"Efirdə nikahdankənar uşaq dünyaya gətirməklərindən danışıb, ombalarını reklam edirlər".
"Yeni illə bağlı hələ ki, bir planım yoxdur. Milad hazırlıqlarına başlamışıq. Mən xristian olduğumu heç vaxt gizlətməmişəm. Hər il ailəlikcə Milad bayramını xüsusi qeyd edirik. Hər bazar günü kilsədə toplantılarımız olur"
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında aktrisa Nəzakət Məmmədova deyib. O daha sonra efirdəki müğənnilərin özlərini ucuz reklam etdiyini bildirib.
"Müğənnilər yalnız özlərini, evlərini, maşınlarını, həcilərini reklam edirlər. Bir də yeni trend çıxıb. Hamısı ombasını nümayiş etdirir. Heç kim bu trenddən geri qalmır. Nə səs var, nə də musiqi zövqü. 2-3 dənə toy mahnısı yazdırıb oxuyurlar. Bu da onların sənətləri. Əlbəttə ki, bu sözlərim hamısına yox, bəzilərinə şamildir. Efirdə nikahsız övlad dünyaya gətirməklərindən, kiminsə ərini, kişisini həmin qadının əlindən almaqlarından ağız dolusu ilə danışırlar. Nikahdan kənar münasibətlər ən böyük günahlardandır. Bu özünə hörmət etməyən insanların yaşadıqlarıdır. Onlar kiminsə həyatında ikinci qadın olmağa da razıdırlar" deyə aktrisa deyib.
Nəzakət Məmmədova ikinci dəfə ailə həyatı qurmağı qismətə bağlayıb.
"Əslində bu haqda düşünmürəm. Qismətimdə bir yazı varsa olacaq. Mən kübar, mədəni bir insanla ailə həyatı quraram. Öz yerini, statusunu bilməlidir o adam. Fiziki olmasa da mənəvi cəhətdən güclü olmalıdır. Yanımdakı kişi məndən də güclü olmalıdır. Ona güvənib, etibar edə bilməliyəm. O mənim üçün bir dayaq olmalıdır. Başqa bir təklifi qəbul etmərəm" deyə sənətçi bildirib.
Aktrisa bildirib ki, qadın sənətçi hər bir rolu oynamağı bacarmalıdır.
"Aktrisa hər bir rolu oynamağı bacarmalıdır. İstər mənfi olsun, istərsə də müsbət rol. İstər pozğun qadın, istərsə də evdar qadın rolu olsun. Nəcibə Məlikova "Dəli Kür" filmində pozğun qadın rolunu oynayıb. Özü də meyhanədə. O demək deyil ki, aktrisa o rolun yolçusudur. Amma aktrisalarımız roldan çıxmırlar. Həyatda da eyni rolu oynayırlar. O tərzdə də yaşamaqlarını davam edirlər. Amma aktrisa o deyil. Səhnədə hər bir rolu oynaya bilərsən, amma real həyatda özü kimi olmalıdır. İncəsənət adamları özlərini elə aparmalıdır ki, tamaşaçılar onlara nifrətlə yox, sevgi ilə baxsınlar. Amma bu dəqiqə tam əksidir" deyə sənətçi bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun