“Görəsən, deputatlar niyə insanlarda özlərinə qarşı nifrət oyadırlar?” - Samiraldo

“Görəsən, deputatlar niyə insanlarda özlərinə qarşı nifrət oyadırlar?” - Samiraldo

"Siyavuş Novruzovun fikirləri doğrudur. Çünki o insanın başqa yerdən gəliri yoxdur, rüşvət almır, biznesi yoxdur. 

Mən özüm dövlətdən pul almıram, amma ay ərzində nə qədər pul xərcləyirəm. Kommunal xərclər, ərzaq, hər şey bahalıdır. Hər ay qaz pulu 100 manat, işıq pulu 100 manata yaxın gəlir. Bu ay 100 manat qaz, 87 manat işıq, 32 manat da su pulu xərci gəlib. Hər ay benzinə ən azı 200-300 manat pul verirəm. Ay ərzində 700-800 manat ancaq bunlara xərcləyirəm". 

Milli.Az bildirir ki, bu sözləri yenisabah.az-a tanınmış stilist Samiraldo (Samir Əliyev) deputat Siyavuş Novruzovun "5000 manat maaş alsaq da ay sonuna çatmır, kredit götürürük" sözlərinə münasibət bildirərkən deyib. 

O, hazırkı durumda bu qədər pulun belə insanlara çatmadığını təsdiqləyib:

"Mən hamıdan daha məşhuram, hamıdan da çox məclislərə dəvət alıram. Hansısa məclisə gedirəmsə, orada azı yarım saat oxumalıyam. Yarım saat oxumaq üçün də yaxşı mahnı almalıyam ki, o mahnıdan da pul qazanım. Bu cür mahnı isə bir məşhura 3-4 min manata başa gəlir. Klip çəkdirsən bu qiymət 15 min manat olur. Mənim başqa bir yerdən gəlirim yoxdur, dövlətdən pul almıram, xalqıma qurban olum, məni sevməsə, məclisinə dəvət etməz. Xalq məni dolandırır. 

Mən tək yaşayıram, amma elə insan var ki, 350 manat maaş alır və ailə saxlayır. O, bu qədər xərci necə qarşılasın? O uşaqları necə dolandırsın?

Mən görməmiş insan deyiləm, özüm də kasıblıqla bu yerlərə gəlmişəm, yəni israfçılıq etməyi, lazım olmayan şeyləri almağı sevmirəm, buna baxmayaraq, hər dəfə bazara gedəndə mənə 200-300 manat bəs eləmir. Soyuducumu bu saat açsanız, demək olar ki, bomboşdur. Ancaq yumurta, pendir, yağ, vəssalam... Hər şey çox bahadır. Ona görə də millət vəkilini qınamıram. 

Amma bir məsələ var, deputatlarımız hər dəfə çalışırlar ki, öz maaşlarını qaldırtsınlar. Əgər sən danışırsansa, birinci insanların əməkhaqqını gündəmə gətirməlisən. Siz 5 min manat maaş alırsınız, bu sizə bəs etmir, bəs bədbəxt 500-600 manat maaş alanlar nə etsin? Dövlət məktəblərində, xəstəxanalarında işləyənlər başqa yerdən gəlir əldə etmirlər, səhər saat 8-dən 4-ə qədər işdə olurlar. 4-dən sonra harada işləsinlər?! Gedib mənim kimi meymunluq etsinlər?" 

Onun sözlərinə görə, deputatların hər dəfə öz məvaciblərini gündəmə gətirərək xalqın güzəranından danışmaması artıq insanlarda qıcıq yaradır:

"Düşünürəm ki, əvvəlcə camaatın güzəranından danışmaq lazımdır. Onlar isə ancaq özlərindən danışırlar...

Görəsən niyə insanlarda özlərinə qarşı nifrət oyadırlar? Axı bizim dövlətimiz gözəldir, əllərindən gələni edirlər ki, sakit, hüzurlu ölkədə yaşayaq. Niyə millət vəkilləri hər dəfə il sonu bu söhbətlərlə gündəmə gəlib insanları qıcıqlandırırlar?  Fikrimcə, bu heç doğru deyil". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun