“Namiq Qaraçuxurlu atamla bağlı verilişə gəlmədi, Rəşad Dağlı isə...” - FOTOlar

“Namiq Qaraçuxurlu atamla bağlı verilişə gəlmədi, Rəşad Dağlı isə...” - FOTOlar

"Atamı itirəndə 19 yaşım var idi. 49 yaşında dünyasını dəyişdi. Bu gün 76 yaşı tamam olur. 50 yaşında özünə yubiley keçirmək istəyirdi. Hazırlaşırdı, ona təklif də etmişdilər. Çox arzuları yarım qaldı. O vaxtı da atamın ən məşhur vaxtları idi. Televiziya kanallarından dəvətlər gəlirdi, tez-tez verilişlərə çıxırdı, konsertlər verirdi. Atam meyxanadan avara sözünü götürdü. Onun təqdimatında meyxanaya hörmət artdı".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a məşhur meyxanaçı Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib. O daha sonra əlavə edib:

"Atamı itirdiyimiz gün bizim üçün dəhşətli gün idi. O günlərin şahidiyəm. Hər şey gözəl, elə yolunda gedirdi ki. Planları çox idi. Heç kim gözləməzdi ki, Nizami Rəmzi nə vaxtsa belə tez öləcək. Biri var ki, insan xəstə olsun, onun ölümünə hazır olasan. Biri də var ki, avtomobil qəzasında həlak olur. Dedilər ki, guya bilərəkdən Kəbiri də, Nizamini də öldürüblər. Bunların hamısı fərziyyələrdir. Biz sonradan bildik ki, qəzaya düşdükləri ərazi çox təhlükəli yoldur".

Heyran Baxşıyeva "O üz" verilişində Namiq Qaraçuxurlunun ünvanına səsləndirdiyi fikirlərə də aydınlıq gətirib.

"İnsanlar səhv başa düşüb. Onlar elə biliblər ki, Namiq Qaraçuxurlu atamla bağlı verilişdə iştirak etməkdən imtina etdiyi üçün onun ünvanına mən fikirlər səsləndirmişəm. Əlbəttə ki, xeyr! Namiq Qaraçuxurlu verilişə gəlsəydi, guya nə olacaqdı ki?! Gəlmədi, amma veriliş yarım qalmadı ki. Dünya üçün kiçik, Namiq Qaraçuxurlular üçün böyük məsələ ola bilər. Amma mənim üçün yox! Minnətin olsun ki, səni Nizami Rəmzi kimi ustadın verilişinə dəvət edirlər. Halbuki sən onu heç qazanmamısan. O gərək deyərdi ki, "mən kiməm ki, Nizami kimi meyxana ustadından nəsə gəlib danışım?". Mən bu sözü başa düşərdim. Onun yalan danışmağı mənə pis təsir etdi ki, deyib Moskvadayam. Müsahibə də istəyiblər, verməyib. Verilişə naz edib. Nizamidən danışa-danışa sənətə gəlirlər, sonra onun haqqını danırlar. Bu ucuz hərəkətdir. 5-10 ildən sonra onların hamısı yaddan çıxacaq. Amma Nizami hər zaman yaddaşlarda yaşayacaq. Nizami Rəmzi Əliağa Vahid haqda meyxanalar deyirdi. Çünki ondan əvvəl bu sənətdə olan qəzəlxan olub. 20-30 il də keçsə, Nizamiyə də hörmət edirlər. Üç badam bir qoz mahnılarla siz hara kimi gedəcəksiniz?! Nizami öləndən sonra hər yerdən göbələk kimi bir meyxanaçı ortalığa çıxdı. Nizaminin kasetlərini qabaqlarına qoyub öyrəndilər. Amma onun haqqını itirməyənlər də oldu. Rəşad Dağlı qədər bu sahədə düzgün, səmimi adam tanımıram. O heç bir məqsəd, təmənna güdmədən Nizaminin adını həmişə çəkib. Rəşad Dağlını gözləri götürmür. Çünki düzgün insandır. Hətta bir qohumumuz zəng edib onu toya dəvət edib, vaxtı və məkanı soruşub, pulsuz gəlib iştirak edib. Rəşad belə qabiliyyətli insan olub. Həmin insan Namiq Qaraçuxurluya da zəng etmişdi. Nizaminin qohumu olduğunu deməsinə baxmayaraq, 10 min manat istəmişdi ondan. Nizami meyxananı üzə çıxarmasaydı, ona musiqi qatmasaydı, bu gün meyxanaçılar harada işləyirdilər görəsən?! Bu maraqlıdır. Elçin Maştağalı da hər zaman Nizaminin sənətindən faydalandığını deyib", - deyə meyxanaçının qızı deyib.

Heyran Baxşıyeva daha sonra onun ünvanına sosial şəbəkələrdə rəy bildirən izləyicilərdən danışıb.

"Yazırlar ki, "gedib bacısının dərdini çəksin". Bacımın dərdini çəkib-çəkməməyimi haradan bilirlər?! Bacımın dərdini çəkmişəm ki, o hal-hazırda reabilitasiya mərkəzində müalicə olunur. 40-42 yaşında qadındır. Pis vərdişlər də xəstəlikdir. Hamının yaxınlarının başına gələ bilər. Reyhan toylara gedirdi, pul qazanırdı. Altında maşını da var idi. Mən nə biləydim ki, hansısa mərdimazar onu bu pis vərdişlərə qurşandırıb. Mən də hamı kimi sonradan xəbər tutdum. Bizdən uzaqlaşmışdı, telefonlarımıza cavab vermirdi. Şübhələnmişdik ki, o nəsə düz yolda deyil. Mən ayrı evdə yaşayıram, o ayrı yerdə. Bacımın dərdini çəkmişəm, narahat olmayın. Bu söhbəti biləndə məndən çox ağlamısınız?! Bilib-bilmədən kiminsə həyatına qarışmayın, gühandır" deyə sənətkarın qızı bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun