Azərbaycanın Əməkdar artisti Aygün Bəylər (Hümmətova) 3 gün öncə dəfn olundu.
Mərhumun Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılması isə müzakirəsiz ötüşmədi. Bəziləri onun Fəxri Xiyabanda dəfn edilməsinin daha düzgün olacağını, bunun haqsızlıq olduğunu iddia etdi.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Xalq artisti Rasim Balayev danışıb. Aktyor sənətkarın ölümündən təsirləndiyini bildirib. O, dəfn yerinin heç bir məna kəsb etmədiyi qənaətində olduğunu deyib:
"Aygün Bəylər dünyasını dəyişdi, Allah rəhmət eləsin. Onu Suraxanı qəbiristanlığında, Yasamal qəbiristanlığında, yoxsa Fəxri Xiyabanda dəfn etdilər nə fərqi var?! Bir dəfə bu mövzu müzakirə olunanda rəhmətlik Xalq artisti Eldəniz Zeynalov yarızarafatla çox gözəl cavab vermişdi. Demişdilər ki, filankəsi Qanlı gölün yaxınlığında dəfn ediblər, aktyor da cavab vermişdi ki, "Hə, oranın havası yaxşıdır".
Bütün bunlar mənasız söz-söhbətlərdir. Aygün Bəylərə heyf oldu, o gözəl sənətkar idi. Bu da Allahın yazısı idi, düzdür, adam pis olur ki, yaşı çox deyildi, amma nə etmək olar, hərənin bir taleyi, alın yazısı var. Aygün Bəylərin istedadı, özünəməxsus oxu tərzi vardı. O, şou-biznesdəki hər kəsdən fərqlənirdi. Allah ona rəhmət eləsin, harada dəfn olunmağının nə fərqi var. Əvvəldən sanki "qanun" qoyublar ki, məşhurlar mütləq birinci, ikinci Fəxri Xiyabanda dəfn edilməlidir. İslam dinində belə şey yoxdur. Hətta bizim qoydurduğumuz dəbdəbəli başdaşları, heykəllər, şəkillər də dinimizdə yoxdur. İslam dininə görə balaca bir daş qoyulmalıdır və bir nəsil keçəndən sonra qəbir yeri itməlidir. Qəbir zamanla itməlidir. İndi qəbirə kəhkəşanlar qoşurlar, böyük heykəllər ucaldırlar. Bunlar hamısı mənasız şeylərdir."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun