Məleykə Əsədova kimdir? – Özünə hasar çəkən gözəl

Məleykə Əsədova kimdir? – Özünə hasar çəkən gözəl

Milli.Az lent.az-a istinadən aktrisa, Xalq artisti Məleykə Əsədova haqqında məlumat verir.

- Məleykə Əsədova harada anadan olub?

Məleykə Əlifağa qızı Əsədova 1966-cı il aprel ayının 23-də Neftçala rayonunda anadan olub.

- Məleykə Əsədova harada ali təhsil alıb?

1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub.

- Məleykə Əsədova hansı teatrda , hansı rolla işə başlayıb?

Bu barədə suala o müsahibələrindən birində belə cavab verib:
"Gənclər teatrı ilə başlamışam. İlk tamaşam "Aydın" tamaşası olub. Mən İncəsənət Universitetinin axırıncı kurslarında Lütfi Məmmədbəyovun təklifi ilə balaca bir rol oynamışdım. Həmişə mənə deyirdi ki, sən mütləq səhnədə olmalısan".

- Sənətə gəlişi üçün ən çox kimə minnətdardır. İlk müəllimi kimi hesab edir?

"Hər zaman deyirəm ki, məni sənətə Lütfi müəllim gətirib. Məni Azərbaycan xalqına sevdirən Lütfi müəllimin tamaşaları olub. Bilirsiniz, mən istedadıma o qədər güvənirdim ki, uşaqlıqdan mahnılar oxuya-oxuya deyirdim ki, mən aktrisa olacam. İstedadıma çox inanırdım, mahnı oxuyurdum, rəqs edirdim, İncəsənət Universitetində oxuyanda hamı mənə deyirdi ki, çox istedadlısan. Özümə çox arxayın idim, həmişə ən çətinə varan aktrisa idim. Lütfi müəllim mənə deyirdi ki, Allah səni səhnə üçün yaradıb",- deyə o bildirib.

- Məleykə Əsədova özü haqqında nə fikirdədir?

Bu sualın cavabı da özündən gəlsin: "İncə zərif olmağıma baxmayaraq, həmişə mərd qız olmuşam.
Daxilimdə də böyük güc var idi. Özümü 3 kəlmə ilə təsvir etsəm, səmimi, əsl insan, zəhmətkeş deyərdim" 

- Məleykə Əsədovaya şöhrəti hansı rol qazandırıb?

Orxan Kamalın "Yad qızı" tamaşasındakı Jalə və "İtkin gəlin" teletamaşasındakı Əfsanə rolları.
"Televiziya tamaşası idi. Özümə söz vermişdim ki, əgər tamaşaçı məni qəbul etməsə, başqa bir işlə məşğul olacağam. Gecə tamaşanı oynadıq, səhər piyada getdim "Aktyorlar evi"nə. Bilə-bilə piyada gəldim ki, görüm tamaşaçı məni görüb tanıyacaq, qəbul edəcək, yoxsa yox? İnandırım sizi, yolda gedəndə hamı deyirdi ki, aa, Jaləyə baxın, Jaləyə baxın. "Yad qızı" mənə böyük şöhrət gətirdi, ondan sonra neçə-neçə filmlərdən təklif gəldi. Obrazlar, baş rollar və sair, və ilaxır. Həsən Turabov da məni görmüşdü, çox bəyənirdi. Şəxsən özü, mənə dedi ki, gəl "Azdrama"ya işləməyə. 1993-cü ilin əvvəlindən başladım "Azdrama"da işləməyə. Orda da çox böyük obrazlar oynadım.

Həmin dövrlərdə Əlibala müəllimin "İtkin gəlin" tamaşası çəkilirdi televiziya üçün. Çox aktrisaları yoxlamışdılar, amma seçə bilmirdilər. Əlibala müəllim məni görən kimi dedi ki, mənim aktrisam Məleykədir. Sən Əfqanıstanda gördüyüm qıza bənzəyirsən"- deyə aktrisa bu barədə danışarkən bildirib.

-Məleykə Əsədova ailə qurub?

Bəli. Lakin qısa müddət sonra həyat yoldaşından ayrılıb.
"Bilirsiz, baş çox qarışıq oldu, həmişə səhnədə oluram, televiziya, film çəkilişləri, vallah, vaxt qalmır ailəyə. İndi çox işlərimi qızıma görə ləğv edirəm. Ailə qurmağım anamın istəyi ilə olub. Deyirdi ki, xəstəyəm, ailə qur. Sağ olsun, anam. Əgər anam olmasaydı, ailə qura bilməyəcəkdim. Nə yaxşı ki, qurdum. Mən bundan sonra heç vaxt istəmirəm ki, ailə quram. Çünki mən qız böyüdürəm. İş, sənət, övladım. Çox ağırdır, çox. Belə incə görünməyimə baxmayın, daxilimdə kişi qüdrəti daşıyıram. Amma artıq öyrəşmişəm və dözürəm. Qız övladımın yanına yeni bir ata gətirmərəm" - deyə o bildirib.

- Məleykə Əsədova kimisə sevib?

Bir dəfə "Söz baz" verilişinə qonaq olan aktrisa gənc yaşlarında ailə qurmaq üçün kifayət qədər şansının olduğunu, lakin sevdiyini sənətinə qurban verdiyini bildirib. O, yarım qalan məhəbbətindən də danışıb:

"Qarşımda gözəl şanslar olub. Ailə qura bilərdim. Amma bunun üçün neçə illər səhnədən uzaqlaşmalı idim. Sevdiyim insanı da səhnəyə qurban verdim. Xanım olacaqdım. Bilsəydim ki, bu şeylər var, səhnəni qoyub gedərdim. Həmin insan bu sənətdə olmağımı istəmirdi. Hətta dedilər, "Xalq artisti" adı da aldın. Dedim yox, səhnəsiz susuz balıq olaram. Bu gün qızım üçün tək qadınam. Sevgim illərlə çəkdi. Nə qədər sevdim. Azərbaycanlı idi və imkanlıydı. Başqa ölkədə yaşamalı idim. Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum. Şükür, Allah mənə Güləri bəxş etdi". Deyib.

- Məleykə Əsədova rol üçün radikal dəyişikliklərə razı olar?

"Xarici görünüşümdə dəyişiklik edərəm, amma kökəlməyə heç vaxt razı olmaram. Bunu heç istəmirəm. Səhnə arıqlığı, plastikanı sevir. Filmdə kök aktrisa lazımdırsa, kök aktyoru seçərlər və ya buna uyğun qrim yaradarlar" deyib.

-  Məleykə Əsədovanın şöhrətə çatmasında gözəllik rol oynayıb?

Bu barədə o belə deyib: "33 ildir dayanmadan böyük səhnədə obrazlar yaradıram. Müxtəlif rejissorlarla işləmişəm. Oynadığım rolların 90 faizini klassik obrazlar təşkil edir. Təsdiq olunmuş aktrisa istedadından danışmamalıdır. Dünya teatrlarında bir aktrisa 3 klassik obrazı ifa edibsə, daha onun peşəkarlığı, təcrübəsi sorğu-sual edilmir. O özünü təsdiq etmiş sayılır".

- Məleykə Əsədova  xoşbəxt, qayğısız qadın kimi görünür. Görünməyən tərəfləri varmı?

"Görünməyən tərəfim var. Hər kəs məni obrazlarımla görür. Əslində ana kimi, qadın kimi çox zəhmətkeşəm. Məleykə öz zəhməti ilə evinin həm kişisi, həm qadınıdır. Bu zərif çiyinlərin altında bir kişi qüvvəti var. Onun çiynində bir ana məsuliyyəti var, öz çətinlikləri var və bu barədə danışmaq istəmir. Qoy elə Məleykəni öz obrazları ilə xatırlasınlar. Məleykə çox zəhmətkeş qadındır. Məleykə ömrü asan deyil. Allaha çox şükür edirəm. Nə yaxşı ki, mənə bu gücü, istedadı, qızımı verib. Allah məni özündən başqa kiməsə möhtac etməsin. Məni sevən, sevməyən hər kəsə övladının gözəl günlərini görmələrini arzu edirəm",- deyib Məleykə xanım.

- Məleykə Əsədovanın neçə övladı var?

Bir qızı var. ADA universitetində təhsil alır.

-  Məleykə Əsədova xoşbəxt qadındır?

"Demək olmaz ki, tam xoşbəxtəm. Amma buna da şükür edirəm. Qadın kimi ola bilər xoşbəxt deyiləm. Amma aktrisa, ana kimi xoşbəxtəm. Guya hər ailə quran xoşbəxt olur?" - o deyib.

- Məleykə Əsədova kinli insandır?

"Bağışlayıram, amma güvənimi qıran insanla ünsiyyət qurmuram. Bir dəfə edibsə, yenə edəcək. Xarakter dəyişilmir. İllər mənə hər şey verdi. Amma güvənimi apardı. Mən insanlara güvənə bilmirəm. Özümə hasar çəkmişəm"- deyə o bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun