Çingiz Abdullayevə görə ATV-yə İRAD

Çingiz Abdullayevə görə ATV-yə İRAD

Audiovizual Şura televiziya kanallarının birində aparıcının Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı səsləndirdiyi ifadələrə münasibət bildirib.

Milli.Az lent.az-a istinadən bildirir ki, şuranın Aparat rəhbəri Fazil Novruzov APA-nın sorğusuna cavab olaraq bildirib ki, "ATV" televiziya redaksiyasının (kanalının) efirində 13 noyabr 2023-cü il tarixində saat 07.30-10.00 arası yayımlanan "Xəbərin olsun" proqramı Şura tərəfindən monitorinq olunub:

"İlkin araşdırmaya əsasən proqram zamanı aparıcı tərəfindən səsləndirilən fikirlər (xalq yazıçısı Çingiz Abdullayevin kitablarına münasibətdə) "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.7-ci maddəsinin tələbinin (şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir) pozulması kimi qiymətləndirilə bilər. Lakin bu halın dəqiq müəyyən olunması məhkəmə predmeti olduğundan həmin proqramla bağlı müvafiq tədbirlərin tətbiq olunması Şuranın səlahiyyətləri xaricindədir.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ var.

Həmçinin bildiririk ki, bu hadisə ilə bağlı "Azad Azərbaycan" Müstəqil Tele-radio Kompaniyasına tərəfimizdən irad bildirilib və müvafiq tövsiyələr verilib".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun