"Ötən gecə şəhidlərimizin ailələrinin paylaşımlarını oxuyurdum: "Bu gecənin açılmasını istəmirəm. Sabah səni əbədi itirəcəm". "Oğlumla sonuncu dəfə bu saatda danışmışdım, sabah hər şeyə hazır olmalı olduğumu dedi". "Atam mənə demişdi ki, mütləq gələcək. Gəldi, amma onu dostları çiyinlərində gətirdilər". "Oğlum, üzünü görmədiyin körpən sənsiz dil açdı...". "Mənə ağın yaraşacağını deyirdin, gəlinlikdə çox görmək istəyirdin. Amma özün ağa bürünüb gəldin, incimə, heç yaraşmadı ağ sənə...". Boğazım düyünlənir. Gözümün önünə 27 sentyabr gəlir".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Jalə Həsənli sosial şəbəkə hesabında yazıb. Anım Günü ilə bağlı paylaşım edən aparıcı 2020-ci ildə İkinci Qarabağ mührabəsinin başladığı günü efirə çıxmasını bu sözlərlə xatırlayıb:
"Tələsə-tələsə işə getməyimi, otaqdakı təlaşı, hər kəsin gözündəki narahatlığı və xəbərlərin saat 10:00 buraxılışında əks-hücuma başlamağımızla bağlı oxuduğum xəbəri xatırlayıram. Ölkədə internet məhdudlaşdırılıb xəbərini oxuduqca sanki bizi nələrin gözlədiyini daha dərindən dərk etməyə başlamışdım.
Biz xəbər otağında cəbhədən xəbər gözləyirdik, kimlərsə oğlundan, atasından xəbər gözləyirdi. Bir özləri xəbərə çevrilənlər, xəbəri də, tarixi də canlı yaşayanlar və yazanlar gözləmirdi, dayanmırdı, ancaq irəliləyirdilər. Bu yolda biri canını, başqası gözünü, bir başqası əlini, ayağını itirdi.
Amma bizi yarı yolda qoymadılar, çatdırdılar bizi Qarabağ adlı mənzilimizin başına. Günorta saatlarında, daha dəqiq desək, 14:08-də Füzulinin və Cəbrayılın kəndlərinin azad olması xəbərini çatdırdığımı xatırlayıram, gözlərim dolur, qələbə xəbərinin sevincinin, hüznünün arxasında yarım qalan həyatları gözümün qabağına gətirirəm. Boğazım düyünlənir.
Səbr diləməkdən, rəhmət oxumaqdan, onların adını yaşatmaqdan, ailələrinin könlünü xoş tutmaqdan başqa əlindən bir şey gəlmədiyini anlayır, qəhərə boğulursan.
O itirələn ayaqların, əllərin, gözlərin nuru bahasına bu gün Qarabağda addımlayırıq. Haqqınızı halal edin! Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Sevgi və hörmətlə anırıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun