“Efirdə küçə adamlarını sənətkarlarla müqayisə etməyin” - Lalədən aparıcılara

“Efirdə küçə adamlarını sənətkarlarla müqayisə etməyin” - Lalədən aparıcılara

““Sənətkarlar reytinq vermir” deyən aparıcılara üzümü tutub deyirəm ki, bu sözlıri ağzınıza alıb, danışmayın. Sənətkar artıq sənəti ilə reytinqini verib və siz oturub bazar söhbətlərini efirdə qulaq asanda o Azərbaycanın adını xaricdə Vətənini təmsil edib, Azərbaycan mədəniyyətinin adını, bayrağını yüksəldib. Siz aparıcılar sənətkarları hansısa küçə adamlarının yanında kiçiltməyin. Siz müqayisə belə edə bilmərsiniz”.

OLAY yazır ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova “Afaqla 10lar” verilişinə müsahibəsində deyib.

Sənətçi son günlər bir sıra aparıcılar səsləndirdiyi “Sənətkarlar reytinq vermirlər” fikirlərinə sərt şəkildə reaksiya verib.

Lalə bayağı ifaçıların nə muğam nə də ki bəstəkar mahnılarını düzgün şəkildə ifa edə bilməməkdə qınayıb:

“Bu gün təsadüfən səhnəyə çıxıb, popular olub, mən bəstəkar mahnıları oxuyanda mənim üzümə baxan yox idi, acından ölürdüm deməsi yalnışdır. Sizin o bəstəkarlar mahnılarını ifa etməyinizi görmüşəm. Təsadüfən də olsa önümə çıxıb. Biri “xoruz” buraxaraq muğam oxuyub deyir ki, mən əla ifa edirəm. Digəri bəstəkar mahnısının qolunu-qanadını qırır. Xahiş edirəm, bəstəkar mahnılarını bu dərəcədə kiçiltməyin. Siz hələ o bəstəkar mahnılarını ifa etmək üçün böyüməlisiniz. Bu hər kəsin başı üçün deyil!”

Məmmədova bildirib ki, efirə çıxan bayağı ifaçılar küçə söhbətləri ilə verilişlərə reytinq verirlər:

“Bu insanların həm də psixoloji problemləri var. Bunlar axı hansı sənəti ilə reytinq verirlər? Küçə söhbətləri ilə reytinq verirlər. Övlad dünyaya gətirmək, övladın günahı yoxdur. Lap əgər eləmisənsə bu qələti otur yerində! Mən bu günahı o kişilərdə görürəm. Siz niyə axı onları o vəziyyətə gətirirsiniz ki, sizdən dünyaya övlad gətirməyi bir yana, hələ efirə çıxıb “ərim-ərim” deyir. Ayıbdır! Bu söhbətlər sizə reytinq verir, əziz aparıcılar? Bu söhbətləri sənətkarlarla müqayisə edib deyirsiniz ki, sənətkar verilişimə gələndə reytinq vermir. Hamının şəxsi həyatı var. Bəsdirin bu söhbətləri üzə çıxarıb bizim də ürəyimizi yerindən çıxartdınız. Tutuquşu kimi bu söhbətləri danışıb, uzadırsınız. Bu söhbətlər bitmir. Siz aparıcılar bizi küçə söhbətləri ilə bir tutmayın”.