"Əsəbdən ölürəm, utanmırlar, "qızarmırlar""

"Əsəbdən ölürəm, utanmırlar, "qızarmırlar""

Xalq artisti Niyaməddin Musayev "Elişko" ləqəbi ilə tanınan aktyor Elşən Orucovun paylaşdığı video ilə bağlı açıqlama verib.

Milli.Az-ın məlumatına görə, müğənni bildirib ki, yayılan görüntülər onun məlumatı və razılığı olmadan paylaşılıb.

N.Musayev qeyd edib ki, videoda iddia olunduğu kimi "Locco" mahnısını oxumayıb və ya zümzümə etməyib.

Onun sözlərinə görə, həmin ifadə sonradan montaj edilib və sanki özü ifa edibmiş kimi təqdim olunub:

"Bu, Avropa mahnısıdır. Mən ümumiyyətlə onun nə olduğunu bilmirdim. Sonradan dedilər ki, guya mən oxumuşam. Aparıcı sadəcə 'Locco' sözünü deməyimi xahiş etdi, mən də dedim və mövzu bağlandı. Mahnının mənasını da bilmirəm, heç vaxt oxumamışam".

Xalq artisti vurğulayıb ki, bütün bunlar reytinq qazanmaq məqsədi daşıyır:

"Özlərindən süni mövzu yaradıblar. Saytlarda yayılan xəbərlərdən də xəbərim olmayıb. Bir dəfə verilişə getmək səhv imiş. Bundan sonra televiziya proqramlarına qatılmağı düşünmürəm. Belə hallar yolverilməzdir".

Niyaməddin Musayev baş verənləri sənətinə və şəxsiyyətinə hörmətsizlik kimi qiymətləndirib:

"Xalqı aldatmaq olmaz. Bu cür 'zarafatlar' mənə yaraşmaz. Cəmiyyət içində nüfuzdan salmaq cəhdidir. Tənqid edənlər də haqlıdır".

Sənətçi əlavə edib ki, verilişə dəvət olunarkən iştirakçıların onun xatirinə gələcəyi bildirilib:

"Xahiş etdilər ki, gəlim. Amma sonradan belə düşünülməmiş addımlar atıldı. İlk dəfə idi həmin verilişi görürdüm. Gündəmə gəlmək üçün bu cür üsullara əl atırlar. Bu, sənətimə, şəxsiyyətimə hörmətsiz yanaşmaqdır".

Xalq artisti bir daha vurğulayıb ki, yayılan videodan qətiyyən xəbəri olmayıb və "Locco" mahnısını ifa etməyib.

Xatırladaq ki, Elşən Orucov Xalq artisti Niyaməddin Musayevi məşhur "Locco" mahnısını səsləndirməyə təşviq edib. Sözügedən görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş yayılmışdı. Paylaşım isə izləyicilər tərəfindən maraqla qarşılanmışdı.

Milli.Az