“Adam deməyə söz tapmır. Ən böyük müğənnilərimizdən birini itirdik. Çox erkən getdi. Onun ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyata görə yaranıbsa, bəlkə də nahaq etdim, onu musiqiyə gətirdim”.
Bu sözləri OLAY-a açıqlamasında Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Əməkdar artist Aygün Bəylərlə vidada onun haqqında deyib. Bəstəkar çox kədərli olduğunu bildirib:
“İnsanın bu vəziyyətdə ağlına min cür fikir gəlir. Heyif oldu, yazıq oldu. Həm ona, həm bizə. Çox böyük layihələrimiz, planlarımız var idi. Bir qismini etmişdik, bir qismi qalmışdı. Bu xəstəlik elə bir şeydir ki, nəsə etmək olmur. Sadəcə dözmək lazımdır. Allah bizə də, ailəsinə də səbr versin. Aygünlə bağlı hər şey xatirədir. Elə original qız idi ki, hər addımı xatirə idi, kiməsə bənzəmirdi. Azad, ipə-sapa yatmayan insan idi. Ona görə də yaxşı oxuyurdu, sənəti də daxili azadlığından gəlirdi. Bu da başına bəla olurdu bəzən. Belə bir həyat yaşadı. Heç kimə tabe olmayan, öz həyatını yaşamaq istəyən, bir çox manelərlər rastlaşan ömür keçdi. On gün əvvəl konsertində oldum. Biz xəstə olduğunu bilirdik. Amma səhhətində problem olduğunu bilməyən adam bunu başa düşməzdi. Səhnədə çox mərd dayandı. Hərdən tərləyirdi. Biz bilirdik ki, ağrıları var. Çox tez oldu. Bu xəstəliklə uzun illər yaşayanlar olur. Bu xəsətliyin özü də müxtəlif olur. Mütəxəssis deyiləm. Lakin ölümü məni çox yandırdı”.