"110 efir boyu 80 nəfər mənə evlilik təklif elədi"

"110 efir boyu 80 nəfər mənə evlilik təklif elədi"

Milli.Az bildirir ki, lent.az-ın müsahibi hər sözü, hər kəlməsi olay olan müğənni Roza Zərgərlidir.

- Roza xanım, haqqınızda vikipediya məlumatlarını araşdırarkən rejissorluq, aktyorluq, müğənnilik və pedaqogika sahələrində çalışdığınızı oxudum. Bir də prodüserlik fəaliyyətiniz var.

- İlk təhsilim hüquqşünaslıqdır. Moskvada Lomonosov adına Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişəm. Bu atamın istəyi ilə olub. O təhsil qalıb kənarda. Anamın istəyi ilə də tibb texnikumunu oxumuşam. Ailəm mühafizəkar idi, müğənni  olmağımı istəmirdilər. Yalnız həvəskar səviyyədə buna icazə vermişdilər. Rusiyada 4 illik musiqi texnikumunu fərqlənmə ilə 2 ilə bitirmişəm. Azərbaycana gələndən sonra Konservatoriyada, həmçinin Mədəniyyət və İncəsənət Universitetində Kütləvi səhnələrin rejissorluğu ixtisası üzrə təhsil aldım. Hər ikisini, magistraturanı fərqlənmə ilə başa vurdum. 7 ildir Bakı Xoreoqrafiya Akademiyasında İncəsənət fakültəsində rejissorluq ixtisası üzrə dərs deyirəm. 2016-cı ildən həmin akademiyanın doktorantıyam. 2001-ci ildə ilk dəfə dövlət televiziyasında efirə çıxmışam. Bir sözlə oxumadığım ocaq başı qalmayıb (gülür).

- Amma tamaşaçılar siz bu sadaladığınız statuslardan çox qalmaqallı, açıq-saçıq, bir az dayaz müğənni kimi görürlər. Dövrün tələbi budur?

- Dediyinizdə haqq var. Tanıyanlar dərin Rozanı bilirlər. Kim ki, dayazdır, dayazı görür. 8 il efirdə "Bakı vaxtı" verilişini aparmışam. Bu maqazin yox, mədəniyyət proqramı olub.  Həyat qəribədir, insanlar bu günahlı dünyada tanımadıqları insanı mühakimə edib günah üstünə günah yazırlar. Dərin Rozanı görmək istəyən araşdırar. Qaldı ki, açıq geyimlərə, özünə ağır-batman deyən, titullu müğənnilərin 90 faizi Roza Zərgərli qədər qapalı geyinmir. Mən bilirəm cənnət-cəhənnəm var. Və inanıram ki, şər-böhtan danışanlarla axirət qapısında qarşılaşacam. O qapıdan mən keçəcəm, onlar yox.

- Mənə elə gəlir əvvəldən belə göründüyünüz qədər sərt qadın deyilmisiniz. Bu özünümüdafiə xarakterli obrazdır yoxsa, şou-biznes ailəmi  dəyişib sizi?

- Sözünüzdə əlli əlliyə həqiqət var. 2000-ci ildə, Bakıya yeni gələndə o mənə çəhrayı şəhər kim görünmüşdü. Hamının üzündə təbəssüm, xeyirxahlıq. Yaşadıqca çalışdığım hər sferada hamının qarşısındakının qanını tökərək ad qazanmağa  çalışdığını gördüm. Məcburiyyətdən insan sərtləşir. Savaşa-savaşa, özümü təsdiqləyə-təsdiqləyə gəldiyim müəyyən bir zirvə var. Əslində sərt görünmürəm, həqiqətən sərtəm. 

- Yəni bu sərt qılafın arxasında bir zərif qadın yoxdur?

- Zərif qadın içimdədir. Onu da ən yaxınlarım, etibar etdiklərim, göstərmək istədiklərim görər. Yoxsa o Roza çoxdan rəhmətə gedib, ölüb.

-  Dostunuz var? Etibar hissi qalıb?

- Dostum yoxdur. Tək dostum içimdəki Rozaydı, öldü, tək qaldım. Özünü mənə dost hesab edənlər var. Etibar etdiyim insanlar, etibar etmək istədiyim insanlara ehtiyacım var. İnsanlar yırtıcı heyvanlardan betərdirlər. Heyvan yaşamaq uğurunda, sağ qalmaq üçün vəhşilik edir. İnsanlar yaşamaq üçün yox, öz ambisiyaları üçün başqalarının başını tapdayıb keçirlər, pambıqla baş kəsirlər.

- Corcun teatrda Baş rejissorla yaşadığı qalmaqala, teatrdan getməsinə bir sülhməramlı tərəf kimi qarışdınız? 

