Ölkəmizdə dublyaj sənəti 1937-ci ildə yaranıb. Şüa Şeyxovun rejissorluğu ilə "Çapayev" bədii filmi rus dilindən Azərbaycan dilinə dublyaj edilib. Bu işdə o vaxtın görkəmli aktyorları iştirak ediblər. Məlumata görə Çapayev rolunu "Qayınana" pyesinin müəllifi, aktyor Məcid Şamxalov dublyaj edib. Müasir zamanda dublyaj olunan bir çox filmlər izləyicilərin zövqünü oxşamır. Bəzən isə dublyajı tamaşaçı bəyənsə belə, qəbul etməyən sənətçilər də olur. Aktyoru kimin dublyaj edəcəyinə isə rejissor qərar verir.
Milli.Az bildirir ki, uzun illərdir bu sahədə çalışan əməkdar artist Nəcibə Hüseynova Moderator.az-a müsahibəsində bildirib ki, dublyaj bəzən məcburiyyətdən yaranır.
"Filmin müəllifi əlbəttə ki, rejissordur. Çünki rejissora nə lazımdırsa, istəyi nədirsə bütün bunların hamısını o bilir. Rejissor filmi də öncədən görür. Ola bilər ki, o həmin aktrisanın qarşısına məqsəd qoyub ki, filan yeri belə oyna, belə səs tonu ilə de. Bəlkə həmin aktrisa hansısa epizodda onun öhdəsindən gəlməyib? Biz onu intonasiya ilə səsləndirmədə düzəldirik. Aşırı dərəcədə olanda biz onu yumşaldırıq. Dublyaj bir növ filmi redaktə edir. Rasim Ocaqovla mənim yaradıcılıq tandemim hər zaman olub. İlk dəfə Rasim Ocaqovun çəkdiyi "Park" filmində balaca bir hissəni mən dublyaj etmişdim. Üstündən bir müddət keçdi, Rasim müəllim məni "Ölsəm bağışla" filmində aktrisa Gülzar Qurbanovanı dublyaj etməyim üçün çağırdı. Sual verdim ki, Rasim müəllim, qız özü niyə səsləndirmir? Dedi ki, o hələ yetkinlik yaşına çatmayıb, istəyirəm qız yox, qadın səsi olsun. Filmdə ilk böyük işim bu olub, nədənsə bu çox adamın yadında qalmayıb. Bir müddətdən sonra isə o mənə "Təhminə" filmində baş qəhrəmanı səsləndirməyi təklif etdi. Çox sevindim, çünki əsəri oxumuşdum. Dedi ki, bunu məndən çox aktrisa istədi, dedim ki, ancaq Nəcibə səsləndirə bilər. Səsləndirdim, çox uğurlu oldu, filmin bu qədər uğurlu alınmasını sözün düzü gözləmirdim. Bəzən isə dublyaj məcburiyyətdən olur. Ya aktrisanın işi çıxır, ölkədə olmur, ya xəstələnir. Ona görə həmin aktrisanı biz səsləndiririk. Məsələn, xalq artisti Səidə Quliyeva filmə çəkilmişdi, vacib işi çıxdığı üçün səsləndirməyə gələ bilməmişdi. Bu zaman həmin rolu mən səsləndirdim" deyə aktrisa bildirib.
Çəkildiyi əksər filmlərdə hər zaman dublyaj olunan sənətçilər də olub. Xalq artisti, sevilən aktrisa Leyla Şıxlinskaya kimi... Amma elə bilməyin ki, o filmlərində onu dublyaj edən hər kəsi bəyənir. Medianews.az-a açıqlama verən xalq artisti onu filmlərdə dublaj edənlərdən, bəyəndiyi və bəyənmədiyi səslərdən danışıb.
" Əksər tamaşaçılar məni "Gün keçdi" filmi ilə tanıyır. Məni bu filmdə Amaliya Pənahova səsləndirib. Sözün düzü bu dublyajı qətiyyən bəyənmirəm. Bir dəfə kinonun premyerası keçirilirdi. Yazıçı Anar müəllim də orada idi. Mən hətta xahiş etdim ki, filmi rus dilində efirə versinlər. Ona görə yox ki, mən rus dilində başa düşürəm. Ona görə ki, rus variantında Həsən Məmmədovu Tixonov dublay edib, məni isə Konçalovskaya! Amaliya Pənahova isə dublyaja əlavə səslər qatıb. Ola bilər ki, Əsmər obrazı Amaliya xanımın səsləndirdiyi kimi olsun. Niyə də yox?! Amma o mən deyildim. Aktyorluq bacarığı ilə ekranda göstərilən görüntü düz gəlmirdi. Söhbət səsləndirmədən və görüntüdən gedir. Hətta fikirlərimi açıq dediyimə görə Amaliya xanım məndən incimişdi. Demişdi ki, mən xalq artistiyəm, Leyla xanım haqqımda belə deyib. Olsun da. Mən də xalq artistiyəm, o demək deyil ki, müsahibə verməməli idim. Məndən soruşdular mən də dedim. Kinonun sanbalı və keyfiyyəti dublyajdan asılıdır. Dublyaj nə qədər mükəmməl olsa, görüntü bir o qədər keyfiyyətli olur. Mən heç vaxt özüm-özümü dublyaj etməmişəm.
Çünki mən dublaj aktrisası deyiləm. Orada dəqiqlik olmalıdır ki, səs üst-üstə düşsün. Ən çox bəyəndiyim dublyaj isə xalq artisti Əminə Yusifqızının olub. O məni "Arşın mal alan", "Dədə Qorqud" filmlərində dublyaj edib. Sözün düzü çox da bəyənmişəm" deyə xalq artisti bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun