Son günlər göz rəngini dəyişən insanların sayında artım müşahidə olunur. Bu sıraya xüsusilə məşhurlar qoşulub. Ötən gün aparıcı Nanə Ağamalıyevanın da göz rəngini dəyişməsi gündəm olub. Bu proses kimiləri tərəfindən tənqid olunur, kimiləri isə "yaraşan etdirsin" deyə fikirlər səsləndirir.
Maraqlıdır, insanlarda xüsusilə yaşıl, mavi kimi rənglərə meyillilik nədən irəli gəlir? Öz bədənlərində nəyisə dəyişmək istəyinin alt qatındakı psixoloji səbəblər nələr ola bilər?
Milli.Az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, son zamanlar əksəriyyətin əməliyyat etdirdiyi, nələrisə dəyişməyə çalışdığı müşahidə olunur:
"Hər kəs öz əvvəlki halından narazı olmağa başlayıb. Çünki insanlar effektlə foto çəkirlər, sonra real şəkillər çəkəndə özlərini bəyənmirlər. Məsələn, filterlə olan fotolarda xanımlar badam gözlü, yaxud rəngli gözlü olurlar, lakin reallıq belə deyil. Nəticədə bu cür olmaq istəyi yaranır. Bəzi hallarda isə əməliyyat mütləqdir. Görürük ki, avtoqəzadan, yanğın və ya digər oxşar faciəvi hadisələrdən sonra xanımda hər hansı çapıqlar, izlər, yanıqlar və.s olur. Belə olan halda şəxsin görüntüsü onun özgüvənini aşağı salır və əməliyyat qaçılmaz hala çevrilir. Amma bu gün göz rəngini dəyişirsənsə, bu, sənin öz zövqündən irəli gələn məsələdir, vacibiyyat deyil. İnsan hər zaman özündə olmayan şeyləri etməyə meyilli olur. Fikir verirsinizsə, qıvırcıq saçlı xanımlar həmişə saçlarını düz etmək istəyir, Rəngli gözləri olan xanımlar hər zaman qara gözlərə meyilli olurlar və ya əksinə... Ümumilikdə xanımlar özlərini olduqlarını kimi sevməyə çalışmalıdırlar. Belə olan zaman insan daha xoşbəxt, özgüvəni isə yüksək olur".
Psixoloq qeyd etdi ki, flaak əməliyyatlarını (göz rəngini dəyişdirmək) daha çox məşhurlar edir:
"Bu əməliyyatların kifayət qədər qiymətləri var, hər kəs edə bilməz. Amma tələbələr belə linza vasitəsilə göz rənglərini dəyişməyə çalışırlar, həvəskardırlar. Məşhurlar edir və insanlar da onları təkrarlayır. İndi isə bu proses daha da asanlaşıb. Paylaşımlar vasitəsilə hər kəs bunu görür, göz alışır və tətbiq etməyə çalışırlar. Biz buna təqlid psixologiyası deyirik. Məsələn, bədən şəkilləndirmə əməliyyatını əvvəllər aparıcılar, müğənnilər edirdi, indi isə adi vətəndaşlar edir. Heç çalışmayan biri də, müəllimlər də, digər sadə təbəqədən olan insanlar da bu əməliyyata girir. Bu cür əməliyyatlara meyilli olan insanların kompleksi var, özlərini bəyənmirlər. Amma bu, flaak əməliyyatına aid deyil. Bu prosedur insanların arzusudur. İnsanlar o cür rəngli gözlərlə doğulmağı arzulayırlar. Bunu da reallaşdırmağa çalışırlar. Yəni flaak əməliyyatları insanların kompleksi deyil, onların istəkləridir. Digər əməliyyatlar - sinə kiçiltmə, böyütmə, bədən şəkilləndirmə və.s. bunlar hamısı özgüvənsizlikdən, komplekslərdən irəli gəlir, diqqət çəkmək üçün olunur. Mən bunu teleaparıcılara, müğənnilərə, kütlə qarşısında olan insanlara uyğun görürəm. Bir psixoloq kimi bunu hər azərbaycanlı xanımına məsləhət bilmirəm. Belə əməliyyatlarla biz sağlamlığımıza da ziyan vura bilərik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun