Diaspor Gənclərinin V Yay Düşərgəsi Ermənistanda narahatlıq yaradıb

Diaspor Gənclərinin V Yay Düşərgəsi Ermənistanda narahatlıq yaradıb

Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi Ermənistanda ciddi narahatlıqla qarşılanıb.

OLAY yazır ki,  xüsusən düşərgənin panellərindən birinin Qərbi Azərbaycan mövzusuna həsr olunması erməni mediasında təşviş doğurub.

Qeyd edək ki, sözügedən paneldə Qərbi Azərbaycan İcmasının Aparat rəhbəri Qalib Qasımov, İcmanın əməkdaşları Sənan Əhməd və Anar İrzaquliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva iştirak edib.

Çıxışçılar tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımızın etnik mövcudluğuna son qoyulmasının və onların mədəni irsinin məhv edilməsinin ermənilərin dövlət siyasəti olduğunu bildiriblər. Qeyd olunub ki, 1988-ci ildə baş verən sonuncu etnik təmizləmə nəticəsində azərbaycanlılar dədə-baba yurdlarından tamamilə çıxarılıblar. Görüşdə xalqımızın Qərbi Azərbaycandakı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliği, indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin insanların öz ata-baba yurdlarına qayıdışının təmini və birgəyaşayışa nail olunması məqsədilə Qərbi Azərbaycan İcmasının yaradıldığı qeyd edilib.

Aparıcı erməni media orqanlarından “arovat.am”, “armenpress.am” saytılarında, onlara istinad edən digər media qurumlarında və teleqram kanallarında dərc olunan məqalələrdə Diaspor Gənclərinin V Yay Düşərgəsi hədəf alınaraq tədbirin təşkilatçılarına və oradakı çıxışlara diqqət çəkilib, guya erməni mədəni irsinə qarşı təbliğat aparılması barədə iddialara yer verilib. “Geqard” adlı elmi-analitik fond isə daha da uzağa gedərək, Azərbaycanı təkcə erməni irsini deyil, həm də “İrandakı Atropatena irsini mənimsəmək” cəhdlərində ittiham edib.

Xatırladaq ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115  gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.

Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilib.