Əməkdar artist: “Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?

Əməkdar artist: “Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?

"Əksər sahələrdə əxlaqsızlıq nümayiş olunur. Əxlaqımız tənəzzülə doğru gedir, mənəviyyatımızı itiririk. Bu da nədən irəli gəlirsə bilmirəm. Təbii ki, səhnə adamı, sənət adamı adi insandan seçilməlidir. Səhnənin səhnə geyimi olmalıdır. Tək bizim yox, başqa sahələrdə də bu dediklərim var. Mentalitetimizi itirməyə doğru gedirik. Bu dəqiqə ölkədə gündəm şou xəbərlərdən ibarətdir. Elə bil ki, bizim başqa dərdimiz yoxdur! Filan oxuyanın geyimi bahadır, bəhmənkəsin geyimi ucuzdur. Bəziləri əndazədən çıxıblar. Biri deyir ki, filan qiymətə ev aldım. Fikirləşmirlər ki, bizə evi olmayan şəhid, qazi anaları baxır. Hər şeyi efirdə danışırlar. Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb? 300 manat maaşla universitet oxutduran analarımız var. Belə danışmaqla onlara da göz dağı vermiş oluruq"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Sevinc Sarıyeva deyib. O daha sonra əlavə edib.
 
"Bütün bu səbəblərə görə efirlərə az çıxıram. Efirlər adamı hörmətdən, izzətdən salır. Biri var çıxıb sənətdən danışasan, biri də var sadəcə lağlağıya çıxırlar. Bəzən səni elə adamla qonaq dəvət edirlər ki.. O oxuyana sərf edir, amma mənə yox. Efirləri seçirəm. Çox bərbad gündədir. Görəsən bunun qarşısını alan olacaq? Özəl televiziyaları da bir yandan qınamıram, reytinq gəlməlidir, onlar da dolanmalıdırlar. Amma onu da elə etmək lazımdır ki, ifrata varmaq lazım deyil" deyə xanəndə bildirib.
Xanəndə psixoloq Samirə Bağırovanın Azərbaycan qadınları haqqında söylədiyi sözlər haqqında da fikir bildirib.
"O xanımı sözün düzü mən tanımıram. Amma onun heç gözəlliyinə yaraşmır ki, Azərbaycan qadınını yıxıb sürüsün. Qətiyyən! O gərək deyərdi ki, bu sözləri hər qadına aid etmirəm. Bir nəfəri hamının adına yazmazlar. Kim danışırsa konkret ad çəksin. Cəmiyyətdə təkcə özünü açıb çölə qoyanlar yoxdur ki.. Birinci və İkinci Qarabağ Müharibəsində elə qəhrəman qadınlarımız olub ki, əsgərlərlə səngərdə bir döyüşüblər. O qadınların əməyini itirmək olmaz. Hər qadını bu xanımın dediyi qadınların cərgəsinə qoymaq olmaz Bir pis qadına görə bütün Azərbaycan qadınları pis ola bilməz ki.. Bizi bütün dünya ölkələri izləyir.. Niyə Azərbaycan qadınını alçaldırsınız, aşağılayırsınız?" deyə xanəndə bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun