Sosial şəbəkədə Melaniya Trampın Con Qalliano tərəfindən hazırlanmış “Dior” markasına məxsus gəlinlik paltarının “eBay”də satışa çıxarıldığı barədə məlumat yayılıb.
OLAY yazır ki, ABŞ-ın birinci xanımının 2005-ci ilin yanvarında Donald Trampla toyunda geyindiyi paltarın qiyməti əvvəlcə 187 min dollar olsa da, hazırda pulsuz çatdırılma ilə 45 min dollara satılır.
Satış haqqında məlumat “Substack”də keçmiş “Vogue” dəb dərgisinin əməkdaşı Liana Satenstein tərəfindən idarə olunan “Neverworn” bloqunda yer alıb.
Onun sözlərinə görə, rəfiqəsi Patrisia Torvalds libası 1980-ci illərə aid “Dior” gəlinliklərini axtararkən kəşf edib.
Onunla yazışmada satıcı onu 2010-cu ildə ortaq dostu vasitəsilə Melaniya Trampdan 70 min dollara aldığını bildirib.
O, həmçinin etiraf edib ki, orijinal dizaynda bəzi dəyişikliklər edib, yeni atlas təbəqəsi, tikmə, arxa tərəfə əlavə parça və qayışlar əlavə edib. Maraqlıdır ki, gəlinlik hazırda bir müştərinin səbətindədir və onu almaq mümkündür.
100 metr ağ atlazdan tikilmiş və 1500 “Swarovski” kristal daşlar ilə bəzədilmiş əl işi olan libas toy dəbinin əsl simvoluna çevrilib. Məlumata görə, onun hazırlanması 550 saat çəkib və çəkisi demək olar ki, 27 kiloqramdır.
Toydan sonra Melaniya Tramp dərginin 2005-ci ilin fevral nömrəsinin üz qabığında bu paltarda görünüb.