam kimi sayılmıram". 

Kinomotoqrafçılar İttifaqının məsul katibi Əli İsa Cabbarov Xalq artisti Tariyel Qasımovun ittihamlarına cavab verib. O, tədbirin təşkilatçısının Mədəniyyət Nazirliyi olduğunu xatırladıb:
"Rasim müəllim Bakıda deyil, məzuniyyətdədir. Burada onluq heç nə yoxdur. Tədbiri keçirən biz deyilik. Təşkilatçısı da nazirlikdir. Onu tədbirə nazirlik dəvət etməlidir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun