20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

20 Yanvar - Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Azərbaycan gəncliyi üçün əsl Vətən sevgisinin, azadlıq eşqinin, əzmkar mübarizənin nümunəsi olan 20 Yanvar hadisələrinin öyrənilməsi və təbliği məqsədilə hazırlanan virtual kitab sərgisində ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan həmin günlərdə yaşanan hadisələrdən, xalqın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucalmasından bəhs edilir.

Materialda Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələri zamanı Vətəndən kənarda olmasına baxmayaraq, öz xalqının səsinə hər kəsdən əvvəl səs verməsindən, baş verənlərin geniş auditoriyaya çatdırılmasında göstərdiyi cəsarətli tədbirlərdən, hadisələrə siyasi-hüquqi qiymətin verilməsi və beynəlxalq aləmə çatdırılması yönümündə atdığı addımlardan bəhs olunur.

Virtual kitab sərgisində xarici mətbuat səhifələrində 20 Yanvar hadisələri ilə bağlı verilən məqalələrdən sitatlar, faktlar, fotogörüntülər də təqdim edilir. 20 Yanvar hadisələri zamanı azadlıq uğrunda canlarını fəda etmiş qəhrəman oğulların davamçılarının bu gün Zəfər tarixini yazması və xalqımıza qələbə sevinci yaşatması da qeyd olunur.


Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində “Şəhidlər”, “Qara Yanvar dialoqu”, “Ağla, qərənfil ağla”, “Bakı buxtası – 20 Yanvar”, “Sənin oxşarın bənövşədi” kimi 10-dan çox kitabın annotasiyası yer alır.


Kitabxanada “20 Yanvar Günü” adlı ənənəvi kitab sərgisi də təşkil edilmişdir. Sərgidə bu mövzuda olan kitablar, dövri mətbuat materialları, həmçinin kitabxana əməkdaşları tərəfindən hazırlanmış, özündə Azərbaycan, rus, ingilis dillərində 40-dan çox kitabların biblioqrafik təsvirini və annotasiyasını cəmləyən “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı biblioqrafiq icmal sərgilənməkdədir