“Məqaləni silib, sonra pul alırlar”

“Məqaləni silib, sonra pul alırlar”

Texnobloger Fərid Pərdəşünas  müharibə dövründə könüllü qruplar tərəfindən yaradılan 3000 şəhid məqaləsinin vikipediadan tamamilə silinməsi ilə bağlı ictimaiyyətə məlumat yayıb.

OLAY yazır ki, xoşagəlməz məsələ ilə bağlı rəqəmsal məzmun tərtibatçısı Tərxan Paşazadə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, “AzViki”də pula satılmış müəyyən qrupların əsas məqsədləri həmin məqalələri silməkdir:

İlk olaraq, qeyd edim ki, müvafiq məqalələrin hər birini vikiqaydalara uyğunlaşdırıb, vikiləşdirmək mümkündür. Amma bu hazırda “AzViki”də at oynadan müəyyən qrupların maraqlarına uyğun deyil. Ona görə də əsas məqsədləri həmin məqalələri silməkdir. Əslində sildikləri şəhid məqalələri son illərdə sildikləri məqalələrin cüzi hissəsidir. Onlar son illərdə “AzViki”də illərlə mövcud olmuş çox sayda məqaləni vikiqaydalara deyil, sırf öz maraqlarına uyğun olmadığı üçün siliblər... Nəticədə də “AzViki” qeyri-ciddi bir layihəyə çevrilib. Şəxsən mənim üçün “ChatGPT”, “Copilot” kimi layihələr daha etibarlı görünür, nəinki “AzViki”...

Xüsusi vurğulayım ki, “AzViki” lokal bölmə olduğu üçün şəhidlər haqqında məqalələrin bu dil bölməsində olub-olmaması bilavasitə yerli icmanın qərarından asılıdır. Yerli icma isə belə qərarlar verərkən, toplumun həssas məqamlarından tutmuş, ölkə qanunvericiliyinə qədər hər şeyi nəzərə almalıdır. “EnViki”, “RuViki”, “FrViki”də belə məqalələrə icazə verməyə bilərlər, amma “AzViki”də lokal toplumun maraqları mütləq nəzərə alınmalıdır. Ancaq görünən odur ki, indi “AzViki” alverçilərin işğalı altındadır...

Bəs bu alverçilər kimlərdir? Konkret olaraq, “Vikipediya”nı özlərinin gəlir mənbəyinə çevirənlər. Pul qarşılığında məqalələr yaradıb, sonra o məqalələri hər vəchlə qorumaq üçün əlbir olurlar və yaxud da mövcud məqaləni silib, sonra onun bərpası üçün maraqlı şəxslərdən pul alırlar... Şəhid məqalələri ilə bağlı da yəqin ki, belə bir niyyətləri olmamış-olmaz... O alverçilərin hər birini pulla satın almaq olar. Çünki onlar milli-mənəvi dəyərləri məhz pul ilə ölçürlər”.