“Əvvəlki ailə həyatlarına görə evi əlindən çıxmışdı, biz onunla kirayədə yaşayırdıq”- Hacıbaba Bağırovun xanımı

“Əvvəlki ailə həyatlarına görə evi əlindən çıxmışdı, biz onunla kirayədə yaşayırdıq”- Hacıbaba Bağırovun xanımı

"Hacıbabanı hər zaman efirlərdən izləyirdim. Ağlıma da gəlməzdi ki, nə vaxtsa bu insanı yaxından görəcəyəm və o mənə evlilik təklifi edəcək. Allah rəhmət etsin, aktrisa Lütfiyyə Səfərovaya.. İlk dəfə onunla teatra getdim və ilk görüşümüz də orada oldu. İlk görüşdən də mənə evlilik təklifi etdi. Bizim evlilik tarixçəmizi hər kəs bilir. Bu haqda uzun-uzadı danışmağa ehtiyac yoxdur. Allahın sevimli bəndəsi idi. Qoca yaşında o övlada sahib oldu. Hacı ata olandan sonra sanki həyata iki əllə sarılmışdı. Ancaq yaxşı şeylər haqda düşünürdü, arzularla yaşayırdı. Təəssüf ki, həyatımızın sonu da başlanğıcı qədər xoşbəxt notlarla bitmədi"
 
Milli.Az bildirir ki, bunu moderator.az -a açıqlamasında Xalq artisti Hacıbaba Bağırovun xanımı Arzu Bağırova deyib. O daha sonra sənətkarın xasiyyətindən danışıb.
 
"Heç vaxt keçmişə qayıtmağı sevmirdi. Məndən əvvəlki ailələri haqda danışanda söhbəti dəyişdirirdim, istəmirdim ki, neqativə köklənsin. Çünki bu söz-söhbətlər bir giley idi. O ürəyini mənə açırdı. Necə ki, o illərdə ailəsinə görə evsiz qalmışdı, mənimlə evlənəndə biz kirayədə yaşayırdıq. Biz xoşbəxt idik deyə heç nə gözümdə yox idi. Hacıbaba ailə üçün yaranmışdı. Sadəcə onun dilini tapmaq lazım idi. Mən bütün günü evdə olmurdum. Bütün günümü, 24 saatımı Hacıbaba ilə bərabər olurdum. Eyni zamanda onunla bərabər teatrda da çalışırdım. Bütün günü birlikdə idik. Bir gedib, bir gəlirdik. O sadəcə saat 9-dan işdə olurdu, mən 11 üçün işə gedirdim. Hətta uşaq da çox vaxtı bizimlə işə gedirdi. Onunla evli olduğum müddətdə Hacıbabanın bir tamaşası olmayıb ki, mən onunla bərabər həmin tamaşada olmayım. Bərabər də evə qayıdırdıq. Bazar günü bizim ailə günümüz idi. Anam, mən, uşaq və bir də o. Hər həftə restorana gedirdik. Sürücü də bizimlə olurdu. Anamı evə gətirib qoyurduq, özümüz isə teatra gedirdik. Bazar günləri Hacının tamaşası olurdu. Mən xoşbəxt qadın olmuşam. Yaş həddi də heç vaxt bizim üçün önəmli olmayıb. 17 ildir ki, Hacıbaba yoxdur. Mən yenə də onunla yaşadığım illərdəki kimi ona sadiqəm. Bir qız övladı böyüdürəm və çalışıram ki, atasının adına layiq olsun" deyə sənətkarın xanımı bildirib.

Arzu Bağırova bildirib ki, Hacıbaba Bağırovla birlikdə yaşadığı illərdən hələ də doymayıb.
 
"Hacıbabanın xəstələnib yatağa düşməsi çox tez baş verdi. Heç bilmədik ki, necə xəstələndi, nə baş verdi? Dünyasını 6-cı gün dəyişdi. 5-ci gün özünü yaxşı hiss edirdi. Hətta dedim ki, uşağı gətirim? Dedi ki, gətirmə, istəmirəm məni belə görsün. Ondan bir gün əvvəl Şölə yanına getmişdi və ona demişdi ki, "papa, tez gəl evə". Mən onunla xəstəxanada bir yerdə qalırdım. Həmin günü yuxudan durub dedi ki, özümü pis hiss edirəm. Bir neçə dəqiqə sonra gözlərini əbədi bu dünyaya yumdu. Çox gözəl günlər yaşamışıq. Çox xoşbəxt olmuşuq. Hacıbaba gözəl, xoşbəxt günlər keçirdi. Bu gün saysız-hesabsız sevənləri var. Çox çətin ki, həyatı geri qaytarmaq mümkün deyil. Zamanı geriyə döndərmək mümkün olsaydı çox istərdim ki, Şölənin necə böyüdüyünü, az da olsa əldə etdiyi nailiyyətlərini görsün. Bütün arzularının açarı Şölə idi. Deyirdi ki, kaş tez böyüyərdi, əlindən tutub məktəbə apara bilərdim. Bu gün hamı onu gözəl sözlərlə yad edir. Hər dəfə gözəl rəyləri oxuyanda çox sevinirəm. Övladıma, mənə nə arzu edirlərsə, eynisini onların övladlarına arzu edirəm" deyə sənətkarın xanımı bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun