Yəqin ki, bir çox oxucularımız xalq artisti, məşhur müğənnimiz Flora Kərimovanın ilk ali təhsilini Azərbaycan Tibb Universitetində aldığını bilmir. Əlbəttə ki, bilənlər də var. Sənətkar atasının arzusu ilə həkimlik sənətinə yiyələnib, 3 il o vaxtkı Əzizbəyov adına Doğum evində mama-ginekoloq işləyib. Müğənni özü də açıqlamasında bu haqda danışaraq bildirib ki, "mən o vaxt Konservatoriyada oxuya-oxuya mama-ginekoloq işləyirdim. Hər doğulan körpəyə "bu dünyaya xoş gəldin" deyirdim"
Milli.Az bildirir ki, Moderator.az Flora xanımın o illərdə həkimi olduğu, hal-hazırda İsraildə yaşayan Sevil Cəfərovanı tapmağa müvəffəq olub. Saytımıza açıqlama verən qadın Flora xanımı qayğıkeş, hər xəstəyə nəvaziş göstərən bir həkim kimi xatırladığını bildirib.
"Mən Flora xanım haqqında ən müqəddəs sözləri danışa bilərəm. Onu tanıyanda 1973-cü il idi. İnsanın ən çətin vaxtında əgər ona sözün əsl mənasında insan rast gəlirsə, o çətinlikləri çox asan keçirir. Flora xanımın köməkliyini görəndə özümə çox toxtaxlıq verdim. Problemlərim həddindən artıq çox idi, hər şey ola bilərdi. Onun sayəsində ana oldum, qız övladım dünyaya gəldi. Orada bir neçə həkim var idi. Amma heç biri Flora xanım qədər sadə, səmimi, mehriban deyildi. Doğum vaxtı onun incə, gözəl sözləri mənə çox kömək oldu. Bu xəstə adam üçün çox məna kəsb edir. Ömrüm boyu ona minnətdaram", deyə bildirib.
Flora xanım 1973-cü ildə yeni doğulan Səidə Cəfərovanın həyatını xilas edib. Moderator.az-a açıqlama verən müsahibimiz bildirib ki, Flora xanımın onun həkimi olduğunu biləndə 10 yaşı var idi.
"Flora xanım mənim üçün əvəzsiz bir insandır. Bu gün həyatda varamsa səbəbkarı göydə Allah, yerdə Flora xanımdır. Onun mənim üstümdə çox böyük əziyyəti olub. Həqiqətən də anamın o gecə vəziyyəti çox pis idi. O çox kömək olub. Anam danışırdı ki, Flora xanım orada bütün həkimlərdən seçilirdi. Sadəcə həkiməm deyə, gəlib xəstəyə baxıb, getməyib. Flora xanımı mən heç vaxt həkim kimi tanımamışam. Balaca qız idim, onu çox sevirdim. Mahnılarını dinləyirdim, filmlərini izləyirdim. Gəlib anama deyirdim ki, "ana, bu necə gözəl qadındır, necə gözəl səsi var, necə gözəl oxuyur". Anam deyirdi ki, "Flora xanım çox insan adamdır". Heç bilmirdim ki, o bu sözü niyə deyir?! Bilmədən sevirdim. Deyirdim ki, "ana, sən hardan bilirsən ki, Flora xanım yaxşı insandır?". Bu hadisədən sonra o söhbəti açıb mənə dedi. Mən 10 yaşımda bilmişəm ki, Flora xanım həkimim olub. Bunu anam heç vaxt danışmayıb, deməyib. Bəlkə də anam fikirləşib ki, bu haqda danışması Flora xanıma xoş olmaz. Birinci o məni görüb, o mənimlə tanış olub. Biz sonra İsrailə köçdük. Anam Bakıdan gələndə onu hava limanında qarşılamağa getmişdim. Anam dedi ki, təyyarədə Flora xanım da var idi. O İsrailə konsert verməyə gəlmişdi. Anama dedim ki, gözləyək, təyyarədən ensin, onu görüm. Çox sevindim, çox da qəhərləndim. Anam icazə vermədi, dedi ki, "mən heç özüm də ona təyyarədə yaxınlaşıb narahat etmək istəmədim". Biz çıxıb getdik. Amma ürəyimdə qaldı. İllər keçəndən sonra biz görüşdük. Flora xanım dedi ki, "kaş gələrdiniz, görüşərdik". Bəlkə də 5-6 saat söhbətimiz oldu. Bu görüş mənim arzum idi. Bir neçə ay bundan əvvəl Flora xanım yenə də İsrailə gəlmişdi. Biz görüşdük, inanın ki, o bir saniyə də olsun mənim əlimi buraxmırdı. Allah ona can sağlığı versin. Flora xanımın həyatımda olmağı mənim üçün böyük şans, hədiyyədir. Nigar xanım Flora xanım haqda bir sənədli film çəkib, mən də, anam da orada öz fikirlərimizi bölüşmüşük. Nə yaxşı ki, onun imzası Azərbaycan musiqi sənətində var" deyə Səidə xanım bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun