Milli.Az tanınmış müğənni Elnarə Xəlilovanın moderator.az-a müsahibəsini təqdim edir:
- Elnarə xanım, 2023-cü ili necə yola saldınız?
- Öncə hər kəsi yeni 2024-cü il münasibəti ilə ürəkdən təbrik edirəm. 2023-cü ildə ümumilikdə hər şey yaxşı oldu. Hər pisə bir yaxşı cavabımız var.
- Bir tək küsülü həmkarlarınızla barışmadınız..
- Mən heç kimlə küsülü deyiləm. Allah şahidim olsun. Özləri küsür, özləri də barışır. Mənim xəbərim belə olmur. Çünki buna vaxtım yoxdur.
- Küsüb-barışmaqlarına bəs səbəb nədir?
- Mən axı haradan bilə bilərəm?! Özlərindən soruşmaq lazımdır. Ay bala, o şounun biznes əhli, nə istəyirsiniz bu Elnarədən? Nə vermisiniz, ala bilmirsiniz? Allah hamısına mənə verdiyi qədər gözü dolusu versin təki. O qədər versin ki, başları özlərinə qarışsın, mən yadlarına düşməyim (gülür).
- Əslində siz susduqca, danışanların sayı daha da artır. Bəlkə adlarını sadalayıb, soruşasınız ki, mənim sizlə nə problemim var?
- Adlarını sadalamaq onlar üçün şərəf olar. Məncə buna lüzum yoxdur.
- 2024-cü ildə hansı arzunuzu reallaşdırmaq istəyirsiniz?
- Bu il konsertlər ilidir. Bu arzumu reallaşdıracam.
- Bu gün dünyasını dəyişən sənətkarların arxasınca danışmaq dəb halını alıb. Ələxsus da İlhamə Quliyeva haqda danışırlar. Sizcə indi onun arxasınca danışanlar, sağlığında bu sözləri onun üzünə deyə bilərdilər?
- Allah İlhamə xanıma qəni-qəni rəhmət etsin. Bu gün onu xatırlamışam, video görüntülərini izləmişəm. İlhamə xanım sağ olsaydı efirdə kimin həddi idi ağzına gələni danışsın?! O dəqiqə hamısının təpəsini əzmişdi. Heyf ondan. Çox hökmlü qadın idi. Onun yerini heç kim doldura bilmədi. Sonuncu dəfə də rəhmətlik mənə dedi ki, "Elnarə, sən yaxşı və düz etdin ailə həyatı qurub, dünyaya övlad gətirdin". Çox böyük qadın idi.
- Mənə elə gəlir ki, sizə efir vasitəsilə söz atan insanlar ailəyə, övladlarınıza daha çox bağlı olduğunuza görədir. Çünki daha çox şou nümayəndələri ilə yox, ailənizlə vaxt keçirirsiniz. Siz belə düşünmürsünüz?
- Allah mənə verdiyindən onlara da versin. Gözləri doysun. Bəlkə onda nəfslərini üzərimdən çəkərlər.
- Bu sahədə məcburi dostluq olur? Olursa da yəqin ki, təmənna üzərində qurulur..
- Yəqin ki. Mənim dostum göydə Allahdır, yerdə ailəm. Vəssalam! Mənə Allah yetər. Başqa heç kimə ehtiyacım yoxdur.
- Hər vəchlə sizi təkləmək istəyirlər..
- Təklik Allaha məxsusdur. Tək niyə oluram ki? Sizin timsalınızda olan həmkarlarınız sağ olsunlar. Pisi yaxşıdan, düzü əyridən, ağı qaradan seçən xalq sağ olsun! Haqqımda danışanların cavabını elə tamaşaçılar özləri verir. Xalqın gözü tərəzidir. Mənim tamaşaçıların qarşısında alnım açıq, üzüm ağdır. Xalqa əxlaqsızlıq və ədəbsizliyi təbliğ edənlər utansın.
- Sizcə bu gün trenddə olan, səviyyəsiz mahnıları gündəmə gətirən həmkarlarınız niyə özlərini ulduz adlandırıb, "xalq bizi sevir" deyə xalqın adından danışırlar?
- Bunların hamısının yeganə günahkarı və səbəbkarı televiziyalardır.
- Siz də bir dönəm televiziyada çalışmısınız..
- Hər zaman da efirimə həftələrlə hazırlaşmışam. Nə qədər ki, hər yoldan ötən efirə çıxacaq, o özünə ulduz da deyəcək, xalqın onu sevməyindən də danışacaq.
- Qalmaqallı efirlərə dəvət alırsınız?
- Dəvət alıram, amma "formatınız mənə uyğun deyil" deyib imtina edirəm. Hər efirə getmirəm.
- Sizi çox vaxt xalq artisti Gülyanaq Məmmədova ilə müqayisə edirlər. Oxşar və fərqli cəhətləriniz nələrdir?
- Oxşar xüsusiyyətlərimiz 4 uşaq anası olmağımız və sənətsevərliyimizdir. Fərqli olan cəhətimiz isə onun daha çox milli və etnik, mənim isə dünya musiqisi ilə məşğul olmağımdır.
- Bir az da ailənizdən danışmağınızı istərdim. Həyat yoldaşınızla bir-birinizin telefonlarındakı mesajlara baxa bilirsiniz? (gülür).
- Əlbəttə. Hətta bütün günü telefonlarımız bir-birimizdə ola bilir (gülür).
- Ömrünüzün hansı illərini yenidən yaşamaq istərdiniz?
- Bu gündən sonra doya-doya yaşamaq istəyirəm. Problemsiz, dedi-qodusuz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun