"Məni əsəbiləşdirən insanların tərbiyəsizliyi və qabalığıdır (red. kobudluq). Mən incəsənət xadimiyəm və hər şeyin səliqəli, gözəl formasını sevirəm. Bu sənət nifrətdən yox, məhəbbətdən doğan sənətdir.
Bizim işimiz sevgini və məhəbbəti çoxaltmaqdır. Bu yolda hansısa qeyri nəcib hərəkət görən insanı görəndə özümdən çıxıram. Çünki bu sənətin adı "incəsənətdir". Burada davranış da incə olmalıdır. Burada hər bir tamaşaçıya və mövzuya incə yanaşmalısan. Mənə mane olan o insanların içindəki olan yaxşı ilə pisin tarazlığı tapmamaqlarıdır".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Faiq Ağayev qonaq olduğu "Yaşananlar" verilişində deyib.
Sosial şəbəkələrdə tərbiyəsizliklə üzləşdiyini söyləyən 52 yaşlı sənətçi bildirib ki, onlar cəzasız qaldığı üçün ağıllarına nə gəldisə onu da yazırlar:
"Qeyri-nəciblik və tərbiyəsizliklə sosial şəbəkələrdə rastlaşıram. Çünki insan ən böyük cinayətləri və tərbiyəsizlikləri o halda edir ki, cəzasızlıq olsun. Sosial şəbəkədə kimin ağlına nə gəldisə, onu da yazacaq.
Çünki bilir ki, cəzasızdır.
Çünki bilir ki, hansısa sənət adamı məhkəməyə vaxt itirməyəcək. O yalnız bıçaq sümüyə dirənəndə məhkəməyə müraciət edir. O vəziyyətə də gəlib çıxmırıq ki, hansısa yolunu azan və bilməyən insanı qandırmaq üçün məhkəməyə müraciət edək. Mən məhkəmədə keçirdiyim vaxtı səs yazma studiyasında, televiziyada, solo konsertdə keçirərəm. Cəzasızlıq əksər hallarda o insanları ilhamlandırır ki, mən dediyimi deyə bilərəm. Amma düşünmürlər ki, bir qarğa ilə səma çirkinləşə bilmir. Səma elə səmadır"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun