İtaliyanın ictimai yayımçısı RAI Avropa Yayım Birliyinə (EBU) və Avstriyanın ictimai televiziya kanalı ORF-ə rəsmi müraciət edərək “Avroviziya-2026” mahnı müsabiqəsində Fələstinlə bağlı təklif irəli sürüb.
OLAY yazır ki, Vyanada fələstinli ifaçının yarışmadan kənar formatda səhnəyə çıxmasına icazə verilməsini istəyib.
RAI İdarə Heyətinin üç üzvü tərəfindən irəli sürülən bu təşəbbüs İsrailin müsabiqədə iştirakı ətrafında yaranmış ictimai müzakirələri “tarazlaşdırmaq” cəhdi kimi qiymətləndirilir.
Qeyd olunur ki, İsrailin iştirakı bir sıra ölkələrdə etirazlara və boykot çağırışlarına səbəb olub.
Müraciətdə vurğulanır ki, söhbət siyasi bəyanatdan deyil, mədəni təşəbbüsdən və vətəndaş məsuliyyətinin ifadəsindən gedir:
“İnklüzivlik və qardaşlıq dəyərlərini təcəssüm etdirən musiqinin mahiyyətini sarsıtmaq istəmiriksə, Fələstini “Avroviziya” səhnəsində qarşılamalıyıq”.
Bildirilir ki, bu çağırış Festival di Sanremo 2026 iştirakçısı Levantenin İsrailin müsabiqədə iştirakına etiraz olaraq milli seçimdə qalib gəlsə belə, İtaliyanı “Avroviziya”da təmsil etməkdən imtina edəcəyini açıqlamasından sonra səsləndirilib.
















