Amerikada yaşayan aparıcı Səxavət Nur mərhum aktrisa Firəngiz Rəhimbəyova ilə bağlı süjet hazırlayıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcının "Americano" layihəsində qızı Reyçel onunla bağlı xatirələrini bölüşüb.
Reyçel anasının Amerikaya köçərkən ingilis dilində danışa bilmədiyini və bu səbəbdən burada yaşamağın onun üçün çətin olduğunu vurğulayıb:
"Amerikaya yeni gələndə hər kəsə elə gəlir ki, burada həyat daha gözəl olacaq, arzular, xəyallar... Amma sonra anlayırsan ki, həyatını sıfırdan başladığın üçün 10 illərlə zamanı sağ qalmaq üçün mübarizə aparmısan. Mənim üçün asan idi. Uşaq idim, bu ölkədə gözəl şanslar var idi. Amma anam üçün elə deyildi. Məsuliyyəti böyük idi, ingiliscə danışa bilmirdi, ürəyində səhnədə olmaq arsuzu var idi. Heç nə asan deyildi. Onun əsas hədəfi mən idim. O, bütün bu qurbanları mənim üçün vermişdi. İndi özüm də ana olduğum üçün onu daha yaxşı anlayıram, O, sənətini, şöhrətini mənim üçün qurban vermişdi".
Reyçel bildirib ki, anası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib:
"Anam elə yaşda idi ki, o yaşda insanlarda qan təzyiqi problemləri yaranır. Onun bəzi şikayətləri var idi. İndi anlayıram ki, onun ürək çatışmazlığı var idi. Onun həyatını itirdiyi gün Raymondun (F.Rəhimbəyovanın həyat yoldaşı - red.) ad günü idi. Yemək yeməyə gedəcəkdik. Özünü çox yorğun hiss edirdi. Ona görə də həyat yoldaşım Raymondla birgə getdi. Biz isə uşaqlarla anamın yanında qaldıq. Sonra onu həkimə getməyə razı saldım. Uşaqlarımı qayınanamgilə qoyub onu həkimə aparacaqdım. Amma vəziyyətinin gərgin olduğunu dedi. Təcili yardıma zəng etdim. Onlar 1 dəqiqə içində özlərini çatdırdılar. Anam özündə idi, onların suallarına cavab verirdi, mənimlə danışırdı. Amma nəfəs almaqda çətinlik çəkirdi. Testlərdən sonra infarkt keçirdiyini dedilər. Təcili yardımla xəstəxanaya aparanda dedilər ki, narahat olmayın, vəziyyəti sabitdir. Həyat yoldaşıma zəng etdim, gəldi. Mən isə uşaqları qayınanamgilə apardım və xəstəxanaya getdim. Həkim bizi boş otağa apardı və dedi ki, "Xəstəxanaya yetişdirə bilmədik". Elə yolda dünyasını dəyişib. Cəmi 3 dəqiqəlik yolda. 30 dəqiqə ərzində tibb içşiləri onu xilas etməyə çalışdılar. Amma onu xilas etmək mümkün olmayıb. Bizim bildiyimiz cavablar bunlardır. Amma bunun artıq mənası yoxdur. O, artıq həyatda deyil".
O, anasının ölümündən 3 həftə sonra dənf olunmasına aydınlıq gətirib:
"Qəfil ölüm idi deyə sənəd işləri uzun çəkdi. Onun həkimi şəhərdə olmadığı üçün tamamilə başqa xəstəxanada, başqa həkimini iş saatında ölmüşdü. Ölüm sənədini təsdiqləmək, xəstəxanalar arasında sənədləşdirmənin uzanması, dəfn vaxtının uzanmasına səbəb oldu. Həm də heç birimiz bu ölümə hazır deyildik. Onu harada dəfn edəcəyimiz belə bilmirdik. Yaşlı və ya xəstə insan olanda ən azından əvvəlcə bu haqda düşünürsən, amma anamın qəfil ölümü heç ağlımdan belə keçmirdi. Bizim ailəmizdə heç vaxt heç kəs ölməmişdi. Mən şok yaşadım. Qardaş və ya bacım olmadığı üçün bütün yük mənim və həyat yoldaşımın üzərində idi. Nəzərə alanda ki, tamamilə bitmiş vəziyyətdə idim, dəfnlə bağlı bütün məsuliyyət ərimin üzərində idi. Həm də mən daha yaxşı məzarlıqda dəfn olunmasını istəyirdim. Bu səbəblərdən öldüyü gündən bir neçə həftə sonra dəfn olundu. Başqa bir mistik səbəbi yoxdur".
Qeyd edək ki, "Bəxt üzüyü" filmində "Sevda" obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-nin Los-Anceles şəhərinə köçüb. Qızı adını daha sonra Reyçel olaraq dəyişir. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. F.Rəhimbəyova 2022-ci ilin avqustunda ürəktutmasından dünyasını dəyişib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun