Zaur Tahirsoyun rejissorluğu ilə lentə alınan “Bö” filminin qalası baş tutub.
OLAY yazır ki, tədbir ötən gün “Park Cinema”da keçirilib.
Gecəyə yaradıcı və texniki heyətlə yanaşı bir çox məşhur da qatılıb. Qonaqlar sırasında Əməkdar artistlər Kübra Əliyeva, Vəfa Zeynalova, aktyor İslam Mehrəliyev və rejissor Kənan MM də yer alıb.
“İlin sonuna tələbə rejissorlarımızın işləri olacaq. Onlar da kinoteatrlarda təqdim olunacaq. Ortada bir sistem var. Həmin sistemlə sponsora ehtiyac olmadan film ərsəyə gətirilir. Yəni hansısa enerji içkisini əlində tutub onu tərifləmək məcburiyyətimiz qalmır. Bu da Azərbaycan kinosunun xilas yoludur. Film qorxulu komediya janrındadır. Lənkəranda lentə alınıb”.
Qeyd edək ki, ekran işində hadisələr Talış mifologiyasında geniş yayılan Alajen personajının ətrafında cərəyan edir.
Bir qrup gənc Alajendən bəhs edən qorxu filmi çəkmək qərarına gəlir. Çəkilişlər zamanı Alajenin mif deyil, həqiqət olduğunun şahidi olurlar. Hətta gənclər bu qorxulu personajla kinoda dostlaşırlar.
Xatırladaq ki, bu, Azərbaycan Film Akademiyasının kinoteatrlarda yayımlanan sayca 4-cü layihəsidir. Öncədən “Bakının Açarı”, “Həyat Nə Qəribəsən” və “Möcüzələr Akademiyası” filmi kinoteatrlarda nümayiş olunub.