- Corc, Jerar, Natəvanla bağlı heç bir suala fikir bildirmək, nə düşündüyümü də demək istəmirəm. Onlar artıq kifayət qədər yetkin yaşdadırlar, öz qərarlarını özləri verməlidirlər.  Atam deyərdi ki, böyük sözünə qulaq asmayan böyürə-böyürə qalar. Böyüklər bir şeyi bilməsə deməz.

-  İncimiş kimi danışdınız.

- Yox, mən heç vaxt heç kimdən incimirəm. Xasiyyətimdə yoxdur. Onları çox qorusam, sona qədər uşaq qalardılar. Mən peşəkar karyeraya 21 yaşımda başlayanda tək idim, arxamda heç kim dayanmırdı. Düzdür zəngin, nüfuzlu bir ailədən gəlmişdim. Amma atam bu işə narazı idi deyə, tək başıma ayaqda qalmalıydım. Övladlarım böyükdürlər, əlimdə qaşıq-boşqab dallarınca gəzə bilmərəm. Çox gözəl anayam, anaların anasıyam. Çox az qadın öz boğazından kəsib, 3 uşağı övlad götürər. Heç kəs də mənim bioloji övladlarım kimi öz qanından olmayan 3 nəfəri öz bacı-qardaşları kimi sevər.  

- Sizin haqqınızda danışanda "şou-biznesdə İlhamənin yerini tutub" deyirlər. Bu fikrə münasibətiniz necədir?

- Xarakterimiz oxşaya bilər. Ölünün dalınca danışmazlar. Amma İlhamə xanım işi başqasının əliylə gördürürdü, bir növ ilanı Seyid Əhmədin əli ilə tutmaq deyək buna. Məsələn, deyirdi ki, ay Elvin, filankəsi vurmaq lazımdır. Mübarizə üçün üçüncü şəxsdən istifadə edirdi, amma mən özüm edirəm, cəzanı özüm kəsirəm.

- Siz də məhv edirsiz?

- Sözsüz.

-  Necə anlayaq bunu?

- Sadəcə zamana buraxıram, çox vaxt mənim etməyimə gərək qalmır, Allah cəzasını verir. Yoxluğumla cəzalandırmışam, varlığımla cəzalandırmışam, önə getməyimlə cəzalandırmışam, görməzdən gəlmişəm. Bir adamı saymamaqdan ağır cəza yoxdur.

- Roza haqqında başqasına danışsanız, nə deyərdiniz, necə adamdır Roza?
 
- Kənardan Rozanı tanımazdım yəqin. Mənim kimi yaxşı insan yoxdur. Kaş ki, hamı mənim kimi mərhəmətli, sədaqətli, dostcanlı olaydı. Özümə özüm kimi dost arzulayıram. 

- Özünüzə özünüz kimi gəlin arzu edirsiniz?

- Özüm kimi kürəkən arzu edərəm.

- Kürəkəniniz sizə özünü necə bəyəndirə bilər?

- Yeganə bir şey - Qızımın üzünü güldürməklə. Ürəyimi yarıb o kürəkənə verərəm.

-  Maddiyata çox önəm verirsiniz?

- Mən yox, dövran tələb edir.

- Bəs sizin qəlbinizi qazanmaq istəyən kişi necə olmalıdır?

- Pul önəmli deyil. Önəmli olan diqqəti və onun beynidir. O məndən gücsüz olmamalıdır. O kişinin yanında özümü zəif uşaq kimi hiss edə bilsəm yetərli olacaq. Kişi qadından ağıllı, güclü olmalıdır. Tutaq ki, hər hansı bir problemim var, onu özüm həll edəcəmsə, nəyimə lazımdır o kişi. Evdə kişi o oldu, ya mən? Nə bilim, bəlkə bel bir dəli tapılar (gülür).

- Bir ara həmkarınız Əkbərlə evlənmək istəyiniz, sevgili olmanız barədə söhbətləri yayıldı. Bu gerçək idi, ya şou?

- "Tam vaxtıdır" verilişinin 110 efiri boyu 80 nəfər mənə evlilik təklif elədi. Hər subay gələn müğənni "evlənək" deyirdi. Mənim üçün bu şou idi, onlar ciddi idilər. Adam elə yatıb, yuxuda görüb evlənmək istəməməlidir axı. Bu ciddi məsələdir. Sevən insan bunu efirdə eləmir. 

- Sevgidə yaşın fərqi var?

- Sevgidə var. 

- Gənc yoxsa yaşlı sevgili?

- Gənc sevgili olsa, gərək onun 45 yaşında başı olsun. Uşaq böyütdüyüm qədər böyütmüşəm. Özümə arxa-dayaq axtarıram, uşaq bağçası açmıram ki, yetişdirim buraxım. 

- Yəni kriteriyalarınıza uyan insan olsa, evlənərsiniz?

- Nikahdan kənar münasibətlərə yaxşı baxmıram. Elə bir adam olsa evlənərəm, amma bunu hər kəsə də nümayiş etdirmərəm. 45 yaşdan sonra nə toy? 

- Toydan söz düşmüşkən, toy qonorarınız nə qədərdir?

- Yaxşı məqama toxundunuz. Bir neçə aydır köməkçimə zəng gəlir ki ,toya yarım saat üçün 7, 9, 10 min manat tələb edirsiniz. Bu rəqəmi mənim "dostlarım" uydurub yayıblar. Qarşımızı almaq üçün. Yarım saatlıq toy proqramım 3 min manatdır, bu da baha deyil. O şişirdilmiş qiymətlər orasını-burasını şişirdən müğənnilər üçündür. Sosial mediada nömrəmiz var, özümüzlə əlaqə saxlaya bilərlər, bizi ondan-bundan soruşmasınlar.

- Bu günlərdə müğənni Kərim fonoqram oxuduğu üçün döyüldü. Buna münasibətiniz?

- Kərimi döyənlər əslində Kərimə yox, toy sahibinə hörmətsizlik ediblər. Biz toyda toy sahibinin evinin içi olaraq təmsil olunuruq. O adam balasının xoş gününü bizə həvalə edir. Kərim fonoqram oxuyan müğənni deyil. Üzümü bütün müğənnilərə tuturam, bəs harada qaldı bizim həmrəyliyimiz, birliyimiz? Bu bir çox müğənnilərimizin başına gəlib- Ədalət Şükürov, İzzət  Bağırov, xanım müğənnilər. Elə mahnılar var ki, biz onu  fonoqram oxumalı oluruq. Toyda xalq çalğı alətləridir, estrada mahnısını bu alətlərlə canlı oxumaq o mahnını eybəcərləşdirir. Minus üzərindən bir-iki mahnını hamımız fonoqram oxuyuruq, amma bütöv toyu yox. Hər şadlıq evində səs texnikaları, akustika yaxşı səviyyədə olmur. Mən öz ansamblım olmadan canlı oxumuram. Qonaq kimi qatılanda fonoqram olar, bütöv toyu yox. Sənət yoldaşlarımın bu məsələyə susqunluğu məni narahat edir. Kərimin yanındayam.

- Kimi dinləməyi sevirsiz?

- Elton Hüseynəliyev, ustadım Aygün Bəylər, Teymur Əmrah. Ola bilər hansısa bir mahnını sevib dinləyəm. Brilliant xanım, Rüzgar, Aygün Kazımova, Röya, Eyyub Yaqubov, Elnur Məmmədov, Mətin Rəssam, Çinarə Məlik, Almaxanım, Elçin Məhərərmov...

- Aygün Bəylərə ustadım dediniz.

- 6 il oxumuşam onun komandasında. Sonra yollarımız ayrıldı. Teymur Əmrah, Natəvan Şeyxova, İntiqam Kərimov kimi böyük sənətkar və pedaqoqlardan dərs almışam. İndi Qəzənfər müəllimdən muğam dərsi alıram. 

- Muğam da oxuyacaqsınız?

-  Bu çəkməyə hazırlaşdığımız teletamaşa üçündür. 6 musiqi parçası olacaq. Muğam da oxuyacam.  

- Özünüz büdcə ayıraraq, böyük bir film çəkmək fikriniz var? Məncə bu sizdə yaxşı alınar.

-  6 ildir bu ideya var. Siz bunu haradan bilirsiniz?Bioqrafik romanlar yazıram. İfaçılıq karyerama son qoyanda kino sektoruna keçəcəm. 

- Bu gün səsi olan-olmayan hamı əlinə mikrofon alır, pulu olanlar da efirə çıxıb özünü tanıtdırır. Bu xaos sizi narahat edir?

- Vaxt var idi süfrə mədəniyyətimiz var idi, məsələn, ağız marçıldatmaq ayıb sayılırdı. İndi sosial mediada bunu kamera önündə edib pul qazananlar var. Kim nə bilir eləyir. Tərbiyəsizlik baş alıb gedir. Bunun qarşısında kimə nə deyim? Bir günlük müğənnilər var, adları qalmayacaq. Çoxu deyir sənmi qalacaqsan? Bəli mən qalacam. Ali savadlı müğənniyəm. Azərbaycan mədəniyyətinin hər sferasında xidmət etmişəm. Mingəçevir  Dövlət Teatrında "İki yetimin taleyi", "Sərgüzəşti-vəziri-xani-Lənkəran" "Aydın", "Solğun çiçəklər", "Haray", "Ölülər" və s. kimi tamaşaların baş quruluşçu rejissoru olmuşam, hərbi orkestrin solisti olaraq müxtəlif hərbi hissələrdə hərbi heyət qarşısında 20-yə qədər proqramla çıxış etmişəm. Öz hesabıma. 2015-ci ildə Avropa oyunları şərəfinə 18 bölgədə 18 medalçımızın şərəfinə tamaşa konsertlər vermişəm. 8 beynəlxalq müsabiqədə münsiflər heyətindəyəm. Hər ifaçı zamanında dəyər almaq istəyir, o cümlədən də mən.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun