Xəbər verdiyimiz kimi, Xalq artisti və iş adamı Emin Ağalarov “DreamFest” Beynəlxalq Musiqi Festivalında həyat yoldaşı, model Alyona Qavrilova ilə Moskvada gizli toy etdiklərini təsdiqləyib.
OLAY yazır ki, sənətçi toy şənliyinin necə keçdiyi haqda Laura Cuqeliyaya verdiyi müsahibədə danışıb.
Dünyada baş verən son olaylarla bağlı 44 yaşlı Ağalarov bu hadisəni ictimaiyyətə açıqlamaq istəmədiyini bildirib:
“Biz bunu necə edəcəyimizi çoxdan düşünürdük. Münasibətlərimizi rəsmləşdirməyimizin şərəfinə tarix seçdik, imza atdıq və nahar etdik. Təxminən 60-70, bəlkə də ən yaxın 80 nəfər var idi. Bu dəfə atam bizi təbrik etməyə gəldi. İlk toyumuz möhtəşəm keçdi, sonra ayrıldıq. Yenidən bir araya gəldik. Sonra qərara gəldik ki, nikahımız qanuni olmalıdır. Bu ilin may ayında evləndik və terrasdakı restoranımda dostlarla yığışdıq. Gözəl axşam idi. Dostlarım və həmkarlarım çıxış etdilər: Dima Bilan, Jah Khalib... Mən həyat yoldaşımla xoşbəxtəm. Bizdə bir tərəfdən uyğun gəlməyən xarakterlər, digər tərəfdən harmoniya var, çünki Alena çox sakitdir, publik insan deyil”.
Emin Ağalarov bu ayrılıqdan sonra Alyona Qavrilovanın könlünü almaq üçün əlindən gələni etdiyini söyləyib.
İş adamı ona bir neçə dəfə evlilik təklifi etsə də, Alyona imtina edib. Lakin nəticədə Ağalarov məqsədinə nail ola bildiyini vurğulayıb:
“Mən Alyonanı çox sevirəm, 10 ildən çoxdur ki, biz bir yerdəyik. Mən ona yenidən evlənmə təklif etdim. Dərhal razılaşmadı, çünki iki dəfə eyni dırmığa ayaq basmaq istəmədiyini söylədi. Cavab verdim ki, mən o dırmığam ki, sən hədsiz sayda onun üstünə addım ata bilərsən”.
Sənətçi Alyonanın iş adamı Rüstəm Tarikodan olan oğlu ilə yaxşı münasibətdə olduğunu qeyd edib.
Bildirib ki, xanımının oğlu xaricdə oxuyur və Rusiyaya gələndə hamısı birlikdə əylənirlər.
Qeyd edək ki, Emin Ağalarovun Alyona Qavrilovadan Afina adlı 6 yaşında bir qız övladı var.
Rəşad Əliyev