65 min insan Liamın ölümü ilə bağlı qanun tələb edir

65 min insan Liamın ölümü ilə bağlı qanun tələb edir

“One Direction” qrupunun üzvü, müğənni Liam Peynenin faciəli ölümündən sonra ictimaiyyət musiqi sənayesindəki sənətçilərə zehni dəstək və onların psixi vəziyyətinin müntəzəm yoxlanılmasını təmin edəcək yeni qanunun – “Liam Qanunu”nun qəbul edilməsini tələb edir.

OLAY “Daily Mail” nəşrinə istinadən yazır ki, hazırda petisiyanı 65 mindən çox insan imzalayıb.

İctimaiyyəti belə bir addım atmağa Liamın ölümündən sonra aşkar edilən məlumat vadar edib.

Belə ki, ölümündən bir neçə gün əvvəl Liam doqquz il işlədiyi musiqi leyblindən qovulub. Ehtimal olunur ki, bu, keçmiş sevgilisi ilə məhkəmə prosesi ilə yanaşı, müğənni üçün əsl zərbə olub. İctimaiyyətin fikrincə, bu və buna bənzər hallar gənc sənətçilərin nə qədər müdafiəsiz olduqlarını, kömək üçün mütəxəssisə yox, getdikcə daha çox qanunsuz maddələrə və spirtli içkilərə üz tutduqlarını göstərib.

“Əyləncə sənayesi məsuliyyət daşımalı və öz sənətçilərinin rifahı üçün məsuliyyət daşımalıdır. Stress, narahatlıq, depressiya, narkotik maddələrdən sui-istifadə və hətta intihar kimi problemlərin nisbətləri həyəcan verici dərəcədə yüksəlir. Araşdırmalar göstərir ki, musiqiçilər bu problemlərdən ümumi əhali ilə müqayisədə 2-3 dəfə daha çox əziyyət çəkirlər”, - deyə “Change.org” saytındakı anonim petisiyada deyilir.

“Liam Qanunu” sənayedə çalışan hər kəsi qoruyacaq. Pərəstişkarları inanırlar ki, sənətçilərin vaxtında istirahətə və psixoloqlar və psixiatrlarla ünsiyyətə ehtiyacı var ki, bu da onları daha az həssas edəcək.