Pərviz Hüseyn yazır...
Azərbaycanda nəyəsə ümid etmək, xəyal qurmaq da qadağandır deyəsən...
Yox, düz anlamadınız, bunu dövlət etmir, bunu sizinlə eyni coğrafiyada nəfəs alan, regionunun çətinliyindən xəbərdar olan insanlar edir.
Bu günlərdə Emin Ağalarov sahibi olduğu “Sea Breeze”lə bağlı lotoreya keçirir, o, paylaşdığı postu öz instaqramda “story”sində bölüşən təsadüfi bir nəfərə əşyalı, təmirli ev verəcəyini vəd edir.
Günümüz reallıqlarındakı qiymətləri və gəlirləri nəzərə alsaq, ev almaq çoxunun xəyalıdır. Bunun üçün aylarla, illərlə çalışmalı, ipoteka verməli, yaxud bizim kimi 86 min 357 işdə çalışmalısınız. İndi sözün gəlişidir, dedim...
Dünəndən Eminin postuna 12 milyondan çox baxış sayı gəlir, 286 mindən çox şəxs bunu öz instaqram hekayəsində paylaşıb. Ağalarovun “reels”i son illərin ən yüksəkreytinqli instaqram postudur deyə bilərik. Mentalitetimizdə “Kişinin evi olar” mövzusu hər zaman ümdə olduğu üçün, bu insanların ən təməl ehtiyaclarından biridir.
Ancaq görünür ki, məsələni yanlış anlayanlar və ya anlayış qabiliyyəti sıfır olanlar var. Onları sosial şəbəkədə açıq-aydın görə bilərik:
Evi olub başqasını lağa qoyan kütlə: “Ahahahaha, evi paylaşmısınız, ahahahahah”
“Siz kimsiniz ki, “Sea Breeze”də yaşayasınız?” deyən kütlə: Oranın kommunal xərcləri nə qədərdir, siz özünüzə şalvar ala bilmirsiniz.
Lotoreyalara inanmayan kütlə: Ağlınız yoxdur, hələ də inanırsınız ki, siz oradan ev qazana bilərsiniz...
“Kasıbın nəyi də olmasa, babat xəyalları olur” deyib, başqasına ağılsız gözü ilə baxanlar... Ay qardaş, ay bacı, ay camaat, sizə nə? Tutaq ki, mən ağılsızam, bunu instaqramda “share” etmişəm. Mənim ümidim var, xəyallarım var. Sizdən icazə almalıyam?
“Siz kimsiniz ki, “Sea Breeze”də yaşayasınız?” deyən kütlə, sizcə, burada söhbət “Sea Breeze”də yaşamaqdan gedir? Burada söhbətin məğzi evdir! Azərbaycanlılara ev lazımdır, harada olmasından asılı olmayaraq. Bu, onun xəyalıdır. Bəlkə illərlə çalışacaq, heç vaxt evi olmayacaq, bu, onun üçün bir şansdır. Uğur diləməyə qarnınız ağrıyır? Ya enerjiniz tükənəcək bu iki cümlə ilə?
Bu kampaniya çox gözəldir! Paylaşanlar bəxtini sınayacaq, necə ki, siz milyonlarla sperma arasından bəxtiniz sınayıb, qalib olmusunuz və bu dünyada nəfəs alırsınız. Bir nəfər də qazanıb, gözəl evə sahib olacaq. Artıq kommunal xərcini necə ödəyəcək, özü bilər. Əsas odur ev arzusu reallaşacaq!
Arzular və xəyallar insanın həyatına məqsəd, motivasiya və istiqamət verir. Bunlar olmadan insan həyatında irəliyə doğru addım atmaq çox çətin olar. Xəyallarımızı kiçik görən və ya başqalarının xəyallarına lağ edənlər, öz məhdud inanclarını başqalarına da qəbul etdirməyə çalışırlar. Hər kəsin özünəməxsus həyat yolu və məqsədləri var, və bu yolda arzu etmək və xəyal qurmaq çox təbii və zəruri bir prosesdir.
Başqalarının arzularına və xəyallarına hörmətlə yanaşmaq, insanın empati qabiliyyətini və dərin insan anlayışını göstərir. İnsanları öz potensiallarını reallaşdırmağa və həyatlarında daha böyük məqsədlər qoymağa təşviq etmək isə hər bir cəmiyyətin inkişafı üçün vacibdir. Sizin hər mövzuda insanların inanclarını qırmağa çalışmağınız vacib deyil. Arada sussanız, çox yaxşı olar!