Hoqqa-şouların qırıq-qırıq etdiyi rekordlar və dəyərlər

Hoqqa-şouların qırıq-qırıq etdiyi rekordlar və dəyərlər

Milli.Az musavat.com-a istinadən Samir Sarının yazısını təqdim edir

Bu günlərdə şair Baba Vəziroğlu yazıçı Günel Natiqə verdiyi müsahibədə bir məşhur ifadəni təkrarlayaraq demişdi ki, televiziyanın üç funksiyası var: informasiya yaymaq, maarifləndirmək, əyləndirmək.

Bu dünyada belə qəbul olunub, amma başqa-başqa ölkələrə görə fərqlənir. Məsələn, hazırda elə dünya şöhrətli telekanallar var ki, yalnız hər saat başı informasiya yayırlar.

Elə ölkələr var ki, onun televiziyaları "maarifləndirmək" funksiyası altında eyzən hökuməti tərifləyirlər. Məsələn, Şimali Koreya telekanalı. Bu təbliğata qulaq asan xalq düşünür ki, dünyanın ən qüdrətli, ən firavan, ən azad ölkəsi KXDR-dir, ən xarizmatik, ən ağıllı, ən sevimli lider isə Kim Çen Indır. Ölkədə başqa danışan-göstərən teleradio yox, başqa cür yazan sayt-qəzet yox, xalqın internetə çıxışı yox, nə bilsinlər elə deyil, başqa cürdür.

Bir də elə ölkələr var ki, onların telekanalları əsasən üçüncü funksiyaya uyğun çalışırlar: əyləndirmək, əyləndirmək, əyləndirmək.

Buna etiraz etmək mümkün deyil, TV rəhbərliyi belə hesab edir, bu cür işləyir. Türkiyədə məşhur TV8 telekanalı var, sahibi Türkiyədə və Azərbaycanda yaxşı tanınan Acun Ilıcalıdır. Onun TV-si səhərdən axşama qədər əyləncə verilişləri verir, siyasətə qarışmır. Hamı da oturub baxır.

Belə televiziyaların analoqları dünyada çoxdur və hər cür əyləncəli verilişlər verirlər. Bəziləri çox biədəb realiti-şoular göstərirlər. Ola bilər, həmin ölkələrdə də belə verilişlərə görə "vaay, əxlaqsızlıq, pozğunluq baş alıb gedir, gənc nəslin gələcəyi necə olacaq" deyə haray-həşir salanlar, o cür telekanlların, ən azı elə verilişlərin bağlanmasını tələb edənlər var. Olmamış olmaz.

Amerika və Avropanın özündə belə mühafizəkar insanlar çoxdur və əhər zaman ədəb və əxlaq çərçivəsini düşünürlər. Məsələn, illər əvvəl biz bir qrup jurnalist ABŞ-da (Cənubi Karolina) olanda Gürcüstandan, Qazaxıstandan gəlmiş gənc tələbə qızları öz evlərində saxlayan himayədar ailələr vardı, iki saatdan çox çəkən ziyafət boyunca qızlardan bir metr aralanmadılar. Bizim qadən rəhbərimiz zarafata salıb, onlara "qızları sərbəst buraxın, bir az əylənsinlər" deyəndə ahıl amerikalı qadın ciddi sifətlə "Bizim Cəbiş müəllim" filmində korifey aktrisamız Nəsibə Zeynalovanın yaratdığı personajın dediyi sözü təkrarladı: "Əmanətdirlər".

Yəni dediyim odur ki, sərhədlərimizdən o tərəfdə, xüsusilə də Amerikada və Avropada əxlaqsızlığın baş alıb getdiyi barədə bizdəki təsəvvür xeyli yanlışdır. Bir neçə ölkə xaric pozğunluq, sapıqlıq, əxlaqsızlıq dünyanın heç yerində təqdir olunmur, təbliğ edilmir.

Bizdə isə, açığı, bəzi şeylər artıq əndazəsini aşmaqdadır və bu, ictimaiyyətdə, əsasən də aşınmaqda ailə dəyərlərinin sonrasını düşünən insanlarda narahatlıq doğurur. Çünki hər kəs evində oğlan və qız uşaqları böyüdür, heç kəs istəmir ki, onlar reklam olunan, get-gedə normaya çevrilən əxlaqsızlığın növbəti qurbanı olsunlar.

Yaxın günlərə qədər mən də deyirdim ki, televiziyanın pultu əlimizdədir, istəmiriksə, bir düyməni basmaqla o cür düşük, səviyyəsiz, dolayısı ilə əxlaqsızlığı təbliğ edən verilişlərə baxmayaq. Xeyri yoxdur. İllərlə televizora baxmayan (futboldan başqa) adamların belə o cür verillişlərdən qurtuluşu yoxdur, ən azı sosial şəbəkələrdə önlərinə çıxır. Noutbuku bağlayırsan, smartfonda görünür. Onu üzüüstə çevirirsən, yanındakının biri gəlir ki, sən canın, buna bax e, gör, nə hoqqa verirlər. (Bu da yeni sözdür, əvvəl "hoqqa çıxarırlar" deyərdilər, indi "verirlər" deyirlər).

Baxırsan ki, bəli, biri studiyada dar reytuz geymiş bir qızı (bəlkə də kəbinli arvadını) üfiqi vəziyyətdə qucağına alıb pudluq daş kimi qaldırıb endirir, məşq edir. Operator da "pudluq daş"ın ölçülərini iri planda göstərir. İndi guya bunlar şou yaradırlar.

Yaxud o gün iki gənc qadın müğənniyə studiyada erotik ərəb rəqsi oynadıblar. Onlar da, maşallah, türkün sözü, yılların dansözü kimi qıvrılırlar. Nə ehtiyac var? Bunun nəyi maraqlıdır? Amma neynirsən, belə epizodlar reytinq rekordlarını qırıq-qırıq, hətta cırıq-cırıq edir. Burada qırılan təkcə reytinq rekordları deyil, həm də mənəvi dəyərlərdir.

Bir də görürsən, studiyada fəlsəfi söhbətlər gedir, qonaq sənətçilər bir-birinə söz soxurlar, kimləri kimlərin saxladığını bildiklərini bəyan edirlər.

Müğənni qadınların bir çoxunun bahalı evlərinin, lüks maşınlarının, getdikləri xarici tətillərin, xərclədikləri pulların mənbəyi ilə bağlı süjetlər, söhbətlər havada uşuşur. Yeniyetmələr də baxır və düşünürlər ki, həyat budur, yaxşı yaşamağın yolu heç də yaxşı təhsil alıb karyera qurmaqdan keçmir, gözəgəlimli olmaq, səhnəyə çıxıb oxumaq, sonra pullu bir aşna tapmaq kifayətdir.

Bu fikir artıq on minlərlə gənc qızın şüuruna hakim kəsilib. On minlərlə gənc 20 ildən bəri adı hər cür əxlaqsızlıqda çəkilən sənətçi qadınla evlənməyə, daha dəqiqi, onun var-dövlətindən, şöhrətindən yararlanmaq üçün onunla nikaha girməyə hazırdır.

Bax, insanları narahat edən gerçəklik budur. Ona görə də onlar əyləncə verilişlərinin əndazəni aşmalarına, gənclərin tərbiyəsinə, düşüncəsinə mənfi təsir etməsinə qıcıq olurlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun