"O zamanlar hər kəs bizi qaçqın deyə göstərirdi, hətta efirdə..."

"O zamanlar hər kəs bizi qaçqın deyə göstərirdi, hətta efirdə..."

"Şuşanı tərk edəndə mənim 8 yaşım var idi. Biz Şuşadan sonuncu gün çıxanlardanıq. Uşaqların yaddaşı daha gözəl və təmiz olur, geri dönəndə rahatlıqla xatırladım, yolumuzu. Çox asan şəkildə evimizə getdim, yurdumuzu tapdım. Mən illər sonra Şuşaya həyat yoldaşımla getmişdim"
 
Bu sözləri Moderator.az- a açıqlamasında tanınmış ifaçı Xuraman Şuşalı bildirdi:
"Biz Şuşada olanda Xurşudbanu Natəvan haqqında film çəkilirdi. Ona görə mən orada hər kəsin birbaşa çəkilişə başı qarışanda yavaş- yavaş aradan çıxdım, parkda oturdum, uşaqlığımı, atalı-analı illərimi, xoşbəxt günlərimi xatırladım. Bu dəfə Şuşanı bir başqa yaşadıq. 
 
Şuşadan çıxanda 8 yaşım vardı 39 yaşında ora geri qayıtdım. Mənim bütün xoşbəxtliyim Şuşada qaldı. Çox şükür, mən naşükürlük eləmirəm, mən bu gün də xoşbəxtəm. Ancaq, uşaqlığım, analı-atalı illərim, xoşbəxt ailə tablom... Xuraman özü belə Şuşada qaldı. Şuşadan çıxanda mənim atam, anam yaralandı. 

Biz ailədə 3 uşağıq. Qardaşım qarmonda ifa edirdi, hətta ondan qabaq nağaraya da getmişdi, bizim evdə nağara da var idi. Bacım pionist idi. Mən də oxuyurdum. 5 yaşından bəri qonşularımıza konsert verirdim. Sonra isə "Niyazi" adlı musiqi məktəbində təhsil almışam Azərbaycan maralının ilk ifaçısı İsa müəllimlə. Bizim ailəmiz musiqiçi idi. Evimizdən hər zaman   musiqi səsi gəlirdi. İşə gedib gəldikdən sonra bacım keçirdi pianinonun arxasına, anam rəhmətlik nağaranı götürürdü, mən oxuyurdum, qardaşım qarmonla, babam da dirijorluq edirdi bizə. O xoşbəxtlik məndə 8 yaşına qədər oldu. Təəssüf ki, məcburi köçkünlük, didərginlik, düşmənlərimiz o xoşbəxtliyin hamısını əlimizdən aldı. Şuşadan gəldikdən sonra bacım dayımgildə ya xalamgildə qalırdı.  Hərəmiz bir xala, dayı, qohum evində qalsaq da ancaq, ailə olaraq bir yerdə qalmadıq. Atam xəstə olduğuna görə müalicələr alırdı. Xəstəxanada qalırdı. Anam müalicə alırdı, başından yaralanmışdı. Atam birinci qrup, anam isə ikinci qrup Qarabağ əlili idi. İsti ocağımız tam dağıldı. O ocaqdan heç bir şey qalmadı.

8 yaşında uşağı nə xoşbəxt edə bilər? Ata, ana və ailədə olan isti münasibət. Biz 8 yaşında evsiz qaldıq, gəldik, "obşitel"-ə yaşadıq. Şuşada evimiz var idi, 1 il sonra gəldik 13 kv-lıq otaqda  xəstə ana, ata, bacı, qardaş yaşamağa başladıq. O mehribançılıq getmişdi, başlarından aldıqları zədəyə görə nevroz olmuşdular, ehtiyac içində dolanırdıq. Bacımın 14, qardaşımın 16 yaşı var idi. Elə bir yaş dövrlərimizdə idik ki, həm parçalandıq, həm ailə olaraq maddiyatımız sıfırlandı. Bəzən insanlara asan gələ bilər, amma bunu ancaq yaşayanlar bilərlər ki, bu necə bir dönəmdir. Əslində, kədərli notlara çox toxunmaq istəmirəm, ancaq, biz ordan gələndə bizi qaçqın deyə göstərirdilər. "Kimsəne qaçqınsan da" deyirdilər. Hətta aparıcının özü də mənə dedi ki, Allah bağışlasın bizi.  Mənim üçün xoşbəxtlik valideynimin yanımda olmağı idi. Bu gün mən çox xoşbəxtəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun