Xalq artisti Aygün Kazımova hər zamankı kimi bu il də ənənəsinə sadiq qalıb.
OLAY yazır ki, sənətçi sevənlərinə sürpriz edərək, doğum gününündə “Sağ-salamat” adlı yeni klipini onların ixtiyarına verib.
Ekran həlli türkiyəli məşhur rejissor Selim Akara həvalə olunub. Bəstənin müəllifləri Yap10 (Zamiq Əliyev) və Saybudur (Səbuhi Məcnunlu).
Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekran işi üzərində 100 nəfərdən çox heyət çalışıb. Klipdə rəqqaslar, aktyorlar rol alıb.
Bir ay içində ikinci klipini təqdim edən müğənni ekran işində obrazdan obraza girib. Bir neçə geyimdə kamera qarşısına keçən ulduz üçün libaslar xüsusi hazırlanaraq xaricdən gətirilib. Kazımova əl işi olan taclarla görünüşünü tamamlayıb.
Çəkiliş zamanı pop ulduz bir çox çətin səhnələri oynayıb. Qədəh üzərində uzandığı görüntülərin lentə alınması isə ifaçıya çətin anlar yaşadıb.
Mahnı artıq bütün dijital platformalarında yayımlanıb